www.science.az
02.02.2015 00:00

“Azərbaycan Respublikasının Milli Atlası” və “Cənubi Qafqaz. 1903-cü il” xəritəsinin təqdimatı keçirildi

Bu gün AMEA-nın Əsas binasında AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və AMEA-nın birgə təşkilatçılığı ilə ölkə Prezidenti İlham Əliyevin 2011-ci il 20 aprel və 2012-ci il 18 aprel tarixli Sərəncamlarına əsasən nəşr olunmuş “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin və “Azərbaycan Respublikasının Milli Atlası”nın təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan “Azərbaycan Respublikasının Milli Atlası”nın redaksiya heyətinin sədr müavini, AMEA prezidenti, akademik Akif Əlizadə nəşrlərin tarixi əhəmiyyəti, onların ərsəyə gəlməsində görülmüş işlər haqqında ətraflı məlumat verdi. Ölkənin ərazi bütövlüyünün, tarixi və coğrafi adlarının təhrif olunması ilə bağlı son vaxtlar kartoqrafiq saxtakarlıqların artdığını söyləyən akademik Akif Əlizadə qeyd etdi ki, bu tip saxtakarlıqların qarşısının alınmasının zəruriliyi ölkə Prezidenti tərəfindən imzalanmış 20 aprel 2011-ci il tarixli “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin və 18 aprel 2012-ci il tarixli “Azərbaycan Respublikasının Milli Atlası”nın nəşri haqqında Sərəncamlarda öz əksini tapmışdır.

Milli Atlası coğrafiya və kartoqrafiyanın nailiyyətlərini özündə cəmləşdirən yüksək səviyyədə tamamlanmış kartoqrafik əsər kimi qiymətləndirən AMEA prezidenti milli atlasların nəşrinin bir çox dövlətlərdə xəritəçəkmə orqanları qarşısında duran prioritet məsələlərdən olduğunu vurğuladı: “Yalnız güclü elmi potensiala malik dövlətlər bu məsuliyyətli işin öhdəsindən müstəqil şəkildə gələ bilərlər”.

A.Əlizadə bildirdi ki, 444 səhifədən və 19 bölmədən ibarət olan atlasda mühüm informasiyalar toplanılıb, Azərbaycanın həyatı kompleks şəkildə öz əksini tapıb. Burada kənd təsərrüfatı, sənaye, təhsil və digər sahələr, həmçinin milli geyimlər, milli yeməklər və s. barədə məlumatlar var. 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edildiyi nəzərə alınaraq atlasa müvafiq bölmə əlavə olunub.

Milli atlasların məkan məlumatları infrastrukturları üçün yeganə baza rolunu oynadığını söyləyən AMEA prezidenti Milli Atlasın Coğrafi İnformasiya Sistemi versiyasının hazırlanmasının ölkəmizdə Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılmasına həlledici təkan verəcəyini qeyd etdi.

A.Əlizadə təqdimatı keçirilən “Cənubi Qafqaz: 1903-cü il” xəritəsi barədə də məlumat verdi. Bildirdi ki, bu xəritə Azərbaycana qarşı hər zaman torpaq iddiası aparan və özlərini aborigen xalq kimi təqdim edən ermənilərə sanballı cavabdır. “Xəritədə hazırkı Ermənistan ərazisində olan bütün tarixi adların Azərbaycana məxsus olduğu göstərilir. Bu xəritə 1903-cü ildə Çar Rusiyası tərəfindən tərtib edilib və ermənilərin iddialarının əsassız olduğunu sübut etmək üçün əsaslı bir məlumatdır”.

Sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, Aqrar Elmlər Bölməsinin akademik-katibi, Milli Atlasın redaksiya heyətinin məsul katibi, akademik Qərib Məmmədov “Azərbaycan Respublikasının Milli Atlası” məxsusi kartoqrafik əsərdir” mövzusunda məruzə ilə çıxış etdi.

Ölkə prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının Milli Atlası” ölkəmizlə bağlı ilk sanballı, irimiqyaslı kartoqrafik nəşrdir” sözlərini xüsusi vurğulayan akademik Qərib Məmmədov Azərbaycan tarixində indiyə qədər Milli Atlasın olmadığını, eləcə də “coğrafi atlas” anlayışının müasir təriflərindən, atlasların və atlas kartoqrafiyası üsullarının inkişaf tarixindən danışdı, Milli Atlasın əsas funksiyalarını diqqətə çatdırdı. Q.Məmmədov “Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin əsas mahiyyətini xarakterizə edərək, indiki Ermənistan Respublikası ərazisində olan coğrafi adların bütövlükdə azərbaycanlılara məxsus olması barədə bir sıra əsaslı dəlillər səsləndirdi.

Tədbirdə “Azərbaycan Respublikasının Milli Atlasının nəşri dövlətçilik tariximizin mühüm hadisəsidir” mövzusunda məruzə ilə çıxış edən AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirdi ki, “Milli Atlas”ın nəşr edilməsi ölkəmizin tarixində təkcə nəşriyyat işi sahəsində əldə olunmuş nailiyyət kimi qiymətləndirilməməlidir. Bu nəşr həm də xalqın zəngin tarixini və dövlətin müstəqilliyini təsdiq edən ən qiymətli ilk mənbədir.

Milli Atlasa daxil olan tarixi xəritələrin qədim dövlətçilik ənənələrimizi olduqca parlaq şəkildə sübut etdiyini qeyd edən Y.Mahmudov atlasa Azərbaycan tarixinə dair bütövlükdə 70 xəritənin daxil edildiyini bildirdi.

Mərasimdə çıxış edən AR Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov, Azərbaycan Ağsaqqallar Şurasını sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynova, AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və başqaları təqdimatı keçirilən nəşrləri Azərbaycanın elmi, ictimai və mədəni həyatında mühüm tarixi hadisə kimi dəyərləndirdilər, məzmun zənginliyi və tərtibatını yüksək qiymətləndirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.