Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı” kitabı işıq üzü görüb
15.04.2021 14:20
  • A-
  • A
  • A+

“Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı” kitabı işıq üzü görüb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı” monoqrafiyası çap olunub.

Yeni nəşr Məmməd Ələkbərovun Bakı Dövlət Universitetinin kitabxana­sında qorunan eyniadlı dissertasiya işinin əlyazması əsasında Əlyazmalar İnstitutunda transliterasiya olunaraq monoqrafiya halında çapa hazırlanıb.

Kitab AMEA-nın Gəncə Bölməsinin və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şuralarının cari ilin yanvarında keçirilən iclaslarının qərarına əsasən çap olunub. Layihə rəhbəri Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, baş elmi məsləhətçisi isə Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir. Yeni nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü Nüşabə Araslı, rəyçiləri filologiya elmləri doktorları Seyfəddin RzasoyPaşa Kərimovdur. Kitabı transliterasiya edərək nəşrə hazırlayan və “Ön söz”ün müəllifi isə Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfovdur.

Tədqiqat işinin əsas hissəsi Nizami yaradıcılığında Azərbaycan folkloru və xalq mərasimlərinin təsirini araşdırmağa həsr olunub. Dissertasiya işi sovet ideologiyasının tələblərinə uyğun yazılsa da, bu tədqiqatda müəllifin milli ruha sadiqliyi ön plandadır. Tədqiqatçı ilk səhifədə  fikrini  belə ifadə edir: “Əsrlər boyu Azərbaycan xalqının böyük şairi Nizamini burjua ədəbiyyatşünasları yanlış olaraq İran şairi kimi təqdim edir və öz iddialarını “Xəmsə”nin fars dilində yazılması faktı ilə isbata çalışmışdılar”.

Müəllif İran alimlərinin bu meylinin səbəbini də izah edərək yazır: “... qəsbkarlar Azərbaycan xalqını təkcə siyasi istiqlaliyyətdən deyil, mədəni irsdən də məhrum etməyə çalışmış, xalqımızın Xaqani, Nizami kimi böyük oğullarını öz adlarına çıxarmışlar”. Az qala bir əsr öncə deyilən həmin fikir qüvvəsini bu gün də saxlamaqdadır və müəyyən qüvvələr hələ də Nizami və digər Azərbaycan klassiklərinin milli mənsubiyyətini İrana, irandilli xalqlara bağlamaqla eyni məqsədi güdməkdədirlər.   

Qeyd edək ki, dissertasiya haqqında ətraflı məlumata bu vaxtadək başqa mənbələrdə rast gəlinmədiyi üçün müəllifi haqqında da bilgi olmayıb. Bakı Dövlət Universitetinin arxivində təqribən bir ildən artıq müddətdə aparılan araşdırmalar nəticəsində yalnız tək bir sənəd əsasında onun müəllifinin kim olduğu dəqiq müəyyən edilib. Bu məsələyə də aydınlıq gətirən Əzizağa Nəcəfov yazır: “Təəssüf ki, biz M.Ələkbərovun “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı” mövzusunda namizədlik dissertasiyasının avtoreferatını, yaxud onun müdafiəsi ilə bağlı digər arxiv sənədlərini tapa bilmədik. Ona görə də həmin dissertasiya işinin bu vaxta qədər qorunduğu universitetin arxivində saxlanılan 1947-ci ilə aid əmr kitablarını nəzərdən keçirməyi məqsədə müvafiq bildik. Məqsədimiz M.Ələkbərov adlı dissertant və ya aspirant haqqında məlumat əldə edib, ipucu tapmaq idi. Araşdırma nəticəsində 1947-ci ilə aid əmrlərin toplandığı kitablardan birində həm dissertasiya, həm də onun müəllifi haqqında dəqiq bilgi əldə edə bildik. 120 №-li kitabın 35-ci səhifəsində 5 iyul 1947-ci il tarixli, 202 №-li əmrin 9-cu paraqrafında dissertasiyanın müdafiəyə buraxıldığını və filolo­giya elmləri doktoru, professor Mikayıl Rəfili ilə o zaman hələ filologiya elmlər namizədi, dosent olan Mir Cəlal Paşayevin dissertasiyaya rəsmi opponent təyin olunduğunu öyrəndik. Sevindirici o idi ki, əmrdə dissertasiya müəllifinin adı inisialla deyil, tam yazılmışdı”.

Məlumat üçün bildirək ki, əsərin müəllifi Məmməd Həmid oğlu Ələkbərov 1899-cu ildə Lənkəranda dünyaya göz açıb, valideynlərini erkən itirdiyindən qohumla­rının himayəsində yaşayıb. Lənkaranda “Behcət” məktəbində oxuyub, çətinliklə olsa da, təhsilini başa vura bilib və 1920-ci ildən pedaqoji fəaliyyətə başlayıb. O, 1923-1926-cı illərdə Bakıda Pedaqoji İnstitutda təhsil alıb.

Azərbaycanın müxtəlif rayon və kəndlərində müəllimliklə məşğul olan M.Ələkbərov Quba Qəza Xalq Maarif Şöbəsinin müdiri vəzifəsində işləyib, 1928-ci ildən Azərbaycan SSR Xalq Maarifi Komissarlığında işə qəbul olunub və burada müxtəlif məsul vəzifələrdə çalışıb. 1946-cı ildə Azərbaycan SSR Xalq Maarif Komissarı təyin olunaraq 1952-ci ilədək bu vəzifədə çalışmış, sonralar Azərbaycan SSR-in ilk Mədəniy­yət Naziri (1953-1955) və Azərbaycanda Nazirlər Soveti Sədrinin müavini (1955-1956) olub. Bir çox mükafatlara, həmçinin “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Alim 1959-cu ilin 7 fevral tari­xin­də əbədiyyətə qovuşub.   

M.Ələkbərov daha çox orta məktəbdə Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası sahəsində tədqiqatlar aparıb, 1940-cı ildə onun “Natamam orta və orta məktəblərdə yazı işləri”, “İbtidai məktəbdə oxu metodikası”, ibtidai məktəblərin III sinfi üçün “Nizami Gəncəvi haqqında oxu kitabı” adlı kitabları çap olunub.

Qeyd edək ki, yenidən ərsəyə gələrək təqdim olunan monoqrafiya Nizami irsini öyrənən tədqiqatçılar, filoloji təhsil alan tələbələr və şairin yaradıcılığına maraq göstərən geniş oxucu kütləsi üçün dəyərli töhfədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: