Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Türkiyə-Azərbaycan qardaşlığı ulu öndərin "Bir millət, iki dövlət!" kəlamının təzahürüdür
10.03.2021 10:36
  • A-
  • A
  • A+

Türkiyə-Azərbaycan qardaşlığı ulu öndərin "Bir millət, iki dövlət!" kəlamının təzahürüdür

Martın 9-dan 11-dək İstanbulda VI beynəlxalq “İstanbul Nəşriyyat fəaliyyətləri və ədəbiyyatın təbliği” forumu keçirilib.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Anadolu Agentliyinin qlobal rabitə tərəfdaşlığı ilə hazırlanan, Türkiyə Media Yayım Peşə Birliyi (TBYM) tərəfindən keçirilən tədbir çərçivəsində bu il ilk dəfə təşkil olunan "Diqqət mərkəzindəki ölkə" mövzusu çərçivəsində Azərbaycan nəşriyyatından bəhs edilir. Ədəbiyyat bölməsinin təşkilinin əsas məqsədi türk dilinin nə qədər qədim olduğunu tanıtmaq və dilimizə beynəlxalq marağı artırmaq və ədəbiyyatla qarşılıqlı əlaqələrini təmin etməkdən ibarətdir. Azərbaycanlı şair və yazıçıların da qonaq olduğu proqramda ölkə ədəbiyyatı, nəşriyyatı və mətbəxi də təmsil olunur.

Tədbirin açılış mərasimində çıxış edən Elm Yayma Vəqfi mütəvəlli heyətinin başçısı Bilal Ərdoğan Azərbaycanı proqramın builki "diqqət mərkəzindəki ölkə" olaraq seçilməsi münasibətilə təbrik edib. B.Ərdoğan türk ədəbiyyatının sərhədlərinin genişliyinə diqqət çəkmək üçün ilk olaraq məhz Azərbaycanın seçilməsinin çox doğru seçim olduğunu vurğulayıb.

Proqramın ilk verilişində çıxış edən AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycanla Türkiyənin heç vaxt bir-birindən ayrı qalmadığını vurğulayıb. O deyib: "Hətta Prezident İlham Əliyevin rəhbərliyi altında Ordumuzun Zəfəri ilə nəticələnən Qarabağ müharibəsində də Azərbaycan başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla, Türkiyə dövləti və türk xalqının siyasi-mənəvi dəstəyini hər zaman hiss etmişdir".

Azərbaycanın "diqqət mərkəzindəki ölkə" olaraq seçilməsinin Türkiyə-Azərbaycan qardaşlığının növbəti nümunəsi olduğunu vurğulayan akademik bildirib ki, bu, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin "Bir millət, iki dövlət!" kəlamının təzahürüdür.

Azərbaycan ədəbiyyatının ilk nümunələrinin şifahi xalq yaradıcılığı nümunəsi olan əsatirlərlə başladığını qeyd edən İ.Həbibbəyli deyib: "VII və X əsrlərə aid yazılı ədəbiyyat nümunələri olan Orxon-Yenisey kitabələri bizim ortaq ədəbi abidələrimizdir. Uilyam Şekspir Avropa İntibahı üçün hansı mövqedədirsə, böyük Azərbaycan şairi Nizami Gəncəvi də türk-İslam dünyası üçün eyni mövqedədir. Məhsəti Gəncəvi XII əsrdə Azərbaycanın Ömər Xəyyamı kimi şöhrət qazanıb. Azərbaycan ədəbiyyatı XIII və XVI əsrlərdə öz ana dilində varlığını yaşadıb. Ortaq ədəbiyyatımızın zirvəsi olan Füzuli isə şairliyin ən böyük lirik divanını yaradıb. XVII-XVIII əsrlər erkən realizm dövrünə dönüb. Ədəbiyyatda artıq Leylalar, Məcnunlar qalmayıb, Azərbaycan coğrafiyasının gözəlliklərinin təbliğinə başlanıb. XIX əsr Azərbaycan üçün maarifçilik dövrü idi, maarifçi realizm ədəbi hərəkatı qurulub. XX əsrdə bütün dünyada olduğu kimi, Azərbaycanda da romantizm ədəbiyyatının nümunələrini görmək olar. Bu dövrdə satirik və yumor ədəbiyyatı da meydana çıxıb. Türk-İslam coğrafiyasında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası böyük hadisələrdən biri idi".

Azərbaycan ədəbiyyatının bu gün dünyanın bütün tanınan dillərinə tərcümə olunduğunu deyən akademik ölkəmizin digər türk dövlətləri ilə bütün sahələrdə olduğu kimi, ədəbi və mənəvi sahədə də sıx bağlarının olduğunu vurğulayıb.

Bu il keçirilən altıncı tədbir çərçivəsində yayım əlaqələrinin gücləndirilməsi, iki ölkənin mədəni həyatına veriləcək töhfələr və bu istiqamətdə həyata keçiriləcək tədbirlər müzakirə olunub.

Forumun ikinci günü AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycanda “Nizami Gəncəvi İli” və nizamişünaslıq nəşrləri”, Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli “Azərbaycan romanı dünya meridianlarında” mövzusunda məruzə ilə çıxış ediblər.

Xalq yazıçısı Çingiz Abdullayevlə keçirilmiş canlı müsahibə böyük maraqla qarşılanıb.

Qeyd edək ki, martın 11-dək davam etmiş forumda 60 ölkədən 345 nəşriyyat şirkəti və tanınmış ədəbiyyatçılar iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: