İqtisadiyyat İnstitutunun Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri şöbəsinin baş elmi işçisi, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Əli Nuriyevin “Ölkənin regional strukturunun formalaşması və təkmilləşməsi problemləri (tarix və müasirlik)” adlı kitabı çapdan çıxıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi şurasının qərarı ilə nəşr olunan kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, i.e.d., professor Akif Musayev, rəyçiləri i.e.d., professor R.Ə.Balayev, i.e.d., professor R.P.Sultanova və c.e.d., professor T.G.Həsənovdur.
Kitabda ilk dəfə olaraq Azərbaycanın regional strukturunun formalaşması və təkmilləşməsinin kompleks təhlili verilib, proqram məqsədli idarəetmə regionlarına bölgünün zəruriliyi əsaslandırılıb. Belə regionlara bölgünün prinsipləri işlənib hazırlanıb və respublikamıza tətbiq edilərək proqram məqsədli regionlara bölgünün təqribi şəbəkəsi təklif olunub.
Kitabda, həmçinin inzibati-ərazi bölgüsü ilə iqtisadi rayonlaşdırma arasında əlaqələrin açılmasına, regional idarəetmənin təkmilləşməsi məsələlərinin şərhinə, bu istiqamətdə təklif və tövsiyyələrin hazırlanmasına da yer verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.