Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.02.2015 00:00
  • A-
  • A
  • A+

Ermənilərin azərbaycanlılara qarşı tarixi cinayətindən 110 il ötür

Ermənilərin azərbaycanlılara qarşı tarixi cinayətindən 110 il ötür

Fevralın 9-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində bu elmi qurumun və www.1905.az portalının birgə təşkilatçılığı ilə ermənilərin 1905-ci ildə Bakı şəhərində törətdikləri soyqırımın 110-cu ildönümünə həsr olunmuş “Dəyirmi masa” keçirildi.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Vəlixanlı soyqırımınn mahiyyətindən danışdı. Bildirdi ki, 110 il əvvəl 1905-ci il fevralın 6-9-da erməni silahlı dəstələri tərəfindən Bakı şəhərində qırğın törədilmişdir. Sonrakı mərhələdə Cənubi Qafqazın bir çox şəhərlərinə yayılmış və 1905-1906-cı illəri əhatə edən bu qırğınlar böyük tələfat və dağıntılara səbəb olmuşdur.

N.Vəlixanlı qeyd etdi ki, tədbirin Milli Azərbaycan Tarixi Muzeyində keçirilməsi də simvolikdir. Çünki həmin hadisələrlə bağlı barışıq missiyasının iclası məhz bu binada, Hacı Zeynalabdin Tağıyevin mülkündə baş tutmuşdur.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında qeyd olunur: “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi”.

Sonra çıxış edən “1905.az” portalının direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev portal haqqında ətraflı məlumat verdi. O, tarixi həqiqətlərin geniş auditoriyaya çatdırılması baxımından “1905.az” portalının mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırdı. F.Babayev qeyd etdi ki, portal ermənilərin Azərbaycana gəlişi, onların azərbaycanlılara qarşı törətdikləri soyqırımları, deportasiyalar, Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında internet-resursdur. 12 dildə fəaliyyət göstərən portalda mövzuya uyğun kitablar, müsahibələr, məqalələr, şahidlərin ifadələri, fotolar və digər materiallar təqdim olunur. “1905.az” portalı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının ermənilərin azərbaycanlılara qarşı başladıqları soyqırımı siyasətinin 110 illiyi ilə bağlı layihəsinin tərkib hissəsidir.

“Dəyirmi masa”da çıxış edən muzeyin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov, tarix üzrə elmlər doktoru Kərim Şükürov və başqaları 1905-ci il hadisələrini ermənilər tərəfindən soydaşlarımıza qarşı törədilən soyqırımı siyasətinin tərkib hissəsi kimi dəyərləndirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: