www.science.az
07.04.2021 14:36

“Praktik peyk görüntülərinin emalı” kitabı işıq üzü görüb

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və Avstraliya alimi prof. Dr. Əliəkbər Rəsulinin “Praktik peyk görüntülərinin emalı” kitabı ingilis dilində nəşr edilib. 

Kitab Azərbaycanda şəkillərin klassik emalının bütün mərhələlərini özündə əhatə edən ilk dərs ləvazimatıdır. Verilənlərin məsafədən zondlama üsulu ilə emalının əsasını təşkil edən prinsiplər dərslikdə sadə, anlaşıqlı və praktik təcrübi yolla oxuculara çatdırılır.

Coğrafiya, hidroiqlim, məsafədən zondlama, görüntü işləmə və CİS sahələrində geniş təcrübəsi olan iki alim tərəfindən yazılmış dərslik ERDAS IMAGINE proqram təminatında lazımi təcrübəni tez bir zamanda qazanmaq imkanını verir. O, həm də oxucuya kitabda verilən məlumatlardan asanlıqla kənara çıxaraq daha qabaqcıl bacarıqlara yiyələnmək üçün şərait yaradır.

Bu kitab təkcə tələbələr üçün deyil, həm də aspirantlar, tədqiqatçılar, müəllimlər, menecerlər, yer sistemləri və ətraf mühit məsələlərini öyrənən mütəxəssislər üçün də faydalı bir bələdçi və məlumat kitabçasıdır.

Qeyd edək ki, kitab Avstraliyada da nəşr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.