www.science.az
07.04.2021 10:21

Akademik İsa Həbibbəylinin “Kitabi Dədə Qorqud: yazılı epos və ya epopeya” monoqrafiyası çap olunub

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Kitabi Dədə Qorqud: yazılı epos və ya epopeya” monoqrafiyası “Elm” nəşriyyatında çap olunub.

Akademik İsa Həbibbəyli sözügedən monoqrafiyada ilk dəfə olaraq bu məşhur Azərbaycan Oğuznaməsindən ədəbiyyatımızın ortaq başlanğıc dövründə canlı ifadə və şifahi yaddaş əsasında yaradılmış yazılı ədəbiyyat abidəsi kimi bəhs edib. Akademik “Kitabi-Dədə Qorqud”la bağlı indiyədək həmin istiqamətdə irəli sürülmüş tezislər də nəzərə alınmaqla bu möhtəşəm ədəbi abidənin Azərbaycan yazılı ədəbiyyatının başlanğıcı faktı olması fikrini tutarlı faktlarla isbat edib. Bu məqsədlə “Kitabi-Dədə Qorqud”un adındakı “kitab” sözünün mahiyyəti aydınlaşdırılıb, eposun şifahi xalq ədəbiyyatı ənənəsində olduğu kimi çoxvariantlı deyil, təkvariantlı olması nəzərə çatdırılıb, Dədə Qorqudun tarixdə yaşamış şəxsiyyət olması müəyyənləşdirilib. Həmçinin müəllif “Kitabi-Dədə Qorqud”da Azərbaycan və türk folklorunda sələfi olmayan və ilk dəfə bu eposda təqdim edilən obrazların olmasını da həmin Oğuznamənin yazılı ədəbiyyatın yaranma prinsiplərinə uyğun gələn xüsusiyyəti kimi diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli Dədə Qorqudu Azərbaycan ədəbiyyatının Homeri adlandırıb, Azərbaycan Oğuznaməsini “İlliada” və “Odisseya” ilə müqayisə edib. Beləliklə, ilk dəfə “Dədə Qorqud” eposundan epopeya kimi bəhs olunub.

Monoqrafiyada “Kitabi-Dədə Qorqud”un əlyazma nüsxələri haqqında geniş məlumat verilib, boyların ideya-sənətkarlıq xüsusiyyətləri müasir təfəkkür işığında yenidən şərh edilib. Bundan əlavə, “Kitabi-Dədə Qorqud”un poetikası sistemli şəkildə təhlil olunub, boylardakı boylama (təhkiyə) və soylamaların (tərənnüm üsullarının) xüsusiyyətləri izah edilib, Dədə Qorqud şeirinin janrları və bənzərsiz məcazlar sistemi müəyyənləşdirilib. Müəllif “Kitabi-Dədə Qorqud”u Azərbaycan xalqının Ata kitabı adlandırıb.

Xalq yazıçısı Anarın kitaba yazdığı “Ədəbiyyat tariximizin Dədəsi” adlı “Ön söz”də İ.Həbibbəylinin irəli sürdüyü müddəalar və gəldiyi nəticələr dəyərləndirilib: “Tapılmış dəlil-sübutlar “Kitabi-Dədə Qorqud”un Homersayağı şifahi şəkildə yazılmış ilk yazılı abidəmiz olmasına haqq qazandırır. Bütün bunlardan sonra İsa Həbibbəylinin “Kitabi-Dədə Qorqud”un janrını təyin etməsi, bu abidəni roman-epopeya adlandırması da əsaslı görünür”.

Kitabın üz qabığında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, Əməkdar mədəniyyət işçisi Seyfəddin Məmmədvəliyevin ağac üzərində ərəb əlifbası ilə “Dədə Qorqud” sözləri yazılmış xəttatlıq sənəti nümunəsinin fotosürəti əks olunub. “Elm” nəşriyyatında çap olunan, Giriş, dörd fəsil və nəticədən ibarət olan 280 səhifəlik monoqrafiyada rus dilində irihəcmli xülasə də verilib. Monoqrafiyanın məsul redaktorları fil.f.d., dos. İsmixan Osmanlı və fil.f.d., dos. Aygün Bağırlıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.