Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Ədəbiyyat İnstitutunda Elm gününə həsr olunan sessiya keçirilib
25.03.2021 19:51
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda Elm gününə həsr olunan sessiya keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 27 Mart - Elm Gününə həsr olunmuş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı: nailiyyətlər və vəzifələr” mövzusunda elmi sessiya keçirilib.

Sessiyanı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq elmlə məşğul olan insanları əlamətdar gün münasibətilə təbrik edib, rəhbərlik etdiyi müəssisədə son illərdə görülmüş işlər haqqında ətraflı məlumat verib. Akademik oncildlik ədəbiyyat tarixinin üç cildinin artıq çap olunduğunu, 2021-ci ildə yeddi cildinin çapının nəzərdə tutulduğunu bildirib.

Akademik İsa Həbibbəyli institutun Mətbuat tarixi və publisistika şöbəsi tərəfindən hazırlanan “Molla Nəsrəddin” ensiklopediyası”nın nəşrini ədəbiyyatşünaslıq qarşısında böyük töhfə adlandırıb. Erkən yeni dövr və ortaq başlanğıc şöbəsi tərəfindən Xaqani Şirvaniyə, Ədəbi tənqid şöbəsi tərəfindən Məmmədcəfər Cəfərova aid monoqrafiyaları, Ədəbiyyat nəzəriyyəsi şöbəsi tərəfindən isə ikicildlik nəzəriyyə kitablarının çapını yüksək qiymətləndirib. “Nəsimi ili” ilə əlaqədar olaraq 2019-cu ildə Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsində əsaslı işlərin görüldüyünü deyib, “Böyük Azərbaycan şairi İmadəddin Nəsimi” monoqrafiyasının çapını xüsusi vurğulayıb. Bundan əlavə, Folklor şöbəsinin Aşıq Ələsgərin 200 illik yubileyinə hazırlıq prosesi, Asiya xalqları ədəbiyyatı şöbəsinin Çin, Pakistan, Hindistan və başqa ölkələrlə bağlı kitablar hazırlaması təqdir edilib. Akademik, həmçinin Dünya ədəbiyyatı, Türk xalqları ədəbiyyatı, Uşaq ədəbiyyatı, Cənubi Azərbaycan ədəbiyyatı, Erkən yeni dövr Azərbaycan ədəbiyyatı, Sovet dövrü Azərbaycan ədəbiyyatı, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbələrinin fəaliyyəti və çapdan çıxmış kitabları haqqında məlumat verib. Eyni zamanda “Ədəbiyyatşünaslıq plyus” yaradıcılıq birliyi tərəfindən “Plyus bədii yaradıcılıq” ədəbi almanaxlarının, Elmi informasiya və tərcümə şöbəsi tərəfindən hazırlanmış “Biblioqrafik göstərici” kitablarının ardıcıl nəşr olunmasından söz açıb. Həmçinin onlarla beynəlxalq elmi konfranslara ev sahibliyi edildiyi vurğulanıb, əməkdaşların çox sayda konfranslarda çıxışları diqqətə çatdırılıb. Otuza yaxın ölkəylə ədəbi münasibətlər istiqamətində imzalanmış müqavilələr, Prezidentin sərəncamları çərçivəsində görülmüş işlər haqqında məlumat verib.

Sonra Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, dosent Əlizadə Əsgərli həmkarlarını təbrik edərək “Azərbaycan ədəbiyyatında istiqlal mövzusu”nda məruzə ilə çıxış edib. Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Azərbaycanda “Nizami Gəncəvi ili” və Ədəbiyyat İnstitutunun tədbirləri” haqqında ətraflı məlumat verərək görülmüş və nəzərdə tutulan işlərdən bəhs edib. Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd isə “Ədəbiyyat nəzəriyyəsi müasir mərhələdə” mövzusunda məruzə edərək şöbənin altı elmlər və beynəlxalq səviyyədə qəbul edilmiş dörd fəlsəfə doktorunun olduğunu, “Poetika.izm” jurnalının nəşrinə məsul olduqlarını diqqətə çatdırıb.

İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli “Türk xalqları ilə qarşılıqlı ədəbi əlaqələrimizin yeni mərhələsi (Ədəbiyyat İnstitutunun nümunəsində)” məruzəsində müəssisədə bu istiqamətdə Türk xalqları ədəbiyyatı və Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbələrinin fəalliyyət göstərdiyini vurğulayıb. “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının bir sıra beynəlxalq indekslərə daxil olduğunu və bir neçəsinə də müraciət olunduğunu, həmin jurnalda məqalələrin əksəriyyətinin türk xalqları ədəbiyyatına aid olduğunu bildirib. 2020-ci ildə bir sayı Özbəkistan ədəbiyyatına həsr olunan jurnalın bu il bir sayının Abay Kunanbayevə həsr olunacağını deyib. Məruzədə Türkiyə, Özbəkistan, Tükmənistan, Qazaxıstan, Qırğızıstan və digər türk respublikalarının ədəbiyyatı istiqamətində institutda aparılmış araşdırmalar haqqında geniş məlumat verilib.

Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı “Azərbaycan-Tatarıstan ədəbi əlaqələri” mövzusunda çıxış edib. Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov isə “Azərbaycan-Polşa ədəbi əlaqələri”ndən bəhs edən məruzəsində bu sahədə əldə olunan nəticələr və qarşıda duran vəzifələr barəsində danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: