Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Muzeydə Əhmədiyyə Cəbrayılova həsr olunan tədbir keçirilib
07.05.2021 10:15
  • A-
  • A
  • A+

Muzeydə Əhmədiyyə Cəbrayılova həsr olunan tədbir keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi və Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə  II Dünya müharibəsi dövründə Avropada antifaşist hərəkatının fəal iştirakçısı, Fransada partizan hərəkatının qəhrəmanı Əhmədiyyə Mikayıl oğlu Cəbrayılova (1920–1994) həsr olunan tədbir keçirilib.

Tədbir muzeyin Beynəlxalq əlaqələr şöbəsinin elmi işçisi t.ü.f.d. Fuad Ağayevin aparıcılığı ilə baş tutub. 

Toplantıda Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılov, Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinin müşaviri Yeronin İqor Petroviç, Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri Zinnurov İrek Xaydaroviç, həmçinin tədbirə Moskva şəhərində yerləşən “Qələbə Muzeyi”nin elmi-metodik şöbəsinin müdiri, tarix elmləri doktoru Davidov Stanislav Qennadiyeviç, tədqiqatçılar və KİV nümayəndələri iştirak ediblər.

Öncə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri müəssisənin baş direktoru, akademik Nailə Vəlixanlı açaraq, gələn qonaqları salamlayıb. N.Vəlixanlı qeyd edib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2020-cil əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd olunması barədə Sərəncamına dair silsilə tədbirlər planı çərçivəsində keçirilir.

İkinci Dünya müharibəsi dövründə partizan hərəkatında göstərdiyi misilsiz şücaətindən danışan akademik qeyd edib ki, muzeyin fondlarında Ə.Cəbrayılova məxsus eksponatlar qorunur və nümayiş etdirilir.

Böyük Vətən müharibəsində azərbaycanlıların qəhrəmanlığından danışan Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinin müşaviri İqor Yeronin əfsanəvi partizan Əhmədiyyə Cəbrayılova həsr olunmuş tədbirlərin bütün dünyada təntənəli şəkildə qeyd edildiyini bildirib.

Tədbirə “Zoom” platforması vasitəsilə qoşulan Moskva şəhərində yerləşən “Qələbə Muzeyi”nin elmi-metodik şöbəsinin müdiri, tarix elmləri doktoru Stanislav Davidov «Азербайджан и азербайджанцы в экспозиции “Подвиг народа” Центрального музея Великой Отечественной войны 1941–1945 гг” (“Böyük Vətən müharibəsi 1941-1945-ci illər” mərkəzi muzeyinin “Xalqların igidliyi” ekspozisiyasında Azərbaycan və azərbaycanlılar) mövzusunda çıxış edib.

Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d., dos., Səbuhi Əhmədov “Новые факты биографии Ахмедии Джабраилова в свете исследования материалов архива СГБ Азербайджана” ("Azərbaycan DTX arxivinin tədqiqi nəticəsində müəyyən olunmuş Əhmədiyyə Cəbrayılovun bioqrafiyasının yeni faktları") mövsuzunda çıxış edərək, tədbir iştirakçılarının diqqətinə Əhmədiyyə Cəbrayılovla bağlı yeni faktları çatdırıb. Tədqiqatçı alim qeyd edib ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin arxivlərində qorunan orijinal tarixi materiallar Əhmədiyyə Cəbrayılov haqqında yanlış məlumat yaymaq cəhdlərini təkzib edir. Belə ki, S.Əhmədovun təqdim etdiyi slaydlarda əks olunan tarixi faktlara əsaslanaraq qeyd olunub ki, fransız partizanlar həmyerlimizin misilsiz cəsarətini yüksək qiymətləndiriblər.

Daha sonra Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılov Milli Azərbaycan Tarixi Muzeyinə və Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbərliyinə tədbirin təşkili üçün təşəkkürünü bildirib, atası haqqında, atasının cəbhə yoldaşlarının onun qəhrəmanlıqları haqqında söylədikləri xatirələrdən danışıb.

Sonda tədbir iştirakçıları Əhmədiyyə Cəbrayılovun həyat və döyüş yolundan bəhs edən sərgiyə baxış keçirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: