www.science.az
30.01.2015 00:00

AMEA Şəki Regional Elmi Mərkəzinin ümumi yığıncağı keçirilib

Yanvarın 29-da AMEA Şəki Regional Elmi Mərkəzinin (ŞREM) ümumi yığıncağı keçirilib.

İclasda mərkəzin Elmi Şurasının yeni tərkibi seçilib, strukturu müəyyənləşdirilib, illik hesabatı müzakirə edilib, həmçinin bir sıra təşkilati məsələlərə baxılıb.

Tədbirdə mərkəzin Geokimya laboratoriyasının rəhbəri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Hüseyn Mustafabəyli “Yer qabığında baş verən ehtizasi hərəkətlər və geokimyəvi mühit tipləri arasındakı qarşılıqlı əlaqələrə dair” mövzusunda məruzə ilə çıxış edib.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tədbirdə elmi şuranın yeni tərkibdə nəzərdə tutulan üzvlərinin siyahısı təqdim edilib. Səsvermə yolu ilə mərkəzin 17 nəfər əməkdaşı Elmi Şuranın üzvü seçilib.

İclasda, həmçinin ŞREM-in struktrur vahidlərinin – “laboratoriya”ların adlarının dəyişdirilərək “şöbə” adlandırılması qərara alınıb, AMEA tərəfindən 2014-2020-ci illər üzrə təsdiq edilmiş elmi-tədqiqat işlərinin istiqamətlərinə əsasən tərtib edilmiş iş planları müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.