Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Xocalı faciəsi: səbəbləri, nəticəsi və dərsləri
25.02.2021 16:10
  • A-
  • A
  • A+

Xocalı faciəsi: səbəbləri, nəticəsi və dərsləri

AMEA-nın Naxçıvan Bölməsində “Xocalı faciəsi: səbəbləri, nəticəsi və dərsləri” mövzusunda konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, ermənilərin azərbaycanlılara qarşı əsrlərboyu həyata keçirdikləri soyqırım və etnik təmizləmə siyasəti onların “Böyük Ermənistan” yaratmaq xülyasına xidmət edən cinayət əməlləridir. Alim çıxışında ermənilərin məqsədli şəkildə Azərbaycan torpaqlarına köçürülməsi, Dağlıq Qarabağ münaqişəsinin meydana gəlməsi, azərbaycanlıların öz doğma torpaqlarından deportasiyası kimi məsələlərə toxunub. Mənfur ermənilərin xalqımıza qarşı ən qəddar zorakılıq üsullarından istifadə etməklə tarixdə misli görünməmiş cinayətlər törətdiyini söyləyən bölmə sədri 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı zəfərindən danışıb. Dövlətimizin iqtisadi gücünün, hərbi potensialının və beynəlxalq aləmdə nüfuzunun artdığını, ölkəmizin hərtərəfli inkişafa nail olduğunu qeyd edən akademik erməni vandalizmi qurbanlarının qisasının alındığını söyləyib.

Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda AMEA Naxçıvan Bölməsinin əməkdaşları - tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun “Xocalı faciəsi ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət”, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “İnsanlığa qarşı cinayət: Xocalı faciəsi” və filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Xocalı faciəsi ədəbiyyatda” mövzulu məruzələri dinlənilib.

Dosent Asəf Orucov məruzəsində Xocalı faciəsi ərəfəsində ölkədə mövcud olan ağır ictimai-siyasi vəziyyət, hakim dairələrdəki səriştəsiz rəhbərlərin idarəçilik qabiliyyətinin olmaması səbəbindən xalqın düçar olduğu durumdan bəhs edib. 

Tarixin müxtəlif dövrlərində xalqımıza qarşı törədilən cinayətlərə toxunan məruzəçi Emin Şıxəliyev Xocavənd rayonunun Qaradağlı kəndində 1992-ci ilin fevral ayının 17-də qəddarlıqla həyata keçirilən soyqırımı - Qaradağlı faciəsini xatırladaraq qısa müddət sonra Xocalıda törədilən amansız qətliamın baş vermə səbəblərindən danışıb. Tədqiqatçı 1905, 1906, 1917 və 1918-ci illərdə də Xocalının erməni təcavüzünə məruz qalmasına diqqət çəkərək onun mühüm geostrateji mövqeyindən bəhs edib. Vurğulanıb ki, Azərbaycan tarixinin ən ağrılı və acılı səhifələrindən olan Qaradağlı və Xocalı faciələri dinc əhaliyə qarşı törədilmiş soyqırımlardır.

Dosent Ramiz Qasımov isə məruzəsində Xocalı faciəsinin bədii ədəbiyyat nümunələrində real təsvirinin oxucularda bədii yaddaş formalaşdırdığını, gənc nəsildə milli vətənpərvərlik hissi aşıladığını diqqətə çatdırıb. “Ədəbiyyat sərhəd tanımır”, - deyən məruzəçi şairlərimizin yaradıcılığından Xocalı faciəsinə həsr olunmuş bədii nümunələr səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: