Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

MEK əməkdaşları beynəlxalq forumda iştirak ediblər
15.03.2021 10:00
  • A-
  • A
  • A+

MEK əməkdaşları beynəlxalq forumda iştirak ediblər

Rusiya Dövlət Kitabxanası, Avrasiya Kitabxanalar Assambleyası, Belarus Milli Kitabxanası, Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanası və Abay adına Şərqi Qazaxıstan Regional Universal Kitabxanasının birgə təşkilatçılığı ilə "Kitabxanalar Birliyi: uzunmüddətli tərəfdaşlığın nailiyyətləri və perspektivləri" mövzusunda onlayn beynəlxalq forum keçirilib.

Tədbirdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova, Nadir kitablar və qiymətli nəşrlər şöbəsinin müdiri Sevil Məmmədova, əməkdaşlardan Fəridə Süleymanova, Nigar Ağayeva və Nərminə Efendiyeva sözügedən beynəlxalq foruma qatılaraq müzakirələrdə iştirak ediblər.

İki gün davam edən forumda "Pandemiya şəraitində Kitabxanalar", "Kitabxanaların innovativ inkişafı", "MDB ölkələrində kitabxana əməkdaşlığı" mövzularında məruzələr dinlənilib, kitabxana işinin aktual məsələləri, qabaqcıl layihələr, kompleks rəqəmsal təşəbbüslər, habelə 2021-ci ildə beynəlxalq kitabxana əməkdaşlığının inkişafı üçün imkanlar müzakirə olunub. Həmçinin pandemiya zamanı MDB ölkələrinin regional kitabxanalarının nümayəndələri  kitabxanaların işindəki problemləri və nailiyyətləri bölüşüblər. Bu dövr ərzində  sosial-mədəni fəaliyyətin yeni formatları, 2020-ci ilin təcrübəsinə əsaslanaraq peşəkar inkişaf proqramlarının yenidən, əsaslı işlənməsi kimi önəmli məsələlər də forumun əsas müzakirə mövzusu olub.

Forumun son günü MEK adından bütün təşkilatçılara və iştirakçılara səmərəli işlərinə və uğurlu qarşılıqlı fəaliyyətlərinə görə təşəkkür ifadə olunub, gələcək əməkdaşlığın  qurulmasına zəmin yaradıldığı vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: