Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Xəmsə möcüzəsi” adlı bədii qiraət müsabiqəsi keçirilib
12.04.2021 11:02
  • A-
  • A
  • A+

“Xəmsə möcüzəsi” adlı bədii qiraət müsabiqəsi keçirilib

XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri, epik şeirin görkəmli nümayəndəsi Nizami Gəncəvi bəşər bədii mədəniyyət tarixinə yeni fikirlər, ideyalar gətirərək, Şərq poeziyasını forma və məzmunca zənginləşdirib və yeni intibah ədəbiyyatının möhtəşəm abidələrini yaradıb.

2021-ci ildə dahi şairin anadan olmasının 880 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2021-ci il “Nizami Gəncəvi ili” elan edilib. Bu məqsədlə ölkəmizin hər yerində tədbirlər keçirilir. AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filial da tədbirlər planı işləyib hazırlayıb.

Tədbirlər planında nəzərdə tutulduğu kimi, Aran regional filialı, Kürdəmir Rayon Təhsil Şöbəsi və Kürdəmir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə mart ayının 1-dən “Xəmsə möcüzəsi” adlı bədii qiraət müsabiqəsinə start verilib. Məqsəd böyüməkdə olan gənc nəslə N.Gəncəvinin zəngin ədəbi irsini dərindən mənimsətməklə yanaşı, onların bədii qiraət qabiliyyətlərini inkişaf etdirmək olub.

Müsabiqə aprel ayının 7-dək 2 turdan ibarət olaraq onlayn formada keçirilib. Müsabiqədə rayonun 59 ümumtəhsil müəssisəsindən 80-ə yaxın şagird iştirak edib. Aprelin 7-də keçirilmiş yığıncaqda müsabiqəyə yekun vurulub, münsiflər tərəfindən videoçarx şəklində göndərilən şeirlər dinlənilib və qaliblər müəyyən olunub.

Münsiflərin ümumi qərarına əsasən, Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəbinin şagirdi Behbud Alıyev I yerə, Q.Sadıqov adına Mollakənd kənd tam orta məktəbinin şagirdi Səmra Muxtarova və Karrar-qəsəbə tam orta məktəbinin şagirdi Təhminə Heydərova II yerə, T.İsmayılov adına 1 saylı tam orta məktəbin şagirdi Həqiqət Məmmədova, M.Ə.Rəsulzadə adına 2 saylı məktəb-liseyin şagirdi Aydan Mənəfova və E.Ağayev adına Sor-sor kənd tam orta məktəbinin şagirdi Tamara Ədilova III yerə layiq görülüblər.

Qaliblərin müsabiqənin təşkilatçıları tərəfindən Fəxri fərman və N.Gəncəviyə həsr olunmuş qiymətli kitablarla mükafatlandırılması nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: