www.science.az
28.01.2015 00:00

“Azərbaycan muğamşünaslığı: keçmişdən gələcəyə” adlı elmi seminar keçirildi

Bu gün AMEA Memarlıq və İncəsənət İnstitutunda “Azərbaycan muğamşünaslığı: keçmişdən gələcəyə” adlı elmi seminar keçirildi.

Tədbiri giriş sözü ilə açan institutun Muğamşünaslıq şöbəsinin müdiri, sənətşünaslıq doktoru Sevil Fərhadova muğam fenomeninin əhəmiyyətindən söz açdı, dövlətimizin bu dəyərli sərvətə xüsusi qayğı və diqqətlə yanaşdığını bildirdi. Qeyd etdi ki, insan istedadının heyrətamiz yaradıcılıq sahəsindən biri olan muğam öz fəlsəfəsi, estetikası, obrazlar aləmi ilə məhz insanlar və xalqlar arasında qarşılıqlı anlaşmanın, harmonik ictimai münasibətlərin bərqərar olmasına yönəlmişdir. Muğam təkcə təbii-etnik yayılma arealına görə deyil, həm də fövqəlmədəni mahiyyətinə görə bəşər mədəniyyətinin inkarolunmaz fenomenidir.

Elmi senminarın “Muğam simpoziumu” ərəfəsində keçirilməsinin təsadüfi olmadığını söyləyən S.Fərhadova institutda yeni yaranmış Muğamşünaslıq şöbəsinin fəaliyyət istiqamətləri, Azərbaycan muğam sənətinin inkişafı, müasir dönəmdə bu sahədə yaranmış problemlər və onların aradan qaldırılması istiqamətində görülən işlər barədə məlumat verdi.

Tədbirdə sənətşünaslıq doktorları Rəna Məmmədovanın “Azərbaycan muğamları təhlilinin bəzi aspektləri”, İradə Köçərlinin “Aşıq musiqisinin səs sistemi Ü.Hacıbəylinin məqam nəzəriyyəsi kontekstində”, sənətşünaslıq üzrə fəlsəfə doktorları Sehranə Kasıminin “XIX əsr Azərbaycan muğam məclisləri”, Qorxmaz Əlilicanzadənin “Muğamın tarixi köklərinə yeni nəzəri baxış” mövzusunda məruzələri dinlənildi.

Seminarda, həmçinin yaxın günlərdə çap olunacaq “Azərbaycan muğamşünaslığı: problemlər, prespektivlər” toplusuna daxil ediləcək məruzələr dinlənilərək müzakirə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.