Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Ulu öndər Heydər Əliyevin dövlət idarəçilik irsi və gənclər siyasəti
10.05.2021 14:22
  • A-
  • A
  • A+

Ulu öndər Heydər Əliyevin dövlət idarəçilik irsi və gənclər siyasəti

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev istər keçmiş sovet dövründə, istərsə də 1993-cü ildən sonra ölkəmizin siyasi, iqtisadi, mədəni inkişafı istiqamətində mühüm addımlar atıb, Azərbaycanın ən yüksək zirvələri fəth etməsinə şərait yaradıb. Ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarının elmi-nəzəri əsasları təkcə bu gün üçün deyil, gələcək üçün də çox əhəmiyyətlidir. İllər keçdikcə biz bunu daha aydın görür və dərk edirik. Heydər Əliyevin idarəçilik məharəti, çox zəngin təcrübə məktəbi tükənməz bir xəzinədir. Ulu öndər Heydər Əliyev özünün çox böyük təşkilatçılıq məharəti və çoxcəhətli səmərəli fəaliyyəti ilə idarəçilik elmini təkcə əməli cəhətdən deyil, həmçinin nəzəri baxımdan da zənginləşdirmişdir.

Dahi lider hakimiyyətə gəldikdə qarşısında hələ bu vaxtacan onun sələflərinin heç birinin cəsarət edə bilmədiyi misli görünməmiş vəzifələr dururdu - respublikanın iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, onu qüdrətli dövlətin xammal istehlakçılarından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirmək, monokultura xarakteri ilə fərqlənən kənd təsərrüfatını qaldırmaq, Bakının dünyanın ən gözəl və abad şəhəri kimi simasını özünə qaytarmaq, Azərbaycan kəndini dirçəltmək, əhalinin sosial, mədəni və təhsil səviyyəsini qaldırmaq, onun xaricdə yaşayan həmvətənlərlə əlaqəsini möhkəmləndirmək.

Azərbaycan ötən 20 ildə çox böyük inkişaf yolu keçib və nailiyyətləri dünya ölkələri tərəfindən yüksək qiymətləndirilir. Dövlətimiz dünyanın qabaqcıl dəyərlərini mənimsəyib və bu gün kifayət qədər gücə, nüfuza malikdir.

Ümummilli lider Heydər Əliyev hər bir sahəyə xüsusi diqqət və qayğı ilə yanaşdığı kimi, gənclər sahəsinə də, gənclərin parlaq gələcəyi naminə onlara xüsusi diqqət, qayğı ilə yanaşıb. Dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Yeni nəslin inkişafının əsas vasitəsi gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşşəbbüsü irəli sürülmüşdir.

Azərbaycan gəncliyi deyəndə, istər sovet dövründə, istərsə də müstəqillik dönəmində bunu ulu öndər Heydər Əliyevsiz təsəvvür etmək olmaz. 1997-ci il fevralın 1-də Azərbaycan Gənclərinin Forumunun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında Sərəncam imzalamışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Azərbaycan Gənclərinin II Forumu 1999-cu ildə, III Forumu 13 oktyabr 2003-cü ildə, IV Forumu isə 2005-ci ildə keçirilib.

Bu gün ölkəmizin uğurlu gələcəyi üçün Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlət siyasətinə dəstək olurlar.

Fərid MUSTAFAYEV, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: