Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.03.2021 12:22
  • A-
  • A
  • A+

NQİ-də neft-qaz yataqlarının yaranma mexanizminin tədqiqinə töhfə verən araşdırmalar aparılır

NQİ-də neft-qaz yataqlarının yaranma mexanizminin tədqiqinə töhfə verən araşdırmalar aparılır

AMEA-nın Neft və Qaz İnstitutunun (NQİ) Elmi şurasının onlayn iclası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, institutun direktoru, akademik Fəxrəddin Qədirov, Elmi şura üzvləri, müəssisənin şöbə müdirləri və digər aidiyyəti əməkdaşlar iştirak ediblər.

İclası şuranın sədri, akademik F.Qədirov açaraq gündəlikdəki elmi-təşkilati məsələlər barədə məlumat verib.

Sonra müəssisənin Neft-qaz geofizikası şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru Namaz Yusubovun “Cənubi Xəzər çökəkliyinin çöküntü kompleksinin dərin qatlarının neft-qazlılıq potensialı haqqında (seysmik kəşfiyyat və QGT məlumatları əsasında)” adlı məruzəsi dinlənilib. Məruzəçi mövcud seysmik və dərin qazma məlumatlarının kompleks interpretasiyası əsasında Azərbaycan ərazisinin çöküntü kompleksinin geoloji quruluşu və neft-qaz yataqlarının yaranma mexanizmlərinə dair əldə etdiyi bir sıra yeni nəticələri bölüşüb. Bildirib ki, regional miqyaslı seysmik profillər (RMSP) üzrə ümumi dərinlik nöqtəsi (ÜDN) üsulunun istifadəsilə qeydə alınmış əks olunan seysmik dalğa sahəsinin geoloji dəyərləndirilməsi (ƏSDS-GD) əsasında Azərbaycanın depressiya zonalarında, o cümlədən Orta Xəzər və Cənubi Xəzər çökəkliklərinin Azərbaycan sektorlarında akustik bünövrənin yatma dərinlikləri, digər sözlə, çöküntü qatının qalınlığı haqqındakı məlumatlar dəqiqləşdirilib.

N.Yusubov çöküntü kompleksinin dabanının Orta Kür çökəkliyində Yura, Aşağı Kür, Cənubi Xəzər və Orta Xəzər çökəkliklərində və Quba-Xəzəryanı rayonunda Paleozoy yaşlı bünövrə ilə təmasda olması haqqında fikir irəli sürüb. RMSP üzrə ÜDN üsulundan istifadə edilməklə qeydə alınmış ƏSDS-GD əsasında əvvəllər mövcudluğu güman edilən tektonik qırılmaların Azərbaycanın depressiya zonalarının, o cümlədən Cənubi Xəzər və Orta Xəzər çökəkliklərinin çöküntü qatında yer almadığını sübut edən faktlar gətirib. O, həmçinin Məhsuldar Qatın (MQ) Balaxanı lay dəstəsindən sonrakı intervallarında müşahidə olunan tektonik qırılmaların palçıq vulkanizmi ilə əlaqəliliyini seysmik məlumatlar əsasında göstərib. Azərbaycanın neftli-qazlı rayonlarında neft-qaz yataqlarının yaranması haqqında danışarkən N.Yusubov Orta Kür çökəkliyi və Quba Xəzəryanı rayonunda neft-qaz yataqlarının laydaxili miqrasiya nəticəsində ana süxurlardakı, eyni zamanda onların Mezozoy yaşlı çöküntü kompleksilə təmaslarındakı rezervuarlarda, Cənubi Xəzər və ona bitişik Aşağı Kür çökəkliklərində palçıq vulkanizminin eruptiv kanalları ilə Maykop çöküntülərindən daşınan karbohidrogen flüidlərinin MQ-nin rezervuarlarında toplanması nəticəsində yarandıqlarını qeyd edib. Sonda N.Yusubov bildirib ki, tədqiqatın əsas nəticələri üçü yerli, ikisi Rusiya Elmi İstinad İndeksi (РИНЦ) və dördü “Web of Science” və “Scopus” bazalarında indeksləşən jurnallarda olmaqla, 9 elmi məqalədə əksini tapıb.

Sonra məruzə ətrafında müzakirələr aparılıb. Qeyd edilib ki, N.Yusubovun məruzəsi neft-qaz geologiyasının ən aktual məsələlərindən olan neft-qaz yataqlarının yaranma mexanizminin tədqiqinə töhfə verə bilər. Həmçinin nəticələrin ilkin qiymətləndirmə səciyyəsi daşıdığı nəzərə alınaraq mövzu üzrə tədqiqatların davam etdirilməsi haqqında qərar verilib. 

Daha sonra 2021-ci ildə başa çatdırılması planlaşdırılan “Atmosferə atılan karbon dioksid qazının tutularaq sənayedə istifadəsi texnologiyasının Azərbaycanda tətbiqinin elmi-texniki və iqtisadi əsaslandırılması” (rəhbər F.Kərimov) və “Cənubi Xəzər meqaçökəkliyinin geodinamik rejiminin və struktur-tektonik xüsusiyyətlərinin neft-qaz yığımlarının formalaşmasında rolu” (rəhbər professor V.Qurbanov) adlı elmi-tədqiqat işlərinin gedişatı müzakirə edilib. Akademik F.Qədirov sözügedən araşdırmalara dair tapşırıq və tövsiyələrini verib.

İclasda 2021-ci il üçün müəssisənin doktorantura və dissertanturasına qəbul planı, tələbələrin payız sessiyası üzrə attestasiyasının nəticələri haqqında Təhsil şöbəsinin müdiri Arif Hüseynov məlumat verib. Bundan əlavə, geologiya-minerologiya üzrə fəlsəfə doktoru, dosent Məlahət Əfəndiyevanın elmlər doktorluğu üzrə dissertasiya mövzusunun qismən dəyişdirilməsi haqqında müzakirələr aparılıb və mövzu təsdiq edilib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: