Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Rasim Əliquliyev: “Dil millətin varlığı, sərvəti və mədəniyyətidir”
22.02.2021 14:55
  • A-
  • A
  • A+

Akademik Rasim Əliquliyev: “Dil millətin varlığı, sərvəti və mədəniyyətidir”

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan onlayn elmi seminar keçirilib.

Seminarda çıxış edən AMEA-nın vitse-prezidenti, müəssisənin direktoru, akademik Rasim Əliquliyev bildirib ki, hazırda qlobal dünyada elə proseslər gedir ki, bəzi dillər daha çox istifadə olunur, nisbətən geniş yayılmayan dillər isə sıradan çıxmaq üzrədir. “Dil millətin varlığı, sərvəti və mədəniyyətidir”, - deyən alim müasir dövrdə bu məsələ ilə bağlı dünyada ciddi narahatlıqların olduğunu, bir çox dövlətlərin və alimlərin həyəcan təbili çaldığını deyib. Bəzi xalqların özünün identikliyini itirmə təhlükəsi ilə üz-üzə olduğunu deyən akademik cəmiyyətdə multikultural və multilinqual (çoxdilli) mühitin formalaşması, ayrı-ayrı xalqların dillərinin qorunması, həmin dillərdə təhsilin həyata keçirilməsinin müasir dövrdə aktuallıq kəsb etdiyini diqqətə çatdırıb. Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması və rəsmən tanınmasında ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışan alim ulu öndərin Azərbaycan dilinin inkişafına hər zaman böyük önəm verdiyini söyləyib.

Akademik R.Əliquliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dilimizin inkişafı, orijinallığının qorunub saxlanması və nüfuzunun yüksəldilməsinə xüsusi diqqət göstərdiyini, bu sahədə məqsədyönlü siyasət apardığını, bir sıra fərman və sərəncamlar imzaladığını bildirib. Qeyd edib ki, dövlət başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda müvafiq qurumlar və alimlər qarşısında bir sıra mühüm vəzifələr qoyulub. Alim AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dilinin nəzəri əsasları, tarixi və mövcud vəziyyəti, dilin qorunması və zənginləşdirilməsi ilə bağlı tədqiqatların aparıldığını, bir sıra mühüm nailiyyətlərin əldə olunduğunu nəzərə çatdırıb.

AMEA-nın vitse-prezidenti rəhbərlik etdiyi qurumun da Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı aparılan tədqiqatlara elmi dəstək verdiyini qeyd edib. Bu istiqamətdə İnformasiya Texnologiyaları və Nəsimi adına Dilçilik institutlarının alim və mütəxəssislərinin birgə fəaliyyətinin bəhrəsi olan Milli Terminoloji İnformasiya Sisteminin və terminologiya.az veb-portalının hazırlandığını xatırladıb.

Akademik qeyd edib ki, dilin qorunması tək dilçinin deyil, həm də hüquq, informasiya texnologiyaları və digər sahədən olan mütəxəssislərin, alimlərin hədəfidir. Həmçinin bildirib ki, Azərbaycan dilinin təhlükəsizliyinin təmin olunması hər bir vətəndaşımızın mühüm vəzifəsi olmalıdır. Dilimizə müdaxilələrin artdığı, çoxlu yad sözlərin daxil olduğu bir dövrdə milli terminoloji bazamız üçün müəyyən təhlükələrin yarandığını qeyd edən institut direktoru bu kimi problemlərin qarşısının alınması, dilimizin mühafizə edilməsi məqsədilə intellektual proqramların hazırlanmasının zəruriliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: