Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Qars müqaviləsi və Naxçıvan” mövzusunda elmi konfrans keçirilib
17.03.2021 09:58
  • A-
  • A
  • A+

“Qars müqaviləsi və Naxçıvan” mövzusunda elmi konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsində “Qars müqaviləsi və Naxçıvan” mövzusunda elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev Qars müqaviləsinin əhəmiyyətindən bəhs edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qars müqaviləsinin 100  illiyinin keçirilməsi haqqında” 8 fevral 2021-ci il tarixli Sərəncamını və “Qars müqaviləsinin 100 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nı xatırladanalim bildirib ki, müqavilənin 100 illiyinin yüksək səviyyədə qeyd olunması Naxçıvana, onun muxtariyyətinə verilən dəyərin bariz nümunəsi olmaqla bu statusun qorunub saxlanılmasına xidmət edən tarixi sənəddir.

Akademik Moskva və Qars müqavilələrinin önəmindən danışaraq müqavilələrin Naxçıvanla bağlı müddəalarının bəzən səhvən eyniləşdirildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Naxçıvanın ərazi taleyi ilə əlaqədar sözügedən müqavilələrdə yer alan fərqli məsələlərə toxunaraq, onun Azərbaycanın ərazisi kimi tanınmasında, Naxçıvana muxtariyyət statusunun verilməsində  hər iki tarixi sənədin rolundan danışıb. Qeyd olunub ki, dahi öndərin Naxçıvan muxtariyyətinin qarantı kimi Qars müqaviləsini daim gündəmdə saxlaması bu tarixi sənədin vacibliyindən xəbər verir. Bu gün də mənfur düşmənlərimizin Qars müqaviləsinin ləğvi ilə bağlı xam xəyallarından əl çəkmədiyini bildirən məruzəçi bu arzuların reallaşmayacağına əminliyini ifadə edib.

“Beynəlxalq Qars müqaviləsi və Naxçıvanın muxtariyyət məsələsi” mövzusunda məruzəsində akademik İsmayıl Hacıyev ermənilərin işğalçılıq siyasətində Naxçıvanın önəmindən, yaranmış vəziyyətlə əlaqədar 1918-1920-ci illərdə ölkənin düçar olduğu ağır ictimai-siyasi durumdan bəhs edib. Naxçıvanın muxtariyyətə gedən çətin və şərəfli mübarizəsində qardaş Türkiyənin rolu və dəstəyi məruzədə  öz əksini tapıb.

Sonda Qars müqaviləsində yer alan Naxçıvan məsələsindan danışan alim söyləyib: “Ermənilər bu tarixi müqavilə ilə özlərinin “Naxçıvansız və Şərursuz Ermənistan yarımçıq qalar” ifadəsini rəsmi olaraq təkzib etdilər. Çünki yalan və uydurmalara əsaslanan, heç bir tarixi fakta söykənməyən bir xülya haqq savaşında məğlubiyyətə məhkumdur”.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Qars müqaviləsində iştirak edən Azərbaycan təmsilçiləri” mövzulu məruzəsində bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 8 fevral 2021-ci il tarixli Sərəncamı və təsdiq olunan Tədbirlər Planı Azərbaycan və Türkiyə münasibətlərinin möhkəmlənməsinə, ortaq maraqlara xidmət edən mühüm dövlət sənədləridir. Hər iki sənəd erməni canfəşanlığına ən tutarlı və obyektiv cavabdır. Məruzəçi bölgədə Araz-Türk Respublikasının yaradılması, Naxçıvanda keçirilən xalq səsverməsinin əhəmiyyəti və nəticələri, görkəmli ictimai-xadim Behbud ağa Şahtaxtinskinin mühüm xidmətlərindən, diplomatik səriştəsindən bəhs edib. Alim çıxışında Kazım Qarabəkir Paşanın, Nəriman Nərimanovun böyük xidmətlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Sonra Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Qars müqaviləsinin imzalanması ərəfəsində Naxçıvanda ictimai-siyasi vəziyyət” mövzusunda məruzə edib. Məruzəçi XX əsrin əvvəllərində ölkəmizdə mövcud olan gərgin geosiyasi vəziyyət, Naxçıvan kimi mühüm strateji ərazidə möhkəmlənməyə çalışan Qərbin canfəşanlığını təhlil etməklə bu məsələdə istifadə olunan “erməni” faktoru və onların ən şirin xülyası - “Böyük Ermənistan” məsələsindən bəhs edib. Dinc əhaliyə qarşı törədilən çoxsaylı qırğınlar, Naxçıvanın ərazi taleyi ilə bağlı keçirilən referendumun nəticələri, Behbud ağa Şahtaxtinskinin misilsiz xidmətləri, Naxçıvan əhalisinin mübarizlik əzmi məruzənin əsas istiqamətlərini təşkil edib.

Konfransda məruzə edən Qars Qafqaz Universitetinin tarix fakültəsinin dekanı, tarix elmləri doktoru Səlçuk Ural “Türkiyənin Qafqaz siyasəti və Qars müqaviləsi” məsələsindən danışıb. Məruzəçi bildirib ki, bu müqavilə təkcə ərazi məsələsi deyil, həm də həyati məsələnin həllini tapdığı sənəd olmaqla bölgədə sülhün bərqərar olmasında mühüm əhəmiyyətə malikdir. Bu müqavilə savaşsız, müharibəsiz, yalnız diplomatik bacarıqlar sayəsində qazanılmış haqq zəfəridir.

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, dosent Elman Cəfərli “Qars müqaviləsi, Türkiyə və Cənubi Qafqaz Respublikalarının ərazi sərhəd məsələləri” mövzusunda məruzə edərək Batum konfransının keçirilməsi, məqsədi, orada aparılan müzakirələr və mühüm nəticələri haqqında məlumat verib. İrəvan, Zəngəzur kimi tarixi torpaqlarımızın  Azərbaycandan qoparılması, zamanla sərhədlərimizin dəyişdirilməsi və Azərbaycanın əleyhinə həyata keçirilən siyasətin nəticələri konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

“Qars müqaviləsi Rusiya mənbələrində” adlı məruzə edən Qars Qafqaz Universitetinin şöbə müdiri, professor Hacəli Nəcəfoğlu müxtəlif dövrlərdə mətbuatda dərc olunmuş məqalələrdən ibarət slayd nümayiş etdirib. Moskva və Qars müqavilələrinin ləğvinə çalışan bəzi “dövlət və elm” adamlarının müxtəlif təşkilatlara, siyasi xadimlərə ünvanladığın məktublar, müraciətlər və onların məzmunu dinləyicilərə təqdim edilib.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev isə Qars müqaviləsinin tarixi əhəmiyyəti və Naxçıvanın müasir dövrdə beynəlxalq arenadakı rolu ilə bağlı məruzə edib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev Naxçıvanın muxtariyyəti məsələsinə böyük önəm vermiş, daim diqqət mərkəzində saxlamışdır. Bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir.

Natiq məruzəsində 44 günlük Vətən müharibəsinin uğurlu nəticələrindən bəhs edərək bildirib ki, Naxçıvana quru dəhlizinin açılması bölgənin blokadadan çıxması ilə yanaşı, həm də yeni-yeni iqtisadi perspektivlər vəd edir. Bu inkişaf milli iqtisadiyyatımızın dayanıqlılığı üçün olduqca əhəmiyyətlidir. Əminliklə deyə bilərik ki, Naxçıvan özünün “Türk qapısı” missiyasını əzmlə davam etdirəcəkdir.

Sonda Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Qars müqaviləsi və Naxçıvanın taleyi” filmi nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: