Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanın Maykop seriyasının öyrənilməsi üzrə mühüm nəticələr əldə olunub
19.03.2021 10:41
  • A-
  • A
  • A+

Azərbaycanın Maykop seriyasının öyrənilməsi üzrə mühüm nəticələr əldə olunub

AMEA-nın Neft və Qaz İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, institutun direktoru v.i.e., akademik Fəxrəddin Qədirov, müəssisənin əməkdaşları və digər aidiyyəti şəxslər iştirak ediblər.

İclası akademik Fəxrəddin Qədirov açaraq gündəlikdəki elmi-təşkilati məsələlər barədə məlumat verib.

Sonra institutun Neftli-qazlı hövzələrin analizi şöbəsinin aparıcı elmi işçisi, geologiya-minerologiya üzrə fəlsəfə doktoru, dosent Məlahət Əfəndiyevanın “Azərbaycanın Maykop seriyasının öyrənilməsi üçün sistem tədqiqatların nəticələri” adlı məruzəsi dinlənilib. Alim sistematik analiz və metodikalar kompleksini tətbiq edərək bir sıra aktual məsələlərin həlli yollarını təklif edib. O, tədqiqatlar çərçivəsində Maykop litogeodinamik kompleksinə yeni nöqteyi-nəzərdən baxıldığını və bir sıra nəticələrin alındığını söyləyib: “Maykopun yer səthinə çıxmış və quyularda açılmış kəsilişlərinin stratiqrafik bölgülərə ayrılması müəyyən olunub. Həmçinin Maykop süxurları daxilində Xatt mərtəbəsinin ən yüksək neftgenerasiya potensialına malik olduğu ortaya çıxıb. Eyni zamanda Azərbaycan ərazisində Maykop paleohövzəsi xüsusi rejimdə inkişaf edərək Kiçik Qafqaz və Talış dağları və qalxmaqda olan Böyük Qafqaz dağları arasında dayazsulu müasir arxipelaqlı dənizlərə bənzər hövzə olub. Arxipelaqların adaları arasında əsasən gilli çöküntülər toplanıb”.

M.Əfəndiyeva qeyd edib ki, tədqiqatın əsas nəticələri bir sıra elmi məqalələrdə, o cümlədən “Web of Science” və “Scopus” bazalarında indeksləşən jurnallarda dərc olunub və respublika, eləcə də beynəlxalq konfranslarda müzakirə edilib.

Sonra məruzə ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrə neft-qaz geologiyası, palçıq vulkanizmi və hövzə analizi üzrə görkəmli alim, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev də qatılıb və tövsiyələrini verib.

Elmi şura tərəfindən “Azərbaycanın Maykop seriyasının öyrənilməsi üçün sistem tədqiqatların tətbiqi” mövzusunda tədqiqatların davam etdirilməsi qərara alınıb.

Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının və Qadınlar Şurasının yeni tərkibləri təsdiqlənib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: