Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.03.2021 10:58
  • A-
  • A
  • A+

“Erkən nikahlar və onların yeniyetmələrdə doğurduğu fəsadlar” mövzusunda məktəblilərlə onlayn görüş keçirilib

“Erkən nikahlar və onların yeniyetmələrdə doğurduğu fəsadlar” mövzusunda məktəblilərlə onlayn görüş keçirilib

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşəbbüsü ilə Bakı və region məktəbliləri üçün onlayn tibbi-fizioloji, psixoloji və hüquqi müstəvidə maarifləndirici seminar təşkil olunub.

Seminarda Fiziologiya İnstitutunun gənc alimləri ilə yanaşı, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, elmi işçi Tünzalə Musayeva və Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi Könül Məmmədova da iştirak ediblər.

Gənc alimlər Lənkəran rayon, Şovu kənd M.X.Cəbrayılov adına tam orta məktəbinin, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən S.Məmmədov adına tam orta məktəbin və Füzuli rayonu, 49 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti ilə onlayn görüş keçiriblər.

Görüşdə Fiziologiya İnstitutunun GAMŞ sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Zenfira Qədimova ümumi məlumat verərək bildirib ki, cəmiyyətin sağlam formalaşması, yeniyetmələrin sağlam ruhda böyüməsi və gələcək nəsillərin elmli, təhsilli böyüməsi və inkişafı  üçün maariflənməyə ehtiyac var. Əslində, erkən nikah uşaqlığın əlindən alınması, yarımçıq qalmış təhsildir. Erkən nikahın fizioloji fəsadları ilə yanaşı, psixoloji zərərləri də mövcuddur.

Sonra AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, AR Vəkillər Kollegiyasının üzvü Könül Məmmədova məsələyə hüquqi tərəfdən yanaşaraq, qanuni yolla erkən nikahların qarşısının alınmasından danışıb. K.Məmmədova onu da qeyd edib ki, Azərbaycanda erkən nikahların qarşısının alınması üçün mövcud qanunlar təkmilləşdirilib. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, 18 yaşına çatmamış şəxslər erkən yaşlı hesab edilir. Bildirib ki, 18 yaşdan aşağı şəxslər nikaha daxil olursa, bu, erkən nikah kimi qiymətləndirilməlidir. Belə hallarda AR qanunvericiliyinə əsasən, valideyn və qarşı tərəflər cinayət məsuliyyətinə cəlb edilir.

Fəlsəfə və Sosiologiya İnstitutunun GAMŞ sədri, psixoloq Tünzalə Musayeva isə erkən nikahların arzuolunmaz nəticələrə səbəb olmasından, uşaqların psixologiyasındakı dəyişikliklərdən danışıb. Erkən nikahların xüsusən, qızların fiziki və psixoloji inkişafının qarşısını aldığını bildirən psixoloq bununla bağlı məktəblərdə ciddi şəkildə maarifləndirmə aparılmasının, ailə mühitinin düzgün formalaşdırılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, yeniyetmələr arasında son vaxtlar intihar hadisələrinin artmasında əsas səbəb valideyn-övlad, məktəb-valideyn əlaqələrinin düzgün qurulmamasıdır.

Daha sonra çıxış edən Fiziologiya İnstitutunun GAMŞ üzvləri,  dissertantlar Afaq Nurullayeva, Aytən Muradova, həkim-fizioloq Zərnigar Qasımova və müəssisənin Təhsil şöbəsinin mütəxəssisi Məlahət Əlizadə sağlam ailə bağlarının qurulması üçün ilk növbədə təhsilin vacibliyini qeyd ediblər. Erkən qurulmuş nikahlarda uşaq tələfatı, ana ölümü kimi xoşagəlməz halların aşkarlandığını, eyni zamanda belə ailələrdə doğulan uşaqlarda Daun sindromu, talassemiya və s. bu kimi irsi xəstəliklərin tez-tez rast gəlindiyini məktəblilərə izah ediblər. 

Sonda dosent Z.Qədimova bu cür silsilə tədbirlərin Bakı şəhəri və digər region məktəbliləri üçün davam etdiriləcəyini söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: