Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Dilçilik İnstitutunda Aydın Məmmədovun xatirəsinə həsr olunmuş elmi sessiya keçirilib
03.02.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Dilçilik İnstitutunda Aydın Məmmədovun xatirəsinə həsr olunmuş elmi sessiya keçirilib

Fevralın 2-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda tanınmış türkoloq, ədəbi-tənqidçi, ictimai-siyasi xadim Aydın Məmmədovun anadan olmasının 70 illik yublileyi münasibətilə elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Tofiq Hacıyev Aydın Məmmədovu böyük şəxsiyyət, görkəmli alim, istedadlı tənqidçi kimi səciyyələndirib. Bildirib ki, A. Məmmədov dilin fonetikasını tədqiq edən seçilən alimlərdən biri olmuşdur. O, 1988-ci ildə “Kitabi-Dədə Qorqudun birinci kollokviumu”nu təşkil edərək Türkiyə ilə Azərbaycan arasında elmi-mədəni əlaqələrin güclənməsinə nail olmuşdur. “Azərbaycan filologiya məsələləri” adlı jurnalın çapı da alimin adı ilə bağlıdır.

Qeyd edilib ki, AMEA Rəyasət Heyətinin Humanitar Bölməsinin elmi katibi vəzifəsində çalışan Aydın Məmmədov Dilçilik İnstitutunda Tipoloji Dilçilik şöbəsində də fəaliyyət göstərmişdir.

Sonra Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Baba Məhərrəmlinin “Aydın Məmmədovun dilçilik görüşləri” mövzusunda məruzəsi dinlənilib. Məruzədə türkoloq-alimin “Türk dillərində samitlər: anlaut və kombinatorika” adlı əsərinin fonetika elminə sanballı töhfə olduğu qeyd edilib.

Tədbirdə professor Tofiq Məlikli Aydın Məmmədovla bağlı xatirələrini dilə gətirərək, onunla olan münasibətindən danışıb.

Daha sonra çıxış edən mərkəzin aparat katibi Yaşar Əliyev alimin elmi fəaliyyətindən bəhs edərək bildirib ki, A.Məmmədov Azərbaycanda ilk dəfə Tərcümə Mərkəzinin yaradılmasına nail olmuşdur: “Hazırda fəaliyyətini davam etdirən Tərcümə Mərkəzi tərəfindən A.Məmmədovun kitabı çapa hazırlanır”.

Tədbirdə millət vəkili Sabir Rüstəmxanlı, professor Sevil Mehdiyeva və başqaları çıxış edərək A.Məmmədovun çox işıqlı şəxsiyyət, prinsipial insan olduğunu bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: