Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Qərib Məmmədov beynəlxalq konfransda iştirak edib
03.03.2021 14:26
  • A-
  • A
  • A+

Akademik Qərib Məmmədov beynəlxalq konfransda iştirak edib

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru v.i.e., akademik Qərib Məmmədov Sankt-Peterburq şəhərində keçirilən V.V.Dokuçayevin anadan olmasının 175 illiyinə və Rusiyada elm və texnologiya ilinə həsr olunmuş “XXIV Dokuçayev gənclik oxumaları” adlı onlayn beynəlxalq elmi-praktiki konfransda iştirak edib.

Akademik Q.Məmmədov konfransda “Torpaqşünaslıq rəqəmsal cəmiyyətdə” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, Dokuçayev dünya elminə çoxşaxəli və dərin yaradıcılıq mirası qoymuş, təbiətşünaslığın yeni istiqaməti olan təbii torpaqlar haqqında təlimin banisi hesab edilən ən böyük alimlərdən biridir. Dokuçayevin əsərləri coğrafi tədqiqatların inkişafında, o cümlədən Qafqazın tədqiqində əvəzsiz rol oynayır.

Daha sonra konfransda Sankt-Peterburq Dövlət Universitetinin Torpaqşünaslıq və torpaq ekologiyası kafedrasının müdiri, V.V.Dokuçayev adına Mərkəzi Torpaqşünaslıq Muzeyinin direktoru, professor B.F.Aparin çıxış edərək Azərbaycanda ilk dəfə böyük alim Dokuçayevin elmi işlərinin davamı olaraq CİS texnologiyaları əsasında 1:100000 miqyasında interaktiv elektron torpaq və torpaqların ekoloji qiymət xəritələrinin tərtib edilməsinin təqdirəlayiq olduğunu, həmçinin Azərbaycanın landşaft zona xəritəsinin böyük maraq doğurduğunu bildirib.

Qeyd edək ki, konfransda Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistandan olan alimlər “Dəyişən ətraf mühit şəraitində torpaq”, “Torpaqşünaslıqda informasiya texnologiyaları”, “Torpaq ehtiyatları və torpaqlardan səmərəli istifadə”, “Torpaq çoxfunksiyalı sistem kimi” və s. mövzular ətrafında məruzələrlə çıxış edib və müzakirələr aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: