Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.03.2021 14:26
  • A-
  • A
  • A+

“Klasterlər: beynəlxalq təcrübə və innovativ inkişaf” adlı monoqrafiyanın təqdimatı keçirilib

“Klasterlər: beynəlxalq təcrübə və innovativ inkişaf” adlı monoqrafiyanın təqdimatı keçirilib

AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin “Klasterlər: beynəlxalq təcrübə və innovativ inkişaf” adlı monoqrafiyasının onlayn təqdimatı keçirilib.

Tədbirdə İqtisadiyyat İnstitutunun, eləcə də ölkəmizin tanınmış iqtisadçı alimləri, Bakıda və regionlarda fəaliyyət göstərən ali məktəblərin müəllimləri iştirak ediblər.

Təqdimat mərasimini İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim İmanov açaraq monoqrafiya barədə məlumat verib, kitabın Azərbaycan iqtisadiyyatı və elmi ictimaiyyəti üçün əhəmiyyətini qeyd edib, müəllifin əməyini yüksək qiymətləndirib. Bildirib ki, təqdim olunan kitab alimin uzun illər ərzində apardığı tədqiqatların nəticəsində ərsəyə gəlib və Qarabağın iqtisadiyyatının bərpası üzrə elmi yanaşmalarda faydalı ola bilər.

Sonra AR Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev “Sahibkarlığın davamlı inkişafında klasterlərin rolu”, Sumqayıt  Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru Şəfa Əliyev “Azərbaycanda aparılan iqtisadi islahatlar şəraitində klasterlərin elmi-praktiki əhəmiyyəti” və İqtisadiyyat İnstitutunun baş elmi işçisi, iqtisad elmləri doktoru Seyfəddin Səməndərov “Azərbaycanda klasterləşmə ideyasının genezesindən” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə qeyd olunub ki, təqdimatı keçirilən kitab mühüm əhəmiyyətə malik fundamental əsəridir və Azərbaycan iqtisad elminə sanballı töhfədir. Azərbaycanda klasterləşmə və onun əhəmiyyəti, dünya təcrübəsi, ölkəmizdə sahibkarlığın inkişafında klasterlərin rolu barədə danışan alimlər bu baxımdan tədqiqat əsərini mühüm elmi mənbə kimi yüksək qiymətləndiriblər. 

Tədbirdə AMEA-nın müxbir üzvü Akif Musayev, professorlar Müşfiq Atakişiyev, Veysəl Əyyubov, Elşən Hacızadə, Fuad Qənbərov, Telman İmanov, dosentlər Allahyar Muradov, Nəsimi Əhmədov, Emin Məmmədzadə və digərləri çıxış edərək monoqrafiyanın əhəmiyyətinə toxunub, müəllifə yeni elmi yaradıcılıq uğurları arzulayıblar.

Sonda professor Tərbiz Əliyev tədbirin təşkilatçılarına və iştirakçılarına, eləcə də nəşrin çapında əməyi olan şəxslərə öz minnətdarlığını bildirib.

Qeyd edək ki, “Klasterlər: beynəlxalq təcrübə və innovativ inkişaf” kitabının elmi redaktoru professor Arif Şəkərəliyev, rəyçiləri AMEA-nın müxbir üzvü Akif Musayev və professor Kamil Şahbazovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: