www.science.az
27.11.2013 00:00

AMEA Kimya Elmləri Bölməsinin növbəti Büro iclası keçirildi

AMEA Rəyasət Heyətində AMEA Kimya Elmləri Bölməsinin (KEB) növbəti Büro iclası keçirildi.

Büro üzvləri və institut direktorlarının iştirak etdiyi iclası giriş sözü ilə açan KEB-in akademik-katibi, AMEA-nın müxbir üzvü Dilqəm Tağıyev gündəlikdə duran məsələlər barədə məlumat verdi.

AMEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü ildə keçirilmiş iclasında Gənc alim və mütəxəssislər şurasının yaradılmasına dair qəbul olunmuş qərar haqqında məlumat verən D.Tağıyev Azərbaycanda müasir dövrün əsas aparıcı qüvvəsi olan gənclərin elmə cəlb edilməsi prosesinin uğurla həyata keçirildiyini, gənc alim və tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərildiyini qeyd etdi.

Sonra KEB institutularında yeni təsis olunmuş Gənc alim və mütəxəssislər şurasına seçilmiş sədrlər bölmə tərəfindən təsdiq olundu.

D.Tağıyev bildirdi ki, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən “Gənclər üçün Prezident Mükafatı”na namizədliyi irəli sürülən 8 gənc alimin siyahısı dekabrın 1-dək AR Gənclər və İdman Nazirliyinə təqdim ediləcək.

İclasda AMEA Neft-Kimya Prosesləri və Aşqarlar Kimyası institutlarındaqrantlara əsasən görülən işlər, Polimer Materialları İnstitutunun elmi işlər üzrə direktor müavini, k.ü.e.d. Valeh Cəfərovun 70 illik yubileyinin qeyd olunması məsələləri müzakirə edildi.

Tədbirdə AMEA-nın müxbir üzvü Vaqif Abbasov “Metalsaxlayan nanostrukturlu katalizatorların iştirakı ilə sintetik neft turşularının alınması və onların əsasında yeni korroziya inhibitorlarının yaradılması” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, təqdim olunan layihənin əsas məqsədi naften əsaslı Bakı neftlərinin dizel fraksiyasından ayrılmış naften-izoparafin karbohidrogenlərindən nanostrukturlu maddələrin tətbiqi ilə katalitik oksidləşmə yolu ilə yüksək çıxımla SNT-nin sintezi və sintez olunmuş SNT və müxtəlif etilenaminlərdən alınan imidazolinlər əsasında yüksək effektli korroziya inhibitorlarının yaradılmasıdır. Naften əsaslı Bakı neftlərinin dizel fraksiyasından aromatiksizləşmə və parafinsizləşmə yolu ilə naften-izoparafin konsentratının ayrılması, struktur-qrup tərkibinin öyrənilməsi, alınmış SNT və DETA, PEPA əsasında imidazolinlərin sintezi haqqında məlumat verən alim ilk dəfə polimer tipli nanoölçülü təbii montmorillonit əsasında ditiofosfatlaşdırılmış manqan saxlayan birləşmələrin sintez olunduğunu, onların fiziki-kimyəvi quruluşlarının tədqiq edildiyini bildirdi.

V.Abbasov qeyd etdi ki, ilk dəfə ağır piroliz əqetranı sasında piroliz üsulu ilə Fe-Ni saxlayan qarışıq nanoquruluşlu birləşmələr sintez olunmuş, X-Ray, flüoressent, rentgen və differensial termiki analizlərin vasitəsilə fiziki-kimyəvi quruluşları tədqiq edilmişdir.

Sonra akademik Vaqif Fərzəliyevin “Neft və ağır metallarla çirklənmiş torpaqların təmizlənməsi” mövzusunda məruzəsi dinlənildi. Neftin hasilatı, neft məhsullarının istehsalı, nəqli və saxlanmasının ətraf mühitin neftlə və ağır metallarla çirklənməsinə şərait yaratdığını söyləyən alim Azərbaycanda həyata keçirilən neft layihələrinin ekoloji vəziyyətin pisləşməsi potensialını artırdığını bildirdi. O qeyd etdi ki, torpağın çirklənməsi və deqradasiyası problemi ən çox Abşeron yarımadasında müşahidə olunur. Çirklənmiş torpaqların ümumi ərazisi - 35 min ha, güclü çirklənməyə məruz qalmış torpaqlar -15 min ha-dır.

V.Fərzəliyev layihənin məqsədinin nefti parçalayan mikroorqanizmlər assosiasiyası və metal ionlarını akkumulyasiya etməyə qadir bitki kompleksindən istifadə edərək regionun torpaq-iqlim xüsusiyyətlərini nəzərə almaqla neft və ağır metallarla çirklənmiş torpaqların təmizlənmə üsullarının işlənib hazırlanması olduğunu vurğuladı. Neft və ağır metallarla çirklənmələrin nəticəsində bir çox məhsuldar torpaqların dövriyyədən çıxdığını, onların bioloji fəallığının azaldığını, erroziya proseslərinin yarandığını və ya inkişaf etdiyini söyləyən akademik təmizləmə üsulu kimi bitkilər və mikroorqanizmlərdən birgə istifadəyə əsaslanan fitobioremediasiyanın seçildiyini bildirdi.

Qeyd etdi ki, Abşeron yarımadasında yerləşən Buzovna-Maştağa və Qala sahələrindən neft və ağır metallarla çirklənmiş torpaq nümunələri götürülmüş və onların fiziki-kimyəvi və mikrobioloji xassələri təyin edilmişdir.

V.Fərzəliyev bildirdi ki, eksperiment ərzində (30 gün) fitoremediasiya prosesi üçün münasib olan yoxlanılmış bir sıra dənli bitkilərdən qarğıdalı və günəbaxan seçilmişdir. Laboratoriya şəraitində aparılmış tədqiqatlar nəticəsində Qala və Buzovna yataqları torpaqlarının neft çirklənmələrindən effektiv təmizlənməsi üçün bitki və mikroorqanizmdən ibarət rasional kompleks təklif olunmuşdur.

Akademiklər Məhərrəm Məmmədyarov, Ağadadaş Əliyev, AMEA-nın müxbir üzvü Abasqulu Quliyev və başqaları məruzələr ətrafında aparılan müzakirələrdə iştirak etdilər.

Sonda bir sıra kadr məsələlərinə də baxıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.