www.science.az
22.02.2021 11:42

Abdulla Şaiq: Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır

Fevralın sonu iki əlamətdar günə təsadüf edir. Ayın 21-də Beynəlxalq Ana Dili Günü qeyd olunur, 24-də isə görkəmli Azərbaycan şairi, yazıçısı, dramaturqu, tanınmış publisist, pedaqoq, maarifçi, tərcüməçi, milli uşaq ədəbiyyatının banilərindən biri Abdulla Şaiqin anadan olmasından 140 il ötür. Bu iki hadisəylə əlaqədar biz ədibin nəvəsi, Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru, AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadə ilə söhbət etdik.

- Ülkər xanım, atanız akademik Kamal Talıbzadə, babanız Abdulla Şaiq, ulu babanız Axund Mustafa Talıbzadə, babanızın qardaşı Yusif Ziya dövrlərinin tanınmış, qabaqcıl şəxsiyyətlərindən olublar. Talıbzadələr nəslinin şəcərəsindən danışsaq yerinə düşər.

- Adbulla Şaiq 1881-ci il fevralın 24-də Tiflisdə anadan olub. Onun nəsli çox dərin köklərə malikdir. Qədim Borçalı mahalında bu nəsil “Axund uşaqları” adı ilə məşhur idi. A.Şaiqin Borçalı mahalının Şəmsəddin sultanlığında yaşayan ulu babası Mustafa kişi XVII əsrin ortalarında 4 oğlu ilə birlikdə həmin mahalın Sarvan kəndinə köçüb. Dini təhsili olan, ədəbiyyatla maraqlanan oğlanlarını Tiflisə yaxın bir yerə köçürməkdə məqsəd onların təhsillərini davam etdirmək idi.

Şaiqin babası xəttat Süleyman Talıb oğlu dövrünün tanınmış din xadimlərindən olub. Açıq fikirli din xadimi və maarifçi olan atası Axund Mustafa Talıbzadə Zaqafqaziya Ruhani İdarəsində Əlibəy Hüseynzadənin babası, Şeyxülislam Molla Əhməd Səlyaninin müavini idi. O, həmçinin Ruhani idarəsinin nəzdində olan “Rüşdiyyə məktəbində” dərs deyib, dərsliklərin yazılmasında yaxından iştirak edib. Şaiq xatirələrində atası ilə bağlı yazır: “Atamın ruhani olmasına baxmayaraq, o öz təbiəti etibarı ilə daha çox müəllimə bənzəyirdi. O, məhdud fikirli, mütəəssib, zaman və mühitini düşünməyən ruhanilərdən deyildi. Vəzifəsinə sadiq, haqqı və doğruluğu sevən, zamanın maarifçi şəxslərindən idi... Bütün Tiflis camaatı onu sevirdi...”

Şaiqin böyük qardaşı Axund Yusif Ziya Talıbzadə XX əsrin əvvəllərində türkçülük, islamçılıq və azərbaycançılığın ideoloqlarından biri, publisist, maarifçi, dramaturq, hərbi və siyasi xadim olub. Əgər fikir verdinizsə bu soyun, demək olar ki, bütün nümayəndələri maarifçi olublar, maarifçilik, müəllimlik onların qanlarında idi.

- Bilirəm ki, Abdulla Şaiqin təhsil almasında və gələcəkdə müəllim kimi iş fəaliyyətinə başlamasında Nəriman Nərimanovun rolu böyükdür. Biraz Talıbzadələr ailəsinin Nəriman Nərimanovla münasibətlərindən söhbət edərdik.

- A.Şaiq öz həyatını “Xatirələri”ndə elə gözəl qələmə alıb ki, mən sizin bütün suallarınıza onun öz sözlərilə cavab vermək istəyirəm: “Mən hələ kiçik ikən Nəriman Nərimanov Qori seminariyasını qurtarıb Tiflisə qayıtdığı zaman atam ilə görüşə gəlmişdi. Lakin kiçik olduğumdan sonralar onun siması hafizəmdən silinmişdi. Ailə dostluğumuz olduğuna görə Bakıya köçdükdən sonra anam ilə Nərimanı görməyə getdim.”

A.Şaiq 1901-ci ildə Bakıya gəlir və burada müəllimlik hüququ almaq üçün imtahana hazırlaşır. Gənc Abdullanın müəllimlik arzusunda olduğunu görən N.Nərimanov ona bu işdə köməklik edir. O, xalq komissarı M.Aqanoviçə xahiş məktubu ilə müraciət edib, A.Şaiqin müəllimlik hüququ alması üçün imtahana buraxılmasına icazə istəyir. A.Şaiq imperator III Aleksandr adına Birinci Bakı kişi gimnaziyasında N.Nərimanovun iştirak etdiyi komissiya qarşısında əla qiymətlə imtahan verərək orta məktəbdə Azərbaycan dili müəllimi olmaq hüququ qazanır və sentyabr ayından etibarən 6 sinifli şəhər məktəbinə ehtiyat müəllimi təyin olunur.

- Abdulla Şaiq şair, yazıçı, publisist, dramaturq kimi ədəbiyyatımızda öz dəsti-xətti ilə seçilən ədiblərimizdəndir. Həmçinin Azərbaycan uşaq ədəbiyyatının inkişafı, Uşaq teatrının yaranması da Şaiqin adıyla bağlıdır. Necə düşünürsünüz, bu gün ölkəmizdə uşaq ədəbiyyatı sahəsində inkişaf yetərincədirmi?

- Abdulla Şaiqin uşaq əsərləri artıq 100 ildən çoxdur ki, bizim körpə balaların dilindən düşmür. Ən kiçik balalarımızın əzbərlədiyi ilk şeir nümunələri onun qələminə məxsusdur. Uşaqların bütün yaş dövrlərinə məxsus şeir və hekayələri, povestləri, dram əsərləri indiyədək dillər əzbəridir. A.Şaiq, A.Səhhət, M.Ə.Sabir və digər klassiklərimizin uşaq əsərləri dillərinin saflığı, məzmunları ilə uşaqları özlərinə cəlb edirlər. Həm də mənə elə gəlir ki, Şaiqin uşaq əsərlərinin sevilməsinin bir səbəbi də ondadır ki, o bu əsərləri bir pedaqoq kimi, uzun illər uşaqlarla işləyən, onların psixologiyasına dərindən bələd olan bir insan kimi yazıb. Ona görə uşaqlar onun şeirlərini əzbərləyəndə çətinlik çəkmirlər. Məncə indi yazılan uşaq əsərləri həm dil cəhətdən, həm də bədii xüsusiyyətləri baxımından fərqlidirlər.

- Günümüzün reallıqlarını nəzərə alaraq qeyd etmək istəyirəm ki, ölkəmizin böyük maarifçi nəslinə ehtiyacı var. Buna görə də müsahibəmizdə Abdulla Şaiqin maarifçilik fəaliyyətinə geniş yer ayırmaq istərdim. İlk öncə ədibin müəllifi və həmmüəllifi olduğu dərsliklər haqqında danışaq. Düşünürəm ki, Azərbaycan dilində yazılan bu dərsliklər həm gənc nəslin yetişməsində, həm də ana dilimizin inkişafında böyük rol oynayıb.

- Şaiq gənc yaşlarından yazıçılığa – şeirə, qəzələ çox böyük həvəs göstərib, rus dilindən tərcümələr edib. Hələ Xorasanda oxuyarkən qəzəllər yazıb. Hazırda Şaiqin iki qəzəl dəftəri muzeyimizin Əsas fondunda qorunur. Lakin onun həyatının əsasını müəllimlik fəaliyyəti təşkil edirdi. XX əsrin əvvəllərində ana dilində yazılan proqram və dərslik sahəsində dərin boşluqlar vardı. 1906, 1907-ci illərdə müəllimlərin Bakıda keçirilən birinci və ikinci qurultaylarında proqram komissiyası təsis edilir. Abdulla Şaiq proqram komissiyasının üzvlərindən biri kimi proqram və dərsliklərin hazırlanması ilə məşğul olur. 1907-ci ildə A.Şaiq M.Mahmudbəyzadə, S.Əbdürrəhmanzadə, S.Axundzadə ilə birlikdə “Uşaq çeşməyi”, 1908-ci ildə yenə də həmin müəlliflərlə birlikdə “İkinci il”, 1910-cu ildə “Uşaq gözlüyü”, 1910-cu ildə özünün fars dilində hazır etdiyi “Gülşəni-ədəbiyyat” və 1912-ci ildə Azərbaycan dilində “Gülzar” kimi dərslikləri nəşr etdirir. Daha sonra ədib “Uşaq gözlüyü” (1915), “Türk çələngi” (1919), “Milli qiraət kitabı” (1922), “Qiraət kitabı” (1924), “Türk dilinin qrameri” və başqa dərslikləri də hazırlayır. Milli təfəkkürlü gələcək nəsil yetişdirmək naminə Abdulla Şaiq dərsliklər üçün yeni-yeni əsərlər yazır, Şərq və Avropa müəlliflərindən tərcümələr edir, milli ədəbiyyat tarixini araşdırır, şifahi xalq ədəbiyyatı nümunələrini tədqiq və təhlil edir, Azərbaycan dilinin qrammatikasına, ədəbiyyat nəzəriyyəsinə dair dərsliklər tərtib edir. Hazırda filologiya üzrə fəlsəfə doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Arzu Hacıyeva Şaiqin “Türk çələngi” dərsliyini transfoneliterasiya edərək nəşrə hazırlayır. Abdulla Şaiqin şəxsi kitabxanasına məxsus olan həmin dərslik muzeyimizin fondunda qorunur. Fürsətdən istifadə edib demək istərdim ki, Şaiqin çox zəngin kitabxanası var idi. Ədib o kitabxanası haqqında da “Xatirələrim”də danışır. Onun kitabxanasına məxsus nadir kitablar fondumuzun ən qiymətli eksponatlarıdır.

- Məlumdur ki, “Mən yazıçılığımdan daha çox müəllimliyimlə fəxr edirəm” deyən Abdulla Şaiq bir neçə tədris ocağında pedaqoji fəaliyyətlə məşğul olub. 1918-ci ildə isə müstəqillik qazanmış Azərbaycanda Şaiq Nümunə Məktəbinin əsası qoyulub. Belə bir fikir də rastıma çıxıb ki, “milli təhsil elə bu nümunə məktəbindən başlayır”. Yaxşı olardı ki, məktəbin yaranması və fəaliyyətindən danışaq.

- 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti məktəblərin milliləşdirilməsi haqqında dekret verib. İlk dəfə olaraq ana dili bərabərhüquqlu dil elan edilib və azərbaycanlılar öz ana dilində oxumaq hüququna malik olublar. Həmin il Abdulla Şaiq dərs dediyi Bakı realnı məktəbində rəhbəri olduğu öz sinfini milliləşdirib, bütün fənləri rus dilində keçilən sinifdə dərslərin türk dilində tədris edilməsinə nail olub. Bu tədris o zaman çox böyük zəhmətin, vətəndaş mövqeyinin hesabına başa gəlib. Nəzərə almaq lazımdır ki, Şaiq Nümunə Məktəbi o dövrdə milliləşdirilmiş ilk Azərbaycan məktəbi idi. Şagirdlər və onların valideynləri ilə bir-bir, ayrılıqda görüşərək, danışaraq Şaiq onlardan övladlarının türk dilində oxumağa razılıqlarını alıb. O dövrdə bu arzunu həyata keçirmək son dərəcə çətin, ağır idi. Lakin Şaiq nüfuzu və ardıcıl, fasiləsiz əməyi sayəsində rəhbəri olduğu sinfi türkləşdirməyə, milliləşdirməyə nail olub, bununla Azərbaycanda ilk orta milli təhsilin əsasını qoyub. Bu təhsil mərkəzinin əsasında Şaiq Nümunə Məktəbi yaranıb. Maraqlıdır ki, məktəbi müəllimlər, tələbələr və valideynlər özləri Şaiq Nümunə Məktəbi adlandırıblar.

Bütün proqramı, məramı, missiyası ilə türkçülüyü təbliğ edən Şaiq Nümunə Məktəbi Azərbaycanda milli kadr yetişdirilməsi sahəsində müstəsna işlər görüb. Elm, mədəniyyət, ədəbiyyat sahəsində xüsusi yeri və xidmətləri olan onlarla ziyalı Şaiq məktəbinin yetirmələridir.

- Abdulla Şaiqin çox məşhur tələbələri olub: Ruhulla Axundov, Tağı Şahbazi Simurq, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Əfrasiyab və Şəmsi Bədəlbəylilər, Mehdi Hüseyn, Məmməd Arif, maestro Niyazi, Həmid Araslı, Süleyman Rüstəm, Mirzə İbrahimov, Yusif Məmmədəliyev, Mikayıl Rzaquluzadə, Mirvarid Dilbazi və başqaları. Tələbələrinə aid əşyalar, sənədlər ədibin mənzil-muzeyində də qorunur. Necə idi tələbələri ilə münasibətləri? Bir çoxları sonradan repressiyaların qurbanı olub. Təbii ki, bu hadisələr Şaiqə təsir etməyə bilməzdi...

- Şaiq tələbələrini ata məhəbbəti ilə sevirdi. Bu haqda onun tələbələrinin xatirələrindən, ədibin öz xatirələrindən dolğun məlumat ala bilirik. Kamal müəllim muzeyə gələn qonaqlara bununla bağlı bir xatirə danışardı: 1923-cü ildə Şaiq Nümunə Məktəbinin şagird və müəllimləri Abdulla Şaiqin ədəbi-pedaqoji fəaliyyətinin 20-ci ildönümünə həsr olunmuş xatirə gecəsi keçirib, təntənəli gecənin materiallarını ayrıca kitab halında nəşr etdiriblər. Şaiq gecəsində Nümunə Məktəbi haqqında xatirə söyləyən, onun milli mövqeyini qiymətləndirən tələbələrin demək olar ki, hamısı ədibin 1918-ci ildə milliləşdirdiyi sinfin şagirdləri idi, ətrafında toplaşan türkçü, azərbaycanlı müəllimlər idi. Bu şagird və müəllimlər Şaiqin özünün müəllimliyinin, təhsil-tədris sahəsindəki xidmətlərinin şahidi olublar, çar Rusiyasının məmurları ilə necə ardıcıl mübarizə aparmasını əyani şəkildə müşahidə ediblər. Bu məktəbin, onu yaradan müəllim-vətəndaşın da əsl qiymətini onlar veriblər. Həmin gün keçmiş tələbələri sevimli müəllimlərini – Şaiqi mənzilindən (Yuxarı Dağlıq küçəsindən) indiki İqtisad Universitetinin binasında yerləşən Şaiq Nümunə Məktəbinə çiyinlərində aparıblar.

Repressiya qurbanları olan tələbələri – Ruhulla Axundovun, Tağı Şahbazinin, Mikayıl Müşfiqin ölümləri ədibə çox ağır təsir edib. O, onların hər birinin vaxtsız dünyadan köçmələri ilə bağlı hisslərini tələbələrinə həsr edilmiş əsərlərində ifadə edib: “Solmaz və sönməz” – Cəfər Cabbarlıya, “Gəlsin” – Ruhulla Axundova, “Şəklində” – Tağı Şahbaziyə və s.

- Məlumdur ki, görkəmli ədibin həyat və yaradıcılığına dair materiallar Abdulla Şaiqin Mənzil-Muzeyində qorunub saxlanılır. Direktoru olduğunuz muzeyin fəaliyyətindən söhbət etsək yaxşı olar. Bilirəm ki, muzeydə həm elmi tədqiqatlar aparılır, həm kütləvi tədbirlər keçirilir, həmçinin uşaqlar üçün ayrıca ekskursiya və tamaşalar təşkil olunur.

- Bizim muzey 1905-ci ildə inşa edilmiş binada yerləşir. Abdulla Şaiq anası və qardaşı ilə bu binadakı mənzilə 1916-cı ildə köçüb, bu mənzildə ailə qurub, dörd  övladı dünyaya gəlib – Altunsaç, Kamal, Gülbəniz və İldırım. Əfsuslar olsun ki, Altunsaç körpə ikən xəstələnərək vəfat edib. Ədib 1957-ci ilə qədər bu mənzildə yaşayıb, demək olar ki, bütün əsərlərini də bu mənzilin divarları arasında yazıb.

Abdulla Şaiqin Mənzil-Muzeyinin əsasını Şaiq irsinin davamçısı, tədqiqatçısı, təbliğatçısı, külliyyatlarının tərtibçisi, naşiri, Azərbaycanın görkəmli şəxsiyyətlərindən biri, məşhur ədəbiyyatşünas, ədibin oğlu akademik Kamal Talıbzadə qoyub. Muzey 1991-ci ildə A.Şaiqin 110 illik yubileyi ərəfəsində yaradılıb. Kamal Talıbzadə doğulub boya-başa çatdığı mənzili “müqəddəs ocaq” adlandırırdı. Millətini, tarixini, sənətini, nəslini dərin məhəbbətlə sevən, onun hər bir nailiyyətini yüksək dəyərləndirən, xalqının milli mənəvi sərvətlərini gərgin elmi və icimai fəaliyyətilə yaşadan bu insan ata ocağında muzey yaradıb. Bir çox çətinliklərlə üzləşən Kamal müəllimin bacarığı, səyi və zəhməti nəticəsində zəngin kolleksiyaya malik olan bir mədəniyyət ocağı ərsəyə gəlib. Bu kolleksiyanın əsasını A.Şaiqə və onun ailəsinə məxsus xatirə əşyaları, kitablar, orijinal fotolar, əlyazmalar, sənədlər, incəsənət əsərləri və digər maraqlı eksponatlar təşkil edir.

Hazırda muzeyimizin Əsas fondunda 9000-ə yaxın muzey əşyası var. 4 otaqdan ibarət ekspozisiyamız hər zaman seyricilərin üzünə açıqdır. Bələdçi mətnlərimiz müxtəlif yaş qrupları üçün nəzərdə tutulub. Muzeydə fond, ekspozisiya işi ilə paralel daim elmi tədqiqatlar aparılır, fond materialları əsasında kitablar, toplular nəşr edilir. Kamal müəllim muzey yaranan gündən burada elmi yaradıcılığa böyük önəm verib və bu muzeyin elmi ocaq olduğunu dəfələrlə vurğulayıb. Əməkdaşlarımız Kamal Talıbzadənin rəhbərliyi altında muzeyin fondlarında qorunan kitab və əlyazmalar əsasında müxtəlif kitablar nəşr etdiriblər. Biz indi də iş prosesində Kamal müəllimin tövsiyyələrinə riayət edir, onun ənənələrini davam etdiririk.

Muzeyin fəaliyyət dairəsı genişdir. Burada müxtəlif yönlü tədbirlər keçirilir, səyyar sərgilər təşkil edilir, mühazirələr oxunur. Bütün bunlar vaxtaşırı televiziya, radio və mətbuatda işıqlandırılır. Muzeydə dəfələrlə A.Şaiqə, K.Talıbzadəyə, Azərbaycanın digər görkəmlı şəxsiyyətlərinə həsr edilmiş veriliş və filmlərin çəkılışı aparılıb. Hər il Beynəlxalq Muzeylər Günündə Abdulla Şaiqin “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa”, “Şələquyruq” nağıllarının kukla tamaşalarını balaca qonaqlarımıza göstəririk. Tamaşalar muzeyin əməkdaşları tərəfindən hazırlanır və təqdim edilir.

2021-ci il bizim üçün ikiqat yubiley ilidir: həm Abdulla Şaiqin 140-illiyi, həm də Abdulla Şaiqin Mənzil-Muzeyinin 30 illiyidir. Ümid edirəm muzeyimiz üçün hazırladığınız Uşaq Muzey-Mərkəzi layihəsi bu il öz praktiki həllini tapar. Müəllifi olduğunuz bu layihənin əhəmiyyətini bir daha vurğulamaq istəyirəm, çünki yeni yaradılacaq mərkəzin başlıca məqsədi gələcək nəsillərə kitaba, ədəbiyyata sevgi aşılamaq, balaca seyricilərimizə yeni biliklər, bacarıqlar ötürmək, mədəni ailəvi istirahətin təşkilindən ibarət olacaq. Əyləncəvi və eyni zamanda maarifçilik funksiyasını özündə ehtiva edən bu mərkəz həm bilikli, bacarıqlı insan kapitalının yetişdirilməsində, həm də qeyri-neft sektorunun mühüm qolu olan turizm sahəsinin inkişafında böyük rol oynaya bilər.

- Çox sağ olun, Ülkər xanım. Abdulla Şaiqin Mənzil-Muzeyinin 30 illiyi münasibətilə bütün kollektivinizi təbrik edir, yeni-yeni nailiyyətlər arzulayıram. Mümkünsə biraz ailəniz, ailə üzvlərinizin elmi və ictimai fəaliyyətindən danışardıq.

- Kamal Talıbzadə muzeyin əsasını qoyaraq ömrünün sonunadək (2006) muzeyin direktoru olub. Eyni zamanda o, bütün ömrünü AMEA-nın Ədəbiyyat İnstitutunda rəhbər vəzifələrdə çalışıb, gərgin elmi və elmi-təşkilati iş aparıb. Öz fəaliyyətilə Azərbaycan ədəbiyyatşünaslıq elminə əvəzsiz töhfələr verib, Azərbaycanda ədəbi tənqid məktəbinin yaradıcılarından olub. Vəfatından sonra muzeydə Kamal müəllimə həsr edilmiş guşə yaradılıb.

Şaiqin sevimli gəlini, Kamal müəllimin ömür-gün yoldaşı Rəfiqə xanım müəllimə idi. O, Azərbaycan ədəbiyyatını, Azərbaycan dilinin sirrlərini şagird və tələbələrinə sevə-sevə öyrədirdi. Rəfiqə xanım Kamal müəllimin vəfatından sonra muzeyin direktoru kimi fəaliyyətə başlayıb. Bu müddətdə muzeyin bir sıra mühüm layihələri həyata keçirilib.

Qardaşım Şaiq fars filologiyası fakültəsini bitirib. Muzeyimizin böyük elmi işçisi olub, bir çox ərəb əlifbası ilə yazılmış əlyazmaları məhz o transfoneliterasiya edib. Əfsuslar olsun ki, uzun sürən xəstəlikdən sonra vaxtsız vəfat edib.

Mən ixtisasca musiqişünasam. Muzeyə məni atam, Kamal Talıbzadə gətirib. Əvvəl baş mühafiz, anamın vəfatından sonra isə direktor kimi fəaliyyət göstərirəm.

- Siz həmçinin AMEA İncəsənət və Memarlıq İnstitutunun Azərbaycan musiqisinin tarixi və nəzəriyyəsi şöbəsinin əməkdaşısınız. Öz elmi tədqiqatlarınız haqqında məlumat verərdiniz.

- Öz işimdən danışanda mən hər zaman atamı xatırlayıram və xatırlatmaq istəyirəm. Dəfələrlə bu haqda danışmışam, bundan sonra da təkrar da olsa danışacağam. Məni həm Akademiyaya, həm də muzeyə atam gətirib. Hər iki işimdə atam mənə dəstək olub, yol göstərib, tövsiyələrini verib, mənə örnək olub.

Mən 40 ildən artıqdır ki, Azərbaycan musiqisinin tarixi və nəzəriyyəsi şöbəsində, akademik Zemfira Səfərovanın rəhbərliyi altında çalışıram. İşlədiyim illər ərzində şöbənin bütün layihələrində yaxından iştirak etmişəm. Şöbənin hazırladığı “Azərbaycanın musiqi tarixi” beşcildliyinin “Azərbaycan xalq yaradıcılığı”, “Müslüm Maqomayevin həyat və yaradıcılığı”, “Hacı Xanməmmədovun həyat və yaradıcılığı”, “Azərbaycan bəstəkarlarının kantata-oratoriya və kamera-vokal yaradıcılığı” və digər bölümlərini işləmişəm, beşçildliyin materiallarının redaktəsində, nəşrə hazırlanmasında iştirak etmişəm. “Azərbaycan vokal sənətində musiqi ilə poeziyanın qarşılıqlı əlaqəsi” mövzusunda sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişəm. Hazırda görkəmli musiqişünas Zemfira xanım Səfərovanın elmi yaradıcılığına həsr edilmiş kitab üzərində işləyirəm.

- Maraqlı müsahibəyə görə sizə təşəkkür edirəm, Ülkər xanım. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Müsahibəni hazırladı: Nəzmin Cəfərova, sənətşünaslıq üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.