Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Dilimizin saflığının qorunması hər bir vətəndaşın borcudur
22.02.2021 09:40
  • A-
  • A
  • A+

Dilimizin saflığının qorunması hər bir vətəndaşın borcudur

AMEA-nın Naxçıvan Bölməsində Beynəlxalq Ana Dili Gününə həsr olunan “Dilimizin saflığının qorunması hər bir vətəndaşın borcudur” mövzusunda konfrans keçirilib.

Konfransı bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq dilin cəmiyyətin həyatında əhəmiyyəti və ana dilimizə göstərilən dövlət qayğısından danışıb. “Hər bir milləti yaşadan onun dilidir, dil insanın milli şüurunu formalaşdırır”, - deyən akademik dilimizin lüğət tərkibinin ilbəil genişlənməsi, söz yaradıcılığı sahəsindəki bəzi dəyişikliklər və digər mövzulara toxunub.

Daha sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Vətən müharibəsi dövründə ölkə Prezidenti İlham Əliyevin müsahibə və müraciətlərində ana dili məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Əvvəlcə 21 fevral tarixinin Beynəlxalq Ana Dili Günü kimi qəbul edilməsinin tarixi əsaslarından bəhs edən məruzəçi bildirib ki, bu əlamətdar günün təsis olunması dilin qorunması, yaşadılması istiqamətində atılmış uğurlu addımdır.

“Azərbaycan xalqının erməni işğalçılarına qarşı qırx gündən artıq davam edən müzəffər hərbi, ictimai, siyasi mübarizəsində Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri, dünyanın müxtəlif nüfuzlu kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr son dərəcə mühüm rol oynadı”, - deyən Əbülfəz Quliyev diqqətə çatdırıb ki, sözügedən müsahibə və müraciətlər milli birliyimizi mənəvi qüvvəyə çevirməklə öz tarixi missiyasını uğurla yerinə yetirdi.

Vurğulanıb ki, ölkə başçısının Vətən müharibəsi dövründə etdiyi müraciət və çıxışlar dəqiqliyi, məntiqi ardıcıl­lığı ilə bərabər, xalq danışıq dilinə yaxınlığı, təravətli leksikonu, qəlbə nüfuz edən frazeologizmləri, qüdrətli in­tonasiyası ilə Azərbaycan xalqını dəmir yumruq ətrafında birləşdirdi. Mürəkkəb hadisələrin, gərgin proseslərin mahiyyətini böyük analitik istedadla şərh edən, Azərbaycan xalqının iradəsinin parlaq ifadəsi olan çıxışlar, heç şübhəsiz, dilimizin ən mötəbər mənbələrindən biri kimi tarixə yazıldı: “Dövlət başçısının çıxışlarında işlətdiyi “Mən” bir şəxsin yox, bir millətin “Mən”i idi. Və bu “Mən” heç bir maneəsiz “Biz”ə çevrildi. “Qarabağ bizimdir! Qara­bağ Azərbaycandır!”

Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Yadigar “Ən böyük milli dəyərimiz – ana dilimiz” adlı məruzəsində orta əsrlər dövründən bu günədək dilimizin keçdiyi tarixi inkişaf yolu, onun səlisliyi və təmizliyi məsələləri ilə bağlı fikirlərini bölüşüb. Daha sonra İ.Həsənoğlu və onun ardıcıllarının timsalında Azərbaycan dilinin canlanması, zənginləşməsi və işləkləşməsi məsələlərinə diqqət çəkən məruzəçi ana dilimiz haqqında əsərlər yaradan söz ustadlarından bəhs edərək, onların yaradıcılığından bədii nümunələr səsləndirib.

Konfransda bölmənin İncəsənət Dil və Ədəbiyyat İnstitutunun əməkdaşları, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyevanın “Dilimiz tarixi yaddaşımızdır” və filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Dövlətçilik və dil məsələləri” mövzusunda məruzələri dinlənilib.

Tədqiqatçı Nuray Əliyeva məruzəsində başqa dillərdən alınan sözlər hesabına dilin zənginləşdirilməsi problemindən bəhs edərək, son dövrlər dilimizdə ümumişləklik qazanmış sözlərdən, onun saflığının qorunması məsələlərindən danışıb.

Doğma dilimizə layiq olduğu dəyərin hələ XVI əsrdə Şah İsmayıl Xətai tərəfindən verildiyini diqqətə çatdıran məruzəçi Zülfiyyə İsmayıl isə bildirib ki, heç bir dil dövlət qayğısı olmadan inkişaf edə bilməz. Dil bütün dəyərləri qoruyub saxlayan, nəsildən-nəslə ötürən, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən ən dəyərli sərvətimizdir!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: