Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Milli məfkurə yaddaşının ensiklopediyası
03.03.2021 17:53
  • A-
  • A
  • A+

Milli məfkurə yaddaşının ensiklopediyası

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun milli humanitar yaddaşın yaşadılması və gələcəyə obyektiv  şəkildə çatdırılması üçün apardığı ardıcıl araşdırmaların uğurlu nəticələrindən biri də bu yaxınlarda nəşr olunmuş “Molla Nəsrəddin” ensiklopediyasıdır.  

“Molla Nəsrəddin” ensiklopediyası AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsində nəşrə hazırlanmış, institutun elmi şurasının qərarı ilə çap olunmuşdur. Bu ensiklopediyanı tanınmış tədqiqatçı, professor Vüqar Əhməd tərtib etmiş və çapa hazırlamışdır. Nəşrin məsul redaktorluğunu Gülbəniz Babayeva icra etmiş, ensiklopediyanın hazırlanması prosesində koordinasiya işlərini Mehman Həsənli yerinə yetirmişdir. Ensiklopediyanın redaksiya heyətində akademik Ramiz Mehdiyev, akademik İsa Həbibbəyli, akademik Teymur Kərimli, yazıçı Anar, tanınmış ədəbiyyatşünaslar - Vüqar Əhməd, Asif Rüstəmli, Əlizadə Əsgərli, Gülbəniz Babayeva, Aygün Bağırlı, Mehman Həsənli  kimi  ictimai-humanitar fikir tarixini araşdıran mütəxəssislərin adları yer alır. Ədəbiyyat İnstitutunun bir sıra əməkdaşları ensiklopediyanın hazırlanmasında müəllif kimi öz oçerkləri ilə iştirak ediblər. Artıq nəşr edilmiş və elmi ictimaiyyətin ixtiyarına verilmiş ensiklopediyanın məzmununu təşkil edən material Ədəbiyyat İnstitutunun əməkdaşları ilə yanaşı, bütövlükdə humanitar elitanın tanınmış mütəxəssisləri tərəfindən hazırlanmışdır.

Ensiklopediyanın hazırlanmasında akademik İsa Həbibbəyli, akademik Teymur Kərimli, professor Asif Rüstəmli, professor Vüqar Əhməd, Gülbəniz Babayeva kimi tanınmış alimlərlə yanaşı, Elçin Mehrəliyev, Rauf Sadıqov, Ayaz Vəfalı, İslam Qəribli, Elmira Qasımova, Müştəba Əliyev, Mehman Həsənli, Aynurə Rzayeva, Gülnar Qasımlı, Dilbər Rzayeva, Təhminə Vəliyeva, Vəfa Babasoy, Şəfəq Nasir kimi ədəbiyyat və mətbuat tarixinin tədqiqatçıları aktiv iştirak ediblər. Ensiklopediyanın müəllifləri arasında Qurban Bayramov, Alxan Məmmədov, Bədirxan Əhmədov, Abid Tahirli, Pərvanə Əhmədli və s. Ədəbiyyat İnstitutunda uzun illər çalışmış təcrübəli ədəbiyyatşünasların da adları yer alır. Ensiklopediyanın hazırlanması zamanı müəyyənləşdirilmiş dövr, sahə və mövzularla bağlı mütəxəssislər bu önəmli işə cəlb edilmiş və nəticədə mükəmməl bir əsər ərsəyə gətirilmişdir. Burada diqqəti çəkən məsələlərdən biri də budur ki, ensiklopediyada yer alan mövzuların hər biri həmin mövzunun tədqiqatçısı tərəfindən təqdim edilmişdir. Beləliklə, akademik yanaşma, elmi obyektivlik və professionallıq prinsipləri tam şəkildə qorunmuşdur.

Ensiklopediya akademik İsa Həbibbəylinin “Molla Nəsrəddin ədəbi məktəbinin ensiklopediyası” adlı ön sözü ilə və dövlətçilik etikasına və yüksək milli-mənəvi dəyər konseptlərinə uyğun olaraq, Milli Öndər Heydər Əliyevin Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalı haqqında fikirlərini və bu möhtəşəm irsə verdiyi yüksək dəyəri ifadə edən “Görkəmli dövlət xadimi Heydər Əliyev “Molla Nəsrəddin” jurnalı və mollanəsrəddinçilər haqqında” adlı dolğun məzmunlu məqalə ilə başlanır.

Ensiklopediyanın strukturu müəyyənləşdirilərkən ilk növbədə onun dövrü məsələsi dəqiqləşdirilmişdir. Məlumdur ki, Molla Nəsrəddin xalq yaradıcılığında lətifə qəhrəmanıdır və müdrik qoca arxetipini özündə ehtiva edən rəmzi  bir obraz kimi jurnalın adı olaraq seçilmişdir. Amma bu jurnal, jurnal olaraq qalmamış, bir ədəbi üslubda birləşən yazarların ədəbi məktəbinə çevrilmiş və Azərbaycan ədəbiyyatı tarixində öz layiqli yerini tutmuşdur.

Ensiklopediyada bu xüsusiyyətlər nəzərə alınmış, “Molla Nəsrəddin” həm milli mətbuat tarixinin bir parçası olaraq jurnal kimi, həm ədəbi dilin təşəkkülündə önəmli bir rol oynamış üslub kimi, həm də maarifçi-realist və satirik ədəbiyyatın parlaq bir dövrü olaraq ədəbi məktəb kimi təqdim edilmişdir. Burada jurnalın əsasını qoymuş müəllif Cəlil Məmmədquluzadə və jurnal, jurnalda yazıları ilə iştirak edən çoxsaylı müəlliflər, bu gün də aktuallığını qoruyan mövzular müvafiq oçerklərdə nəşrə daxil edilmişdir.

Azərbaycan milli mətbuat tarixində mühüm rol oynayan “Molla Nəsrəddin” jurnalı 1906-1932-ci illərdə və müəyyən fasilələrlə bölgənin mədəni mərkəzləri olan Tiflisdə, Təbrizdə və Bakıda nəşr olunub. Jurnalın fəaliyyəti 25 illik bir dövrü əhatə etsə də, ensiklopediya onu təxminən yarım əsrlik bir dövrün içində götürür. Jurnala və onun ətrafındakı milli-mədəni hərəkata XIX əsrin sonları və XX əsrin əvvəlləri kimi  tarixşünaslıqda təsnif edilən dövrün içində və onun üzvi bir hissəsi kimi baxılır. Belə bir baxış Azərbaycan tarixinin və mədəniyyətinin olduqca əhəmiyyətli bir dövrünün aydın şəkildə işıqlandırılmasına və təqdim olunmasına imkan vermişdir. Milli mətbuat olaraq Həsən bəy Zərdabinin “Əkinçi”sindən başlanan bu dövr özünün ən dolğun həyatını Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin”ində yaşayır və ondan sonra gələn amansız repressiya ilə bitir. 1875-1937-ci illər arasında baş verən ictimai-mədəni proseslərin ən önəmli məsələləri bu ensiklopediyada öz əksini tapır.

Təqdim edilən nəşr mövzu baxımından rəngarəngdir. Burada bu və ya başqa şəkildə jurnalla əlaqəsi olan mövzular diqqətdə saxlanılıb, Sokratdan Stolipinə qədər fərqli fərdlər də təqdim edilib, şəxslər, hadisələr  jurnalın yaddaşından götürülüb və onlar peşəkar şəkildə mütəxəssislər tərəfindən oçerkləşdirilib.

Ensiklopediya klassik “Molla Nəsrəddin”çilərlə yanaşı, yeni “Molla Nəsrəddin”çiləri də unutmayıb. “Molla Nəsrəddin”lə əlaqəli araşdırma aparan tədqiqatçılar haqqında da ensiklopediyada məlumat verilib və onlar haqqında xüsusi bir biblioqrafiya da təqdim edilib. Belə bir etik yanaşma tədqiqatçılar üçün böyük diqqət və hörmət olmaqla yanaşı, gənc araşdırmaçılar üçün də elmi tədqiqata təşviq baxımından əhəmiyyətlidir.

Ensiklopediya akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə “Elm” nəşriyyatı tərəfindən yüksək poliqrafik səviyyədə nəşr edilib.

Milli kimliyin unutdurulduğu və millətin ümmət kimi ümumiləşdirildiyi müstəmləkə və istibdad şəraitində “Sizi deyib gəlmişəm” müraciəti ilə milli könül dünyasına daxil olan “Molla Nəsrəddin” milli yaddaşı oyatmaq üçün bütün təsirli üslubi imkanlardan istifadə edərək xalq gülüşünü, yumoru, istehzanı, satiranı bütün realist-maarifçi resurslarını səfərbər edib, müasirliyi ənənə üzərində kökləyib, azadlıq düşüncəsini xalqın ruhunu tam şəkildə ifadə edən və xalqın özünün yaratdığı müdrik qocanın dilindən xalqa çatdırıb.

Jurnalın fəaliyyət dövrünün təxminən dörddə birində iştirak edən Sabirin simasında “gördüklərimin dörddə birini yazmıram” desə də, jurnal əsrin dörddə birini birbaşa yazıb və dolayısı ilə iyirmi dörd əsrin önəmli məsələlərini səhifələrində əks etdirib.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əvvəlki dövrlərinə və rəhbərlərinə sonsuz sayğımızı bildirməklə yanaşı, qeyd etməliyik ki, akademik İsa Həbibbəylinin rəhbərliyi dövründə bu institutun fəaliyyətində keyfiyyətcə yeni bir mərhələ başlanıb. Bu, özünü ən müxtəlif və bütün mümkün təmasların qurulmasında olduğu kimi, ədəbi-humanitar fəaliyyətin bütün sferalarını əhatə edən fundamental elmi-tədqiqat işlərinin aparılmasında da aydın şəkildə göstərir. Azərbaycan ədəbiyyatı tarixinin oncildliyi də, “Molla Nəsrəddin” jurnalının on iki cilddə nəşri də, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyi də və onlarla digər əhəmiyyətli tədqiqat işləri də artıq nəşr olunaraq elmi ictimaiyyətin ixtiyarına verilib. “Molla Nəsrəddin” ensiklopediyası da bu böyük əhəmiyyətli və dəyərli nəşrlərin içində önəmli bir yer tutur.

Akademik İsa Həbibbəylinin təşəbbüsü və təşkilatçılığı ilə hazırlanmış “Molla Nəsrəddin” ensiklopediyası ədəbiyyatşünaslığımız tarixində çox önəmli bir hadisədir və böyük elmi əhəmiyyət daşıyır.

Böyük zəhmət, zəngin təcrübə və geniş təfəkkürün sayəsində hazırlanıb təqdim edilmiş ensiklopediya özündə milli ictimai-humanitar elmimiz üçün bir neçə vacib istiqaməti birləşdirir:

“Molla Nəsrəddin” ensiklopediyası Azərbaycan mətbuat tarixinin məlumat qaynağıdır. Azərbaycan yazı mədəniyyətinin ağızdan kağıza, məlumatın ruznamədən qəzetə, risalədən jurnala qədər keçdiyi tarixi inkişaf yolunun önəmli bir hissəsidir. Bu istiqamətdə ensiklopediya milli mətbuat tariximizin böyük bir dövrünü işıqlandıra bilib. Xüsusilə, qeyd etməliyik ki, sovet dövründə aparılan araşdırmalarda XX əsrin əvvəlləri Azərbaycan mətbuat tarixi təkcə az öyrənilməyib, həm də qeyri-obyektiv şəkildə təqdim edilib. Bu dövr öyrənilərkən bolşevik mətbuatı diqqətdə saxlanılıb və milli-demokratik mətbuatın onlarla nümunəsi araşdırmalara bilərəkdən cəlb edilməyib. Cümhuriyyət hissəsi (1918-1920) boş buraxılan və bütövlükdə az öyrənilmiş dövr olan 1903-1920-ci illər arasında nəşr olunan mətbuat nümunələrinin, qəzetlərin və jurnalların fəaliyyəti bu ensiklopediyada obyektiv şəkildə təqdim edilib. Burada təqdim edilən tədqiqatların nəticələrinin əksəriyyəti yenidir. Mətbuatla bağlı məlumat zənginliyi təqdim edilən ensiklopediyanı mətbut tarixi ensiklopediyası kimi səciyyələndirməyə imkan verir.

“Molla Nəsrəddin” ensiklopediyası Azərbaycan ədəbiyyat tarixinin qaynağıdır, təzkirədən başlayıb gələn inkişaf yolunun əhəmiyyətli bir parçasıdır. XIX əsrin ortalarından XX əsrin 30-cu illərinə qədərki dövrün ədəbiyyatı haqqında bu ensiklopediyada olduqca əhəmiyyətli məlumatlar verilib. Azərbaycan ədəbiyyat tarixinin çox önəmli bir hissəsi olan “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndələrinin həyatı və yaradıcılığı haqqında dəyərli məlumatlar burada bir yerdə və ən son tədqiqatların nəticələri əsasında təqdim edilib. 

“Molla Nəsrəddin” ensiklopediyası Azərbaycan tarixinin məlumat qaynağıdır. Ensiklopediya Azərbaycan tarixinin salnamədən tarixşünaslığa qədər keçdiyi inkişaf yolunun mühüm bir dövrünü əks etdirir. Ensiklopediyada həm “Molla Nəsrəddin” jurnalında gedən materiallar əsasında, həm də həmin dövrün hadisələri kontekstində Azərbaycan tarixinin bir çox səhifələri üzərinə işıq salınıb.

“Molla Nəsrəddin” jurnalı Azərbaycan ictimai-humanitar fikir tarixinin qaynağıdır. Akademik İsa Həbibbəyli kimi görkəmli alimin tədqiqatları ilə ictimai-humanitar fikir tariximizin üzvi bir hissəsi olaraq öyrənilən “Molla Nəsrəddin” jurnalı, onun banisi Cəlil Məmmədquluzadə və əqidə yoldaşlarının Azərbaycan ictimai fikir tarixində oynadığı böyük, vacib və çox əhəmiyyətli rol burada özünün dolğun ifadəsini tapıb. Bu jurnal və ədəbi məktəb Azərbaycan ictimai fikir tarixində oynadığı rolunun səciyyəsi ilə ensiklopediyada öz əksini tapıb.

“Molla Nəsrəddin” jurnalı Azərbaycan milli məfkurəsinin qaynağıdır. Təqdim edilən ensiklopediya ümmətdən millətə dönüşü təmin edən, türkçülülük və azərbaycançılıq fikrini gücləndirən böyük hərəkətverici qüvvənin, məfkurə öndərlərinin fəaliyyətini özündə əks etdirir. XX əsrin əvvəllərində əsrlər ərzində formalaşmış didaktik, yumoristik və satirik xalq gülüşünün nikbin ehtiyatları üzərində fəaliyyətə başlayan “Molla Nəsrəddin”ə qədər milli kimlik düşüncəmiz türklük, oğuzluq, türkmanlıq, qızılbaşlıq, müsəlmanlıq kimi etnik və dini kimlik kateqoriyalarında özünü dərk edərək gəlib çıxır. Milli-mədəni institutlarımızın ciddi şəkildə zədələndiyi dövrdə içində milli məfkurəni təbliğ edən satirik gülüş ilə “Molla Nəsrəddin” kimliyimizdəki yadddaşı oyadır, təzələyir, milli özünüdərk boşluğunu doldurur. Bu prosesin önəmli məsələlərini özündə əks etdirən ensiklopediya milli məfkurə fikrinin yaradıcılarını və təbliğatçılarını da yaxından tanıtmaq üçün etibarlı qaynaqdır. Burada milli asılılıqdan azadlığa, hürriyətdən cümhuriyyətə, türkçülükdən azərbaycançılığa qədər məfkurə fikrinin, milli-mədəni kimliyin tarixi, səciyyəsi və ideya əsasları haqqında məlumatlar mövcuddur.

Müstəqil dövlətçiliyimizi bərpa etdiyimiz dövrdən başlayaraq milli humanitar sahədə strateji istiqamətlərin müəyyənləşdirilməsi, mədəniyyətin, tarixin, ədəbiyyatın, folklorun xalqın öz mənafeyinə uyğun, millətin mənəvi inkişafı naminə öyrənilməsinin aktuallığı daha da artmış oldu. Bu zaman milli köklərə qayıdış, müstəmləkə dövründə zədələnmiş mənəvi dəyər konseptlərinin və mədəni institutların bərpası ilə birlikdə geniş mənada milli mədəniyyət resurslarının dəyərləndirilməsi istiqamətində fəaliyyətin artırılması zərurəti yarandı. Azərbaycanın ictimai-mədəni dəyərlərini öyrənmək və onları müasir dövrün informasiya texnologiyaları şəraitində yığcam məlumat şəklində lüğətləşdirmək, ensiklopediyalaşdırmaq sahəsində atılan uğurlu addımlardan biri də haqqında bəhs olunan ensiklopediyadır.

İnanırıq ki, “Molla Nəsrəddin” ensiklopediyası Azərbaycan mədəni məlumatlarını etibarlı şəkildə müasir cəmiyyətimizə təqdim etməklə yanaşı, onun gələcək nəsillərə də itkisiz və zədəsiz bir şəkildə çatdırılmasını təmin edəcəkdir.  

Ağaverdi XƏLİL, AMEA-nın Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: