www.science.az
25.11.2013 00:00

AMEA Yer Elmləri Bölməsinin növbəti iclası keçirildi

AMEA Geologiya İnstitutunda Yer Elmləri Bölməsinin(YEB) növbəti iclası keçirildi.

Büro üzvləri və institut direktorlarının iştirak etdiyi iclası giriş sözü ilə açan YEB-in akademik-katibi, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov gündəlikdə duran məsələlər barədə məlumat verdi. F.Qədirov AMEA-nın Direktorlar Şurasının noyabrın 12-də keçirilmiş iclasında AMEA-nın institut və təşkilatlarının illik hesabatlarının formatında dəyişikliklərin edilməsi, bölmələrin fəaliyyətinin gücləndirilməsi məqsədilə mütəmadi olaraq ümumi iclasların keçirilməsi, görüşlərdə müvafiq dövlət təşkilatlarından olan mütəxəssislərin iştirakı, aparılan elmi-tədqiqat işlərinin, əldə olunan innovativ nəticələrin həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırılması məsələlərinin müzakirə edildiyini qeyd etdi.

Rəyasət Heyətinin 20 noyabr tarixli iclasında akademiyanın 70 illik yubileyinə hazırlıqlarla bağlı tədbirlər planının müzakirə edildiyini söyləyən F.Qədirov elmi kadr hazırlığı üzrə dövlət proqramının qəbul edilməsi, akademiyanın nəzdində universitet və gənc istedadlar liseyinin yaradılması, innovasiya xarakterli elmi-tədqiqatlar üçün texnoparkın tikintisi, “Alimlər şəhərciyi”nin salınması və digər məsələlərin tədbirlər planında öz əksini tapdığını bildirdi. O qeyd etdi ki, Azərbaycan alimlərinin I qurulta¬yının keçirilməsi, qurultayın internet saytının hazırlanması, “Azərbaycan alimləri” adlı bələdçi kitabın nəşr edilməsi, AMEA alimlərinin nailiyyətlərinə həsr olunmuş sərginin keçirilməsi də planlaşdırılır.

F.Qədirov bildirdi ki, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən “Gənclər üçün Prezident Mükafatı”na namizədliyi irəli sürülən 8 gənc alimin siyahısı dekabrın 1-dək AR Gənclər və İdman Nazirliyinə təqdim ediləcək.

Tədbirdə, həmçinin AR Dövlət Neft Şirkətinin Elm Fondunun qrant layihələrinin yerinə yetirilməsi vəziyyəti müzakirə edildi.

Daha sonra g.-m.e.d. Tələt Kəngərlinin “Cənub-Şərqi Qafqazın üstəgəlməaltı zonaları: tektono-geodinamik, litoloji-fasial, geokimyəvi meyarlar, hövzə modeli və neftlilik perspektivlərinin qiymətləndirilməsi” və AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, g.-m.e.d. Qurban Yetirmişlinin “Mobil seysmik stansiyalar vasitəsi ilə passiv seysmik monitorinqin neft-qaz yataqlarının məhsuldar qatlarında hidravlik çatların yaranması və inkişafına nəzarətdə istifadəsi” mövzusunda məruzələri dinlənildi.

Məruzələr ətrafında AMEA-nın müxbir üzvləri Arif Quliyev, Kərim Kərimov, Hətəm Quliyev, Qərib Cəlalov, Zöhhak Abbasov və başqaları suallarla çıxış etdilər, fikir mübadiləsi aparıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.