www.science.az
05.02.2015 00:00

AMEA Rəyasət Heyəti Aparatının II Xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirildi

AMEA Rəyasət Heyəti Aparatının II Xüsusi Şöbəsində«Azərbaycan Respublikasında əhalinin mülki müdafiəyə hazırlanması haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli qərarına əsasən növbəti seminar-məşğələ keçirildi. 

Məşğələ mərhum Azərbaycan riyaziyyatçısı, AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyevin ruhuna ehtiram əlaməti olaraq əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. 

AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki müdafiə qərargah rəislərinin iştirak etdiyi tədbiri giriş sözü ilə II xüsusi şöbəsinin rəisi Eldar Quliyev açaraq akademik Akif Hacıyevin ölümünü Azərbaycan riyaziyyat elmi üçün böyük itki kimi qiymətləndirdi: “Akif müəllim gənc yaşından elmə maraq göstərib, bütün ömrünü Azərbaycanda riyaziyyat elminin inkişafına həsr edib. Onun əldə etdiyi elmi uğurları yalnız Azərbaycan elmində yox, həm də dünya elmində də böyük maraqla qarşılanıb. Biz bu gün kədər içində olsaq da, fəxr edirik ki, Akif Hacıyevlə uzun illər çiyin-çiyinə çalışmışıq. Ona Allahdan rəhmət diləyirik!” 

Daha sonra Eldar Quliyev gündəlikdə duran məsələlər barədə məlumat verdi. Bildirdi ki, Azərbaycan Milli Elmlər Akademiyasının Mülki Müdafiə (MM) tədbirlər planına və AMEA-nın ötən il 24 dekabr tarixində “2014-cü ildə AMEA-da MM hazırlığının yekunları və 2015-ci il üçün təşkilati göstərişlər” haqqında Sərəncamına uyğun olaraq MM üzrə tədris ili 2015-ci il yanvar ayının 5-dən noyabr ayının 30-a kimi təsdiq edilib. MM tədris ilinin mütəşəkkil surətdə təşkili və təhsilin lazımi qaydada başlanmasını təmin etmək məqsədi ilə hər il olduğu kimi, bu il də Rəhbər heyətinin MM məşqlərinin proqramı təşkil olunub. Qeyd etdi ki, 2015-ci il tədbirlər planına uyğun olaraq AMEA-nın elmi müəssisə və təşkilatlarında MM məşqlərinin daha da mükəmməl və təkmilləşdirilmiş şəkildə keçirilməsi üçün bugünkü seminarın çox böyük əhəmiyyəti vardır. Bundan başqa, fövqəladə hallarda əməkdaşların və obyektlərin müdafiəsi üçün MM tədbirlərinin işlənib hazırlanması, planlaşdırılması, onların günün tələblərinə uyğun olaraq yerinə yetirilməsi, obyektlərdə rəhbər, komandir-rəis heyətinin hərbiləşdirilməmiş MM dəstələrinin fəaliyyətini və hərbiləşdirilməmiş MM dəstələrinə daxil olmayan bütün əməkdaşlara fövqəladə hadisələr zamanı davranış qaydalarının öyrədilməsi məqsədini daşıyır. 

Sonra II Xüsusi şöbəsinin baş mütəxəssisi Əlimərdan Məhəmmədov Rəhbər Heyətinin MM məşqlərinin təşkili və həyata keçirilməsi qaydalarını nəzərə çatdırdı. O da öz növbəsində MM sahəsində olan vasitələr, əmlakın saxlanılmasına diqqətin yönəldilməsi, ümumi təyinatlı hərbiləşdirilməmiş dəstələrin direktiv sənədlərə uyğun yaradılması metodikası, dəstələrin MM hazırlığı proqramına uyğun olaraq həyata keçirilməsi, onların fərdi mühafizə vasitələri ilə təminatı və həmin vasitələrin istifadə olunması qaydaları barədə məlumat verdi. 

Ə.Məhəmmədov eyni zamanda ehtimal olunan fövqəladə hadisələrin təsirindən qorunmaq məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi haqqında öz tövsiyələrini bildirdi. 

Sonda şöbənin rəisi E.Quliyev yekun nitqi ilə çıxış edərək sözü gedən sahədə maarifləndirmə işlərini daha da gücləndirmək, qarşıda duran problemləri həll etmək üçün bütün imkanlarımızın olduğunu qeyd etdi. O, 2014-cü il yekynlarının çox uğurlu olduğunu vurğulayaraq, 2015-ci ildə bütün proqramların, nəzərdə tutulmuş məsəllərin öz həllini tapacağına və daha yüksək nailiyyətlərin eldə olunacağına əminliyini bildirdi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.