Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fizika üzrə elmlər doktoru Nazim Məmmədov AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib
26.11.2013 00:00
  • A-
  • A
  • A+

Fizika üzrə elmlər doktoru Nazim Məmmədov AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib

AMEA Fizika İnstitutunun direktoru vəzifəsini icra edən, fizika üzrə elmlər doktoru Nazim Məmmədov fizika sahəsindəki elmi nailiyyətləri və 60 illiyi ilə əlaqədar olaraq AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib. Bu haqda qərar AMEA Rəyasət Heyəti tərəfindən qəbul olunub.

2013-cü il noyabr ayının 5-də Nazim Timur oğlu Məmmədovun 60 yaşı tamam olub. O, 1975-ci ildə Moskva Polad və Xəlitələr İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə AMEA Fizika İnstitutunda başlayıb.

N.Məmmədov 1981-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə edib.

Alimin elmi tədqiqatları optik və radiotezliklər oblastında sahə-maddə qarşılıqlı təsirinin eksperimental tədqiqatları, bərk cisimlərin elektron spektrlərinin və digər fiziki xassələrinin nəzəri hesablamaları kimi sahələri əhatə edir. 300-dən çox elmi işin, 6 patentin müəllifi olan N.Məmmədovun işlərinin böyük əksəriyyəti yüksək impaktfaktorlu beynəlxalq jurnallarda dərc edilib.

Yüksəkixtisaslı kadrların yetişdirilməsi sahəsində böyük xidmətləri olan N.Məmmədovun rəhbərliyi altında 10-a qədər elmlər doktoru və fəlsəfə doktoru yetişmişdir. Alim 10-dan artıq qrant layihəsinin rəhbəri və bilavasitə icraçısı olmuş, nəticədə institut unikal tədqiqat qurğuları ilə təmin olunmuş, yeni yüksək səviyyəli nəticələr alınmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: