Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Professor Məmmədkərim Quliyevin 80 illik yubileyi qeyd edilib
10.02.2015 00:00
  • A-
  • A
  • A+

Professor Məmmədkərim Quliyevin 80 illik yubileyi qeyd edilib

AMEA İdarəetmə Sistemləri İnstitutunda bu elmi müəssisənin Texniki obyektlərin modelləşdirilməsi laboratoriyasının müdiri, Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, SSRİ ixtiraçısı, akademik Yusif Məmmədəliyev mükafatı laureatı, professor Məmmədkərim Quliyevin 80 illik yubileyinə həsr edilmiş Elmi şuranın növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Telman Əliyev Məmmədkərim Quliyevin həyat və zəngin fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, alim proseslərin modelləşdirilməsi sahəsinə bir sıra yeni anlayışlar gətirmişdir. Onun təklif etdiyi ideyalar əsasında riyazi fizikanın mürəkkəb tənliklərini həll etməyə imkan verən SİVS modelləşdirici qurğu yaradılmış və həmin qurğunun ayrı-ayrı hissələrinə müəlliflik şəhadətnamələri alınmışdır.

T.Əliyev qeyd edib ki, Məmmədkərim Quliyev respublikada modelləşdirmə nəzəriyyəsi üzrə 1970-ci ildə çap edilmiş “Fiziki sahə və sistemlərin modelləşdirilməsinə dair” ilk monoqrafiyanın müəllifidir. Onun “Qeyri-stasionar proseslərin modelləşdirilməsi”, “Analoq modelləşdirmə və onun tətbiqi” monoqrafiyaları elmi nəşrlər sırasında öz layiqli yerini tutmuşdur.

Bildirilib ki, M.Quliyev 1993-cü ildə akad. Y.Məmmədəliyev mükafatı Laureatı adına layiq görülmüşdür. 1994-cü ildə Beynəlxalq Mühəndislik Akademiyasına “İnformasiya sistemləri, hesablama və elektron texnikası, rabitə və telekommunikasiya” ixtisası üzrə müxbir üzv, 2002-ci ildə isə həqiqi üzv seçilmişdir. 2002-ci ildə “SSRİ ixtiraçısı” nişanı ilə təltif edilmişdir.

Yubilyarla bağlı xatirələrini danışan institut direktoru M.Quliyevin bütün mənalı ömrünü elmə həsr etdiyini, elmin digər istiqamətləri və incəsənətin bir çox sahələrinə yaxından bələd olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən institutun ümumi işlər üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rauf Qədimov, Fazi iqtisadiyyat laboratoriyasının rəhbəri, professor Qorxmaz İmanov, Xarici əlaqələr üzrə və İnnovasiya şöbəsinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev, Determenik sistemlərdə qərarqəbuletmənin ədədi üsulları laboratoriyasının rəhbəri, professor Kamil Ayda-zadə və başqaları M.Quliyevi təkcə böyük alim deyil, həm də böyük insan kimi xarakterizə ediblər.

Sonda çıxış edən M.Quliyev ona göstərilən diqqətə, ünvanına səslənən təbriklərə görə tədbirin təşkilatçıları və iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: