Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Şərqdən doğan ədəbiyyat günəşi: Nizami Gəncəvi” mövzusunda elmi konfrans keçirilib
12.03.2021 17:54
  • A-
  • A
  • A+

“Şərqdən doğan ədəbiyyat günəşi: Nizami Gəncəvi” mövzusunda elmi konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsində Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar “Şərqdən doğan ədəbiyyat günəşi: Nizami Gəncəvi” mövzusunda elmi konfrans keçirilib.

Naxçıvan Bölməsinin Elmi Kitabxanasının təşkilatçılığı ilə keçirilən konfransda M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının, Naxçıvan Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun Elmi kitabxanalarının əməkdaşları iştirak edib.

Konfransı giriş sözü ilə açan Naxçıvan Bölməsinin Elmi Kitabxanasının direktoru Sahab Əliyeva bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə “Nizami ili” elan edilməsi klassik ədəbi irsimizə, ədəbiyyatımıza və mədəniyyətimizə göstərilən dövlət qayğısının təzahürüdür. Qeyd olunub ki, öz yaradıcılığı ilə bütün dünyada şöhrət qazanan böyük Nizami yalnız dahi şair deyil, ölməz ideyaları ilə humanizm prinsiplərinin təşəkkül tapmasında böyük xidmətləri olan ədibimizdir. Onun əsərlərindəki milli köklərə bağlılıq ideyası, dövlətçilik ənənələri, ədalət prinsipi, mənəvi dəyərlər bu gün də öz aktuallığını qoruyub saxlayır.

“Ölkə başçısının “Nizami ili” haqqındakı mühüm tarixi əhəmiyyətə malik olan Sərəncamı böyük şairin həyat və yaradıcılığını bütün istiqamətlər üzrə yeni təfəkkür əsasında tədqiq və təhlil etməyə geniş imkan yaradan tarixi sənəddir”, - deyən S.Əliyeva bu mühüm sənədin yeni nəsillərdə milli iftixar, azərbaycançılıq, vətənpərvərlik duyğularının aşılanması və təbliği istiqamətində açdığı yeni perspektivlərdən bəhs edib.

Sonra Naxçıvan Universitetinin Elmi Kitabxanasının müdiri Zamin Babazadənin “Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında rənglər və rəqəmlər”, həmin müəssisənin baş kitabxanaçısı Emelya Süleymanovanın “Nizami Gəncəvinin “Hikmətlər və nəsihətlər” əsərində tərbiyə məsələləri”, Naxçıvan Bölməsinin Elmi Kitabxanasının biblioqrafı Samirə Məmmədovanın “Nizami Gəncəvinin “Xəmsə”si” və Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun böyük laborantı Günel Nəsirlinin “Nizami Gəncəvi lirikası” mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: