Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Türk dünyasının coğrafiyası və etnosu”nun sonuncu cildi nəşr edilib
04.03.2021 14:38
  • A-
  • A
  • A+

“Türk dünyasının coğrafiyası və etnosu”nun sonuncu cildi nəşr edilib

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin sonuncu, Regional Coğrafiya adlanan III cildi çapdan çıxıb.

Birinci və ikinci cildlərdə olduğu kimi, üçüncü cildin də ideya müəllifi və məsləhətçisi akademik Akif Əlizadə, baş redaktorları akademiklər Ramiz MəmmədovNizami Cəfərov, buraxılışına məsul mərhum alim Məhərrəm Həsənovdur.

Üç fəsildən ibarət kitabın birinci fəslində 6 müstəqil türk dövlətinin hər birinin fiziki və iqtisadi coğrafiyası vahid sistem halında araşdırılır, təhlil edilir. Burada hər bir dövlətin relyefi, geoloji quruluşu, iqlim şəraiti, hidrologiyası, torpaq və bitki örtüyü, landşaft xüsusiyyətləri, təbiət və tarixi abidələri, turizm-rekreasiya ehtiyatları, ekoloji şəraiti və problemləri haqqında çox geniş məlumat verilir.

İkinci fəsil türk milli qurumlarının coğrafiyasına həsr olunub. Burada müxtəlif dövlətlərin tərkibində yaşayan və Muxtar Respublika statusuna malik qurumların təbii şəraiti, təbii ehtiyatları araşdırılır, onların iqtisadiyyatı-yəni sənayesi, kənd təsərrüfatı, nəqliyyatı, infrastruktur sahələri təhlil edilir, mövcud vəziyyət və perspektiv inkişaf istiqamətləri haqqında məlumat verilir.

Üçüncü fəsil milli qurumu olmayan türk xalqlarına həsr edilib. Həmin xalqlar Rusiya, Çin, İran, Əfqanıstan və başqa dövlətlərin ərazisində öz tarixi vətənlərində yaşasalar da Milli muxtariyyətə malik deyillər. Burada həmin xalqların tarixən formalaşmış adət-ənənələri, milli geyimləri, dilləri və s. ümumtürk xüsusiyyətləri əsasında formalaşdığı göstərilir, müəyyən qədər yaşadıqları ərazinin coğrafi xüsusiyyətləri, onların iqtisadi vəziyyəti təhlil edilir.

Kitab geniş oxucu kütləsi, müxtəlif sahələrin mütəxəssisləri, ali və orta ixtisas, eləcə də orta məktəblərin professor-müəllif heyəti və Böyük Türk dünyasının zəngin mədəniyyətə, mənəviyyata, yazılı və şifahi ədəbiyyata malik olan, özünəməxsusluğu və tolerantlığı ilə fərqlənən türk mənşəli xalqların həyatı, coğrafiyası ilə maraqlanan hər kəs üçün geniş bilik mənbəyi rolunu oynaya bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: