Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.04.2021 15:50
  • A-
  • A
  • A+

ŞAR tərəfindən "Ümumdünya Aviasiya və Kosmonavtika Günü"nün 60 illiyinə həsr olunan silsilə seminarlar keçirilib

ŞAR tərəfindən "Ümumdünya Aviasiya və Kosmonavtika Günü"nün 60 illiyinə həsr olunan silsilə seminarlar keçirilib

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası tərəfindən "Ümumdünya Aviasiya və Kosmonavtika Günü"nün 60 illiyinə həsr olunan silsilə seminarlar təşkil olunub.

9-12 aprel tarixlərində baş tutan silsilə tədbirlərdə Bakı, Şamaxı və Lənkəran orta məktəblərinin, o cümlədən Qərbi Kaspi Universiteti və Xəzər Universitetinin müəllim, tələbə və şagirdləri iştirak ediblər. 

Seminarlarda kosmik uçuşlar və kosmos haqqında maraqlı məlumatlar və yeni biliklər diqqətə çatdırılıb. Rəsədxananın əməkdaşları fizika riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ədalət Ətayi, astronomiya üzrə fəlsəfə doktoru Günel Bahəddinova, həmçinin elmi işçilər Aynurə Həsənova, Əminə Hümbətova, Nərgiz Tağıyeva, Aynur Abdulkərimova və Sərxan Bağırlının təqdim etdiyi məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

İnteraktiv şəkildə təşkil edilən seminarlarda rəsədxana əməkdaşları ilə tələbə və şagird heyəti arasında kosmos haqqında geniş fikir mübadiləsi aparılıb.

Tədbirlərdə iştirak edən Xəzər Universiteti Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı, fizika üzrə fəlsəfə doktoru Fəxrəndə Əfəndiyeva, Qərb Universiteti Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik məktəbinin dekanı, kimya üzrə fəlsəfə doktoru Nailə Quliyeva, Bakı şəhəri N.Tusi adına 173 saylı tam orta məktəbin direkoru Sitarə Abbasova, Şamaxı rayonu Sabir qəsəbə tam orta məktəbinin direktoru filologiya üzrə fəlsəfə doktoru Gülnurə Babaşova Şamaxı Astrofizika Rəsədxanasının rəhbərliyinə təşəkkür ediblər və bu istiqamətdə rəsədxana ilə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Bakıda fəaliyyət göstərən 283,10,192 saylı tam orta məktəblərinin, eləcə də S. Rüstəm adına xarici dillər təmayüllü gimnaziyanın, Lənkəran rayon Biləsər kənd tam orta məktəbinin müəllim və şagirdləri də kosmonavtika ilə bağlı maarifləndirmə işinin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: