Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.01.2015 00:00
  • A-
  • A
  • A+

FRTEB-nin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti təqdim olundu

FRTEB-nin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti təqdim olundu

Bu gün AMEA Rəyasət Heyətinin iclası keçirildi. AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) akademik-katibi, akademik Akif Hacıyev bölmənin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında çıxış etdi. Hesabat ilində bölməyə daxil olan müəssisələrin elmi-tədqiqat işlərinin planına həm fundamental elmi-tədqiqat işləri, həm də tətbiqi xarakterli elmi-texniki tədqiqatların daxil edildiyini bildirdi.

Qeyd etdi ki, bölmənin elmi istiqamətləri üzrə 29 problemə aid 82 mövzu üzrə 326 tədqiqat işi aparılmış, 16 mövzu, 188 iş tamamlanmışdır. Bölmənin müəssisələri Respublika Prezidenti tərəfindən təsdiq edilmiş Dövlət Proqramlarına daxil olan bir sıra tədbirləri icra etmişlər.

FRTEB əməkdaşları 23 monoqrafiya, 16 kitab, 18 dərslik və elmi-kütləvi nəşrlər dərc etdirmiş, 44 dissertasiya işini müdafiə etmiş, 32 işi isə müdafiəyə hazırlamışdır. 2014-cü ildə alimlərimiz 587-si nüfuzlu xarici elmi jurnallarda olmaqla 1139 məqalə nəşr etdirmişdir. Əməkdaşların əsərlərinə 3244 istinad olunmuşdur.

Məruzəçinin sözlərinə görə, hesabat ilində bölmə müəssisələrində ümumi məbləği 9 300 000 manatdan artıq olan 59 qrant layihəsi üzrə işlər plana uyğun icra olunmuşdur. Elm və təhsilin inteqrasiyası sahəsində bölmə institutları Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Gəncə Aqrar Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası ilə elmi-tədqiqat və kadr hazırlığı sahəsində memorandumlar imzalamışlar.

Akademik Akif Hacıyev cari ildə bölmə əməkdaşlarının sədrliyi və təşkilatçılığı ilə keçirilən beynəlxalq və respublika səviyyəli konfranslar, nəşr olunan elmi jurnallar, o cümlədən beynəlxalq əməkdaşlığın inkişafı sahəsində əldə olunan nailiyyətlər haqqında məlumat verdi.

Məruzəçi FRTEB müəssisələrinin fəaliyyətində müşahidə olunan çatışmazlıqlar və problemlərdən də söz açdı. Əmək haqqı, elmi dərəcəyə görə verilən əlavə və doktorantların təqaüdünün aşağı olmasının gənclərin elmi işlərə cəlb olunmasına ciddi maneçilik törətdiyini diqqətə çatdırdı.

Sonda AMEA Rəyasət Heyətinin qərarına əsasən, FRTEB-nin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat təsdiq edildi.

Bölməyə tapşırıldı ki, multidissiplinar layihə və innovasiyalı tədqiqatlara təkan verən yeni fundamental tədqiqat işlərinin təşkilinə diqqət artırılsın. Həmçinin son illərdə əldə edilmiş nəzəri və təcrübi nəticələrin tətbiqinin genişləndirilməsi sahəsində görülən işlər davam etdirilsin, zəruri tədbirlər planı hazırlanıb Rəyasət Heyətinə təqdim olunsun.

Bölmənin fəaliyyətinə dair bu və ya digər qərarların icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyevə həvalə edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: