Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Biologiya Problemləri üzrə Elmi Şuranın ilk iclasi keçirilib
22.01.2015 00:00
  • A-
  • A
  • A+

Biologiya Problemləri üzrə Elmi Şuranın ilk iclasi keçirilib

AMEA Botanika İnstitutunun laboratoriya korpusunda Biologiya Problemləri üzrə Elmi Şuranın yeni tərkibdə ilk iclasi keçirilib.

Elmi Şuranın sədr müavini, akademik İradə Hüseynova iclası giriş sözü ilə açaraq respublikada elmi-təşkilati fəaliyyətin əlaqələndirilməsi, elmin inkişafının təşkili və təmin edilməsi ilə bağlı işləri həyata keçirən Əlaqələndirmə Şurası və Biologiya Problemləri üzrə Elmi Şura haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Əlaqələndirmə Şurası və elmin müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərən problem şuraları Azərbaycan elminin daha da inkişaf etdirilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməsində aparıcı rol oynamalı və elmi potensialı səfərbər etməlidirlər.

Hazırda problem şuraları qarşısında mühüm vəzifələrin dayandığını söyləyən İ.Hüseynova bildirib ki, ilk növbədə fundamental və tətbiqi elmi tədqiqatların prioritet istiqamətləri və mövzuları müəyyənləşdirilməli, bu istiqamətlər üzrə tədqiqatların aparılması təmin edilməli, elmi-tədqiqat və ali təhsil müəssisələri tərəfindən elmi-tədqiqat işlərinin planlarının hazırlanması, prioritet problemlərin və mövzuların elmi-tədqiqat işlərinin planlarında nəzərə alınmasına diqqət yetirilməlidir. Həmçinin, respublikanın elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi-tədqiqatlar əlaqələndirilməli, təkrarçılıq aradan qaldırılmalı, kompleks tədqiqatların aparılması təşkil edilməli, fundamental və tətbiqi elmi-tədqiqatlar üzrə dövlət proqramlarının hazırlanmasında və yerinə yetirilməsində müxtəlif elmi-tədqiqat və ali təhsil müəssisələri ilə AMEA-nın elmi qurumları birgə fəaliyyəti daha da gücləndirilməlidir.

İ.Hüseynova akademik Cəlal Əliyevin sədri olduğu Biologiya Problemləri üzrə Elmi Şuranın yeni tərkibi və şuranın nəzdində yenidən təşkil olunmuş Fiziki-Kimyəvi Biologiya, Botanika, Fiziologiya, Zoologiya və Biomüxtəliflik Seksiyaları, onların rəhbərləri və üzvləri barədə də məlumat verib. Biologiya Problemləri üzrə Elmi Şuranın yeni tərkibinin 25 nəfərdən ibarət olduğunu söyləyən alim bu qurumda respublikada elmi-tədqiqat və ali təhsil müəssisələrində çalışan aparıcı mütəxəssislərin təmsil olunduğunu bildirib.

Diqqətə çatdırılıb ki, artıq hər bir seksiya öz iclasını keçirmiş, Elmi Şuraya daxil olan doktorant və dissertantların elmi-tədqiqat işlərinin mövzuları elmi rəhbərlərinin iştirakı ilə geniş müzakirə olunmuş və mövzular üzrə lazımi dəyişikliklərin edilməsi məqsədəuyğun hesab edilmişdir.

Biologiya Problemləri üzrə Elmi Şuranın ümumi iclasında bu məsələlər yenidən nəzərdən keçirilib, bəzi mövzularda dəyişiklik edilib, müəyyən elmi işlərin adlarında düzəlişlər olunmaqla təsdiq edilib.

Müzakirələrdə Biologiya Problemləri üzrə Elmi Şuranın sədr müavini, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, şuranın elmi katibi, AMEA-nın müxbir üzvü Pənah Muradov, üzvlərdən AMEA-nın müxbir üzvləri Maqsud Qurbanov, Validə Əlizadə, İlham Ələkbərov, professorlar Səyyarə İbadullayeva, Xudaverdi Qəmbərov, Səftər Süleymanov, Ədalət Fərəcov, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova, Yaşar Feyziyev, Mehman Axundov, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov və başqaları müzakirələrdə fəal iştirak edərək öz fikir və təkliflərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: