www.science.az
15.11.2013 00:00

AMEA Mikrobiologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirildi

Bu gün AMEA Mikrobiologiya İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi. Tədbiri açıq elan edən institutun direktoru Məmməd Salmanov yeni təşkil olunacaq şuranın gənc alimlərin inkişafında oynayacağı roldan, respublika və AMEA rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, institut gənclərinin uğurlarından danışdı. M.Salmanov institutun gənc kadrlarının fəaliyyəti, uğurları, konfranslarda, müxtəlif yerli və beynəlxalq proqramlarda iştirakı barədə məlumat verdi. Sonra institutun yeni yaradılacaq Gənc alim və mütəxəssislər şurasına namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçildi. Tərkibi 7 nəfərdən ibarət olmaqla Gənc alim və mütəxəssislər şurasının sədri biologiya üzrə fəlsəfə doktoru Aytən Qarayusifova, sədr müavini Vüsalə Xəlilova , katibi doktorant Gülnarə Həsənova seçildilər. AMEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü ildə keçirilmiş iclasında Gənc Alim və Mütəxəssislər Şurasının yaradılmasına dair qəbul olunmuş qərar haqqında məlumat verən institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Pənah Muradov gəncləri təbrik etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.