Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

XX əsrin birinci yarısında Azərbaycanın ictimai fikrində iqtisadi portretlər
16.03.2021 14:55
  • A-
  • A
  • A+

XX əsrin birinci yarısında Azərbaycanın ictimai fikrində iqtisadi portretlər

AMEA-nın İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan institutunun direktoru, i.e.d., professor Nazim İmanov tədbirin əsas müzakirə mövzusu və məruzəçi barədə məlumat verib.

Seminarda müəssisənin  İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi şöbəsinin baş elmi işçisi, iqtisad elmləri doktoru Seyfəddin Səməndərov “XX əsrin birinci yarısında Azərbaycanın ictimai fikrində iqtisadi portretlər” adlı məruzə ilə çıxış edib. Tədqiqatçı bildirib ki, XX əsrin əvvəllərində Azərbaycan ictimai-siyasi və iqtisadi fikir tarixində iki başlıca istiqamət özünü büruzə verirdi. Bunlar milli-maarifçi demokratiya və sosial demokratiya mənsub dünyagörüşlər idi. Hər iki dünyagörüşünün ardıcılları əsrin əvvəllərində - Hümmət təşkilatını yaradaraq burada təmsil olunublar.

S.Səməndərov qeyd edib ki, XX əsrin birinci yarısında Azərbaycanda iqtisadi fikir tarixi üç mühüm tarixi mərhələdən keçib. Birinci mərhələni Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixi də adlandırmaq olar. XX əsrin əvvəllərində Azərbaycan ictimai-iqtisadi fikri inqilabi demokratik hərəkatın, sosial demokratik baxışların, marksist fikrin, həmçinin maarifçilik ideyalarının təsiri altında inkişaf edirdi. Bununla belə, Azərbaycan milli ictimai fikrində əsas istiqamət maarifçilik hesab edilir. Maarifçilik hərəkatının əsas qayəsi millətin savadlanması, vətəndaşlıq şüurunun inkişaf etməsi, cəmiyyətin azad düşüncə və müstəqil həyata hazırlanması idi. Ümumiyyətlə, Azərbaycanda maarifçilik hərəkatı XIX əsrdən başlanır və bu hərəkatın ən parlaq nümayəndələri M.F.Axundov, Həsənbəy Zərdabi və b. hesab olunurlar. XX əsrin əvvəllərində maarfçilik hərəkatı inqilabi demokratik hərəkatın təsiri ilə yeni keyfiyyət və məzmunda inkişaf etməyə başlayıb. Maarifçilər xalqın maddi rifahının yaxşılaşmasını, ölkənin iqtisadi inkişafını, dövlətin qüvvətlənməsi və siyasi tərəqqisini bilavasitə idarə edənlərin maariflənməsi ilə əlaqələndirirdilər.

İkinci tarixi mərhələ Xalq Cümhuriyyət illəridir və bu mərhələdə müstəqil Azərbaycan dövlətinin hərbi-siyasi, iqtisadi, mədəni inkişafı məsələləri ilə bağlı Cümhuriyyət ideyalarının daşıycılarının fikirləri xüsusi əhəmiyyət kəsb edir. Üçüncü mərhələ Azərbaycanın sovetləşməsinin ilk on illikləridir. Özünün ideya məzmununa görə araşdırılan dövrdə Azərbaycan mütəfəkkirlərini səsləndirdiyi fikirlərə görə belə qruplaşdırmaq olar: maarifçi demokratlar; sosial demokratlar; milli demokratlar (milli təsərrüfat və milli demokratiya ideyalarının tərəfdarları). Lakin onları birləşdirən bir ümumi cəhət var idi - Azərbaycanın təşəkkülü və inkişafı uğrunda mübarizə aparırdılar.

Sonra məruzəçi sualları cavablandırıb, mövzu ətrafında maraqlı və geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: