Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Vətən müharibəsində ön və arxa cəbhədə iştirak etmiş şərqşünaslar" mövzusunda tədbir keçirilib
10.03.2021 16:34
  • A-
  • A
  • A+

“Vətən müharibəsində ön və arxa cəbhədə iştirak etmiş şərqşünaslar" mövzusunda tədbir keçirilib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Qadınlar Təşkilatının “Vətən müharibəsində ön və arxa cəbhədə fəal iştirak etmiş şərqşünaslar" mövzusunda tədbiri keçirilib.

Tədbiri açan institutun Qadınlar Təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanımzər Kərimova 44 günlük Vətən müharibəsində Zəfər tariximizi yazanlar sırasında Şərqşünaslıq İnstitutunun əməkdaşlarının da olduğunu deyib. X.Kərimova şərqşünasların bu qələbəyə öz paylarını həm ön cəbhədə vuruşaraq silahlarıyla, həm də Azərbaycan həqiqətlərini Şərq ölkələrinə, eləcə də Qərbin ərəbdilli informasiya vasitələri ilə bütün dünyaya yayaraq çıxışları və qələmləri ilə verdiklərini bildirib.

X.Kərimova Şərqşünaslıq İnstitutunun Mülki Müdafiə qərargahının rəisi, birinci Qarabağ müharibəsinin veteranı polkovnik Namiq Abdullayevin Vətən müharibəsinə də bir veteran kimi hərbi təcrübəsini döyüşçülərlə paylaşmaq üçün qatıldığını və veteranların koordinasiya mərkəzinin heyəti tərkibində cəbhə bölgəsində xidmət apardığını, Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin elmi işçisi, ərəbşünas alim Pərviz Ağayevin müharibəyə könüllü qatılaraq Füzuli və Xocavənd rayonunda gedən döyüşlərdə rəşadətlə iştirak etdiyini, institutunun dissertantı, nəsimişünas, tədqiqatçı Vüsal Hətəmovun Laçına qədər döyüş yolu keçdiyini qeyd edib. O, həmçinin bildirib ki, institut əməkdaşları bir mütəxəssis kimi Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı siyasət, Vətən müharibəsi dövründə həyata keçirdiyi təxribatlar, cəbhə bölgəsindən uzaq şəhər və rayonlarda dinc əhalini qadağan olunmuş raketlər vasitəsilə atəşə tutması barədə həqiqətləri dünyanın ərəb və farsdilli ictimaiyyətinə çatdırıblar.

Şərqşünas alimlər demək olar ki, hər gün xarici ərəb və farsdilli kanallarda çıxış edir, müsahibələr verir, Ermənistan və Rusiyadan olan opponentlərlə teledebatlara qatılır, məqalələrini müxtəlif qəzetlərdə və saytlarda dərc etdiriblər. X.Kərimova İordaniyanın, Misirin, Livanın, Qətərin, İranın, Özbəkistanın, Qazaxıstanın, İngiltərənin, ABŞ-ın və digər ölkələrin KİV-lərində Azərbaycan həqiqətlərinin bəyan edilməsində Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlının, aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının, aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun, elmi işçilər Elnur Mustafayevin və Samid Bağırovun xüsusi xidmətlərini qeyd edib. X.Kərimova həmçinin Şərqşünaslıq İnstitutunun kollektivinin ordumuza dəstək olmaq məqsədilə müharibə dövründə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 5 min manat, ilin əvvəlində isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradımış “Yaşat” fonduna 4 min manat ianə etdiyini xatırladıb.

Sonra Mülki Müdafiə qərargahının rəisi Namiq Abdullayev, Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin elmi işçisi Pərviz Ağayev Vətən müharibəsində keçdikləri döyüş yolundan danışıblar. İnstititut əməkdaşlarından Gülər Qafqazlı, Sübhan Talıblı, Elnur Mustafayev, Samid Bağırov müharibə dövründə xarici KİV-lərdə çıxışları, məqalələri barədə danışıb, bu fəaliyyətlərini indi də davam etdirdiklərini qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: