www.science.az
06.02.2015 00:00

AMEA Yer Elmləri Bölməsinin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti təqdim olundu

Bu gün AMEA Rəyasət Heyətinin iclasında Yer Elmləri Bölməsinin (YEB) 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti təqdim olundu. Bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov çıxış edərək bildirdi ki, hesabat ilində elmi-tədqiqat işlərinin planına həm fundamental, həm də tətbiqi xarakterli elmi-texniki tədqiqatlar daxil edilmişdir. Bölmənin elmi istiqamətləri üzrə 14 problemə aid 36 mövzu üzrə 58 tədqiqat işi aparılmış, 1 mövzu, 22 iş tamamlanmışdır.

Hesabat ilində YEB müəssisələri Respublika Prezidenti tərəfindən təsdiq edilmiş və bölmənin elmi və texnoloji potensialının istifadəsini nəzərdə tutan bir sıra Dövlət Proqramlarına daxil olan tədbirləri icra etmişlər.

Bölmə əməkdaşları 3 monoqrafiya, 2-si xaricdə olmaqla 5 kitab, 16 dərslik və elmi-kütləvi nəşrlər dərc etdirmiş, 18 dissertasiya işini müdafiə etmiş, 5 işi isə müdafiəyə hazırlamışdır.

2014-cü ildə alimlərimizin nəşr etdirdiyi məqalələrdən 45-i impakt faktorlu jurnallarda nəşr olunmuşdur. Bölmə əməkdaşlarının əsərlərinə 437 istinad olunmuş, həmçinin 25 qrant layihəsi üzrə işlər icra olunmuşdur.

2014-cü ildə bölmənin beynəlxalq əlaqələri əsasən, ayrı-ayrı əməkdaşların beynəlxalq təşkilatlar, xarici ölkələrin tanınmış elmi tədqiqat, ali təhsil qurumları, şirkətlər, fondlar və s. ilə imzalanmış müqavilələr, konfrans və seminarların təşkili, nəşr fəaliyyəti, səfərlər, sərgilər və s. tədbirlər çərçivəsində reallaşmışdır. Bölmənin 3 alimi xarici Beynəlxalq Akademiyalara üzv seçilmişdir. Bölmənin gənc alimləri bir sıra nüfuzlu beynəlxalq konfranslarda, forumlarda elmi məruzələrlə çıxış etmişlər.

Məruzəçinin sözlərinə görə, YEB qarşısında duran əsas məsələ elmi tədqiqatların keyfiyyətini dünya standartları səviyyəsinə çatdırmaqdan ibarətdir. Bu istiqamətdə elmi-təşkilati strukturların təkmilləşdirilməsi, kadr hazırlığı, müsabiqə əsasında tədqiqatlara maliyə ayrılması, beynəlxalq əlaqələrin genişlənməsi, akademik laboratoriyaların ən müasir cihazlarla təchiz olunması və fənlərarası tədqiqatların aparılması mühüm amillərdəndir.

F.Qədirov 2014-cü ildə əldə olunan nailiyyətlərlə yanaşı, çatışmazlıqlar və həll olunmamış problemlərdən da danışdı. Şəki Regional Elmi Mərkəzində Yerin fiziki sahələrinin məkan-zaman dəyişmələrinin öyrənilməsi və tibbi geologiyanın inkişaf etdirilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırdı.

AMEA Rəyasət Heyətinin qərarına əsasən, Yer Elmləri Bölməsinin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat təsdiq edildi. Bölmənin fəaliyyəti ilə əlaqədar qərarların icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.