Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Humanitar və İctimai Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib
26.02.2021 16:52
  • A-
  • A
  • A+

Humanitar və İctimai Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

Fevralın 26-da AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin onlayn Ümumi yığıncağı keçirilib.

Ümumi yığıncağı AMEA-nın vitse-prezidenti, Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli açaraq, Xocalı soyqı­rımı qurbanlarının və vətən uğrunda canlarını fəda etmiş bütün şəhidləri­mizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Alim Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün gedişin­də törədilmiş 26 fevral Xocalı soyqırımının təfərrüatlarından bəhs edib və bu soyqırımın bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayıb.

Sonra akademik İsa Həbibbəyli gündəlikdəki elmi-təşkilati, kadr və cari məsələləri iştirakçıların diqqətinə çatdırıb. İlk öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə əlaqədar AMEA-nın Tədbirlər planının icrası və qarşıda duran vəzifələr haqqında söz açıb.

İclasda, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı  Humanitar və İctimai Elmlər Bölməsinin Fəaliyyət proqramı və Tədbirlər planının icrasına dair müzakirələr edilib, elmi müəssisələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

YUNESKO-nun Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin fəaliyyəti diqqəti çatdırılıb, komitənin sədri, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin hesabatı dinlənilib.

Ümumi yığıncaqda Humanitar və İctimai Elmlər Bölməsi üzrə yüksəkixtisaslı elmi kadrların hazırlanması geniş təhlil olunub. Akademik İsa Həbibbəyli son illərdə elmi müəssisələrdəki kadr potensialına dair nöqsanları diqqətə çatdırıb, bu sahəyə diqqət və qayğının artırılmasının vacibliyini vurğulayıb.

Daha sonra HEB və İEB-in elmi-tədqiqat müəssisələri ilə ali təhsil müəssisələri arasında əlaqələri genişləndirmək məqsədilə baza kafedraların, beynəlxalq elmi əməkdaşlığı gücləndirmək üçün isə virtual laboratoriyaların yaradılması tövsiyə olunub.

“Azərbaycan tarixi” çoxcildliyinin plan-prospektinin təkmilləşdirilmiş layihəsinə yenidən baxılıb, “İrəvan şəhəri - necə varsa” kitabının nəşrə tövsiyə edilməsinə dair qərarlar qəbul olunub.

İclasda bir sıra kadr  və cari məsələlərə baxılıb. Humanitar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsinin elmi-tədqiqat müəssisələrində 2021-ci il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturayaqəbul planı müzakirə edilib.

Daha sonra “Elm və həyat” jurnalının 60 illiyi, AMEA-nın müxbir üzvləri Bəxtiyar Əliyevin 60, Nüşabə Araslı və Qorxmaz İmanovun 80 illik yubileylərinə dair AMEA RH qarşısında vəsatət qaldırılması qərara alınıb.

“Türkologiya” jurnalının fəaliyyətində səmərəli xidmətləri nəzərə alınaraq jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimova Humanitar Elmlər Bölməsinin Fəxri fərmanı, digər əməkdaşlara isə Humanitar Elmlər Bölməsinin təşəkkürnaməsinin təqdim ediləcəyi bildirilib.

Sonda yığıncaq iştirakçılarının sualları cavablandırılıb, humanitar və ictimai elmlərin qarşıda duran vəzifələri və  fəaliyyətinə dair müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: