Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.03.2021 15:51
  • A-
  • A
  • A+

Nizami Gəncəvi və yer elmləri

Nizami Gəncəvi və yer elmləri

AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şurasının növbəti iclası keçirilib.

Tədbiri institutun direktoru, akademik Akif Əlizadə açaraq iclasın gündəliyi barədə iştirakçılara məlumat verib.

Sonra geologiya-minerologiya elmləri doktoru Namaz Yusubovun “Dostluq” (Kəpəz) yatağı Abşeron - Balxanyanı qalxım zonasının sərbəst geoloji strukturu kimi” mövzusunda məruzəsi dinlənilib. O, mövcud seysmik və dərin qazma məlumatlarının kompleks interpretasiyası əsasında “Dostluq” strukturunun və yatağının yaranma mexanizmlərinin modellərinin tərtib edilməsinə nail olduğunu, strukturun miosendən sonrakı dövrdə yarandığını, köksüz strukturlar qrupuna aid olduğunu əsaslandırıb. Həmçinin yatağın maykop çöküntü kompleksindəki karbohidrogen flüidlərinin palçıq vulkanının eruptiv kanalları vasitəsilə məhsuldar qatın kollektorlarına miqrasiyası nəticəsində yaranması haqqında geniş mülahizələrini çatdırıb, sualları cavablandırıb.

Daha sonra akademik Akif Əlizadənin ölkə başçısının 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamından irəli gələn vəzifələr çərçivəsində “Nizami Gəncəvi və yer elmləri” mövzusunda məruzəsi dinlənilib. Natiq bildirib ki, sözügedən Sərəncam Nizami Gəncəvi kimi dünya miqyaslı qüdrətli sənətkara yenidən dönüş üçün Azərbaycan ziyalılarını səfərbər olmağa çağırış kimi dəyərləndirilməlidir. Çünki N.Gəncəvi yalnız ədəbiyyatın və sənətin yox, ümumiyyətlə, bəşəri sivilizasiya tarixində elə nadir simalardandır ki, onun yaradıcılığına verilən qiymət və ona bəslənilən ehtiram heç bir milli, irqi, dini, coğrafi sərhəd tanımır. Nizami təkcə şair yox, həm də alim, kamil tədqiqatçı, geniş miqyaslı tarixçi, bir neçə xarici dilə bələd olan dilçi, nəsihətləri, tövsiyələri səkkiz əsr müddətində köhnəlməyən və bugünkü nəsil üçün daha vacib olan bir əxlaq alimidir.

A.Əlizadə dahi şairin “Xəmsə”sinə daxil olan poemalarında elmi mülahizələr əks olunan misraları səsləndirib və Nizaminin digər məziyyətləri ilə yanaşı, həm də elmşünas olduğunu nəzərə çatdırıb.

Elmi şurada, həmçinin “Kompleks biostratiqrafik, litoloji-petroqrafik, biogeokimyəvi və geofiziki tədqiqatlar əsasında Cənub-Şərqi Qafqazın miosen çöküntülərinin stratiqrafiyası və paleocoğrafiyası” tədqiqat işinin yerinə yetirilməsinin gedişatı, “Nəzəri və tətbiqi geologiya kursu”na dair kitabların hazırlanması, eləcə də “Qarabağın təbii ehtiyatları atlası”nın nəşrə təqdim edilməsi, Geologiya və Geofizika İnstitutunun magistrantlarının attestasiyasının yekunları, müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının yeni tərkibi haqqında və digər məsələlər müzakirə edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: