www.science.az
26.02.2021 14:59

Qarabağın iqtisadiyyatı yenidən qurulacaq

Akif Musayev: “İşğaldan azad edilmiş ərazilər ölkənin ən abad guşələrindən birinə çevriləcək”

Müsahibimiz İqtisadiyyat İnstitutunun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Akif Musayevdir.

- Akif müəllim, AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA-nın İqtisadiyyat İnstitutunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılıb. Bu elmi mərkəzdə hansı istiqamətlərdə tədqiqatlar aparılacaq?

- Mərkəzdə konfliktsonrası reabilitasiyanın ümumi (metodoloji) prinsiplərinin hazırlanması; ərazilərin konfliktəqədərki və konfliktsonrası vəziyyətinin müqayisəli qiymətləndirilməsi; post-konflikt ərazilərdə dövlət idarəetmə sisteminin və icma özünüidarəetməsinin spesifik xüsusiyyətləri; post-konflikt ərazilərdə həyat təminatı sistemlərinin (o cümlədən yaşayış fondunun, enerji təminatının, su və qaz təchizatının) yenidən qurulması və əhalinin repatriasiyasının təşkili; post-konflikt ərazilərdə infrastrukturun (o cümlədən mülki idarəetmə orqanlarının iş infrastrukturunun, nəqliyyat infrastrukturunun, telekommunikasiyaların və sosial obyektlərin) bərpası; post-konflikt ərazilərdə iqtisadiyyatın dirçəldilməsi üzrə tədbirlərin, ölkədaxili və beynəlxalq müqayisəli üstünlük sahələrinin müəyyənləşdirilməsi; konfliktsonrası reabilitasiya sahəsində beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq imkanlarının qiymətləndirilməsi; konfliktsonrası reabilitasiya prosesində ortaya çıxa biləcək potensial xarici və daxili risklərin idarə olunması istiqamətində araşdırmalar aparılacaq.

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, biz işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış astanasındayıq. Bu sahədə əsas prioritetlər nədən ibarətdir?

- İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb və bu məsələnin növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilməsi Azərbaycan dövlətinin bu işə nə dərəcədə böyük önəm verdiyinin bariz nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə dediyi kimi: “Bizim planlarımız böyükdür. Müharibə başa çatıb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin. Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır. Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir. Keçmiş köçkünlərə tezliklə öz doğma torpaqlarına qayıtmağı arzulayıram. Hər halda Azərbaycan dövləti əlindən gələni edəcək ki, bu gün daha da yaxınlaşsın. Vahid Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcəkdir”.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların el-obasına qayıdışı təmin olunmalıdır. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaq.

Əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Bu, stimullar əsasında və dövlət-özəl tərəfdaşlığının inkişafı çərçivəsində həyata keçirilməlidir. Yalnız belə şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasını təmin etmək mümkündür. Bu prioritetin uğurla reallaşdırılması üçün aşağıdakı iki məqsədə nail olunmalıdır:

- dayanıqlı məskunlaşma;

- iqtisadi fəaliyyətə reinteqrasiya.

44 günlük Vətən müharibəsinin böyük qələbə ilə yekunlaşması məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdaraq orada yaşaması imkanı yaratmışdır. İşğaldan azad olunmuş bölgələrdə əhalinin dayanıqlı məskunlaşması təmin edilməlidir. Bu məqsədlə həmin ərazilər cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməli, dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılmalıdır.

Hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların əbədi məskunlaşması üçün böyük əhəmiyyət daşıyacaq. Bunun üçün yeni ərazilərdə layiqli yaşayış təmin edilməli, müasir infrastruktur qurulmalı, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlıq olmalıdır. Regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin edilməlidir.

İşğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyi bərpa edilməlidir. Yeni bölgə iqtisadi fəaliyyətin aparıcı həlqələrindən birinə çevrilməli və ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə malik olmalıdır. Regionun dayanıqlı inkişafı burada iqtisadiyyatın ehtiyaclarının doğru resurslarla təmin edilməsindən asılı olacaq, təbii resurs bolluğu və qazanılan tarixi imic bu ərazilərə sərmayə cəlbinə imkan verəcək.

Möhkəm təməl üzərində qurulan yaşayışı təmin etməklə bölgənin ölkə üzrə iqtisadi fəaliyyətdə payını işğaldan öncəki vəziyyətə çatdıra və onu davamlı artıra bilərik. Bu prosesdə zəruri stimullara əsaslanan özəl təşəbbüslərin hərtərəfli təşviqi, eləcə də dövlət-özəl tərəfdaşlığının inkişafı vacibdir. Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcək.

Bildiyiniz kimi, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı, onun nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə İdarələrarası Mərkəz yaradılıb. Mərkəzdə müxtəlif istqamətli 17 işçi qrupu fəaliyyət göstərir. Mənim də təmsil olunduğum Akademik və təhsil məsələləri üzrə analitik İşçi Qrup tərəfindən hazırda məcburi köçkünlərin Qarabağa repatriasiyasının effektiv təşkili sahəsində sistemli empirik tədqiqatlar aparılır. Bu tədqiqatlar post-konflikt reabilitasiyanın planlaşdırılmasında və effektiv təşkilində bir növ baza rolunu oynayacaq, çünki bütün bərpa işləri, o cümlədən həyat təminatı sistemlərinin və fiziki infrastrukturun yenidən qurulması qarşısında dayanan əsas vəzifə azad edilmiş ərazilərə qayıdan insanların rahat, firavan  və daimi yaşayışı və məşğulluğunun təmini üçün şərait yaratmaqdır.

- İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması, məcburi köçkünlərin öz yurdlarına qayıtması, regionun gələcək sosial-iqtisadi inkişafı olduqca çətin və yüksək məbləğdə vəsait tələb edən prosesdir. Maliyyələşmə necə və hansı mənbələr hesabına həyata keçiriləcək?

- Artıq azad olunmuş torpaqlarda bərpa işlərinə başlanılıb. Qarabağda quruculuq işlərinin aparılması üçün 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait də ayrılıb. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” yaradılıb. Bu fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Bir sıra dost ölkələr - Türkiyə, Pakistan, İsrail, Macarıstan, İran, İtaliya, Böyük Britaniya, ABŞ və s. işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində iştirak etmək arzusunda olduğunu bildirib. Azərbaycan dövləti də dost ölkələrlə bu sahədə əməkdaşlıq etmək niyyətini açıqlayıb. Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bu barədə öz fikrini bildirib: “Dost ölkələri Azərbaycana cəlb edirik və cəlb edəcəyik. Birinci kontrakt Türkiyə şirkəti ilə bağlanıb, ikinci kontraktı İtaliyadan olan bir şirkətlə bağlamaq planlaşdırılır. Fürsətdən istifadə edib Azərbaycanın dostluq münasibətləri saxladığı dövlətlərin, ölkələrin başçılarına müraciət etmək istərdim ki, onların şirkətləri də bu layihələrdə podratçılar kimi fəal iştirak etsinlər. Bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin. Qoy onlar da bu layihələri həyata keçirə bilsinlər və həmrəylik nümayiş etdirsinlər, ona görə ki, biz, heç şübhəsiz, bütün şəhərləri bərpa edəcəyik, Qarabağı dirçəldəcəyik və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik”.

Artıq Qarabağda quruculuq işləri sahəsində xarici ölkələrin şirkətləri ilə konkret əməkdaşlığa başlanılıb. Belə ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində elektroenergetika infrastrukturunun yaradılması məqsədilə “Azərenerji” ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kilovoltluq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz İtaliya şirkəti həyata keçirəcək.

Türkiyədə fəaliyyət göstərən, 130 texnologiya şirkətinə dəstək verən “GOSB” texnoparkı ilə Azərbaycan İnnovasiyalar Agentliyi arasında imzalanmış “Mədəni və Elmi Əməkdaşlıq” memorandumuna əsasən Qarabağda Yüksək Texnologiyalar Parkı yaradılacaq. Parkda ən son “soft” və “hard” elmi araşdırmaların aparılması, eyni zamanda yüksək texnoloji cihazların istehsalı planlaşdırılır.

Azərbaycan və Macarıstan macar şirkətlərinin Qarabağda ərazilərin bərpasında iştirak etməsini müzakirə ediblər. Macarıstanın “EximBank”ı rekonstruksiya proqramında iştirak etmək niyyətində olan macar şirkətləri üçün 100 milyon dollar məbləğində kredit xətti açıb. Müharibənin fəsadlarının aradan qaldırılması çərçivəsində Macarıstan ərazilərin minalardan təmizlənməsi işlərinə 25 min avro qrant təklif edib. Böyük Britaniya Qarabağın azad edilmiş ərazilərinin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə biləcəyini bildirib.

