www.science.az
26.02.2021 12:05

“Səhiyyədən musiqiyə qədər bütün sahələrdə Lütfi Zadə nəzəriyyəsi tətbiq edilir”

Dünyaca məşhur alim, bu gün də elm və istehsalatda geniş tətbiq olunan 6 mühüm nəzəriyyənin banisi, ABŞ-ın Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxs, bir çox xarici ölkə akademiyalarının fəxri üzvü, eyni zamanda onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktoru olan azərbaycanlı - Lütfi Zadə. Onun nəzəriyyələri bu gün “Mitsubishi”, “Toshiba”, “Hondo”, “Sony", “Canon”, “General Motors” və s. kimi dünyanın aparıcı şirkətləri tərəfindən tətbiq olunur. Dahi alimin nəzəriyyələrindən nəinki istehsalatda, həmçinin psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə və sosiologiyada da istifadə edilir.  

Maraqlı məqamlardan biri də odur ki, Lütfi Zadənin kitabı olmayıb. Görkəmli alim əsas fundamental elmi fikirlərini məqalələr vasitəsilə geniş elmi ictimaiyyətə təqdim etməyin mümkünlüyünü sübut edib.

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi, texnika üzrə elmlər doktoru, professor Ramin Rzayev hesab edir ki, Lütfi Zadənin yaratdığı nəzəriyyəyə əsasən, hesablama prosesinə kəmiyyətlərlə yanaşı, keyfiyyət göstəriciləri ilə də müdaxilə etmək olur və bu, olduqca vacib tezisdir. Ramin Rzayevin sözlərinə görə, səhiyyədən musiqiyə qədər bütün sahələrdə bu nəzəriyyənin tətbiq olunması müşahidə edilir. Bu gün Azərbaycanda gənc alimlərimizə dəstək olan bir mərkəz fəaliyyət göstərir. Təsadüfi deyil ki, həmin mərkəz görkəmli alim Lütfi Zadənin adını daşıyır.

Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.