www.science.az
15.11.2013 00:00

Ağstafa rayonunda İKT üzrə təlim kurslarının ikinci mərhələsi başa çatıb

Ölkəmizdə dövlət başçısı tərəfindən cari ilin “İKT ili” elan olunması ilə əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq, AMEA-nın müvafiq qurumları tərəfindən mühüm layihələr həyata keçirilir. AMEA İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri tərəfindən regionlarda İKT üzrə bilik və bacarıqların artırılması məqsədilə əhalinin müxtəlif qrupları üçün təlim kurslarının keçirilməsi də bu məqsədi daşıyır. İnstitutun əməkdaşları şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Firudin Ağayev, böyük elmi işçi Gülarə Məmmədova və proqramçı Könül Daşdəmirova noyabrın 1-də Ağstafa rayonu Təhsil şöbəsinə ezam olunmuşlar. Layihə çərçivəsində Ağstafa rayonunda orta ümumtəhsil məktəblərinin informatika və fənn müəllimləri üçün İKT üzrə treninq kurslarının ikinci mərhələsi noyabrın 12-də başa çatıb. Kurslar Ağstafa rayonu Heydər Əliyev Mərkəzində müasir kompüter və avadanlıqlarla təchiz edilmiş siniflərdə aparılıb. Təlimə Ağstafa rayonu və kəndlərinin orta ümumtəhsil məktəblərinin 44 informatika və fənn müəllimləri, müəssisələr üzrə 25 mütəxəssis cəlb edilib. Tədris zamanı “İnformatika” fənni üzrə nəzəri və praktiki biliklər aşılanıb, müəllimlər müxtəlif mövzular üzrə təqdimatlarla çıxış ediblər. Qeyd edək ki, 3 mərhələdən ibarət layihənin sonunda biliklərin xüsusi test proqramı ilə qiymətləndirilməsi və sertifikatlaşdırılma nəzərdə tutulur.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.