- Bəs, beynəlxalq təcrübədə post-konflikt ərazilərin bərpasının maliyyələşdirilməsi sahəsində hansı müsbət təcrübələr var?

- Beynəlxalq təcrübəyə nəzər salsaq, Yaponiya, Qərbi Avropa ölkələri, xüsusilə Almaniya, yaxın keçmişdə İraq, Livan və s. ölkələrə müharibədən sonrakı illərdə maliyyə, ərzaq və başqa ehtiyaclarını qarşılayan müxtəlif istiqamətli yardımlar həyata keçirilib. Hələ ikinci dünya müharibəsində Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Belçikanın bəzi qabaqcıl sənaye və mədəniyyət mərkəzləri də daxil olmaqla bir çox şəhərləri dağıdılmışdı.

Nəzərdən keçirdiyimiz dünya təcrübəsinə əsasən qeyd edə bilərik ki, hərbi əməliyyatlar sona çatdıqdan sonra qarşıya qoyulan ilk məqsəd müharibədən çıxmış ölkə əhalisinin ilkin ehtiyaclarını qarşılamaq, iqtisadiyyatı zəifləmiş regionun inkişafını təmin etməkdir. Bu və sonrakı, yəni yenidənqurma mərhələlərində xarici ölkələr, beynəlxalq qurum və təşkilatların müxtəlif istiqamətli yardımları mühüm rol oynayır. Müxtəlif zamanlarda fərqli ölkələr üçün göstərilmiş yardımları aşağıdakı kimi ümumiləşdirə bilərik: ianələr; investisiyalar; kreditlər; qrantlar; borcların silinməsi; yerli banklara depozitlərin qoyulması; yerli valyutanın dəyərinin yüksəldilməsi.

İşğaldan azad olunmuş Qarabağda ərazilərin sistemli şəkildə bərpa və yenidənqurma işləri həyata keçiriləcək, əhalinin məskunlaşdırılmasına başlanılacaq, böyük potensiala malik regionun iqtisadiyyatı inkişaf etdiriləcək. Böyük vəsait tələb edəcək və Qarabağımızı yenidən cənnət bir məkana çevirəcək bu tədbirlərin maliyyələşdirilməsi sahəsində beynəlxalq təcrübədən də istifadə edilməsi ölkəmiz üçün faydalı ola bilər. Nəticə etibarilə, Azərbaycan dövlətinin və cəmiyyətinin, xarici tərəfdaşların da iştirakı ilə bərpa və yenidənqurma işləri uğurla icra ediləcək.

- Mərkəz yaxın illər ərzində hansı elmi problemlərin araşdırılması ilə məşğul olacaq?

- Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin fəliyyət planı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq tərtib edilmiş AMEA İqtisadiyyat İnstitutunun 2022-2025-ci illər üçün elmi-tədqiqat istiqamətinə uyğun olaraq müəyyənləşdirilmişdir. Mərkəzdə 2022-2025-ci illər üçün Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində iqtisadiyyatın bərpası problemi üzrə “Post-konflikt ərazilərdə iqtisadiyyatın bərpasında dövlət-özəl əməkdaşlığının effektiv formaları” plan işinin yerinə yetirilməsi nəzərdə tutulur.

İşğaldan azad olunmuş ərazilərdə iqtsadi quruculuq üçün vacib olan məsələlərdən biri də bölgənin potensial müqayisəli üstünlük sahələrinin müəyyən edilməsidir. Həm ölkədaxili, həm də beynəlxalq üstünlüklərin müəyyənləşdirilməsi zamanı işğaldan azad olunmuş ərazilərin iqtisadi resursları, işğala qədərki ənənəvi məşğulluq, repatriantların vərdiş və peşəkarlıq səviyyəsi nəzərə alınmalıdır. Həmçinin, post-konflikt ərazilərlə ölkənin digər rayonları arasında istehsal-emal-satış zəncirindəki qarşılıqlı əlaqələrin çərçivəsi dəyərləndirilməlidir. Bütövlükdə son rəqəmsal metodologiyalardan istifadə etməklə elmi tədqiqatlar əsasında bölgə üçün müqayisəli üstünlük sahələrinin də müəyyən edilməsi nəzərdə tutulur.

- Nəzərdə tutduğunuz işlərin həyata keçirilməsində elmi mərkəzə uğurlar arzulayırıq.

Müsahibəni hazırladı:

Səidə RZAYEVA

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.