Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Dilçilik İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib
20.02.2021 12:30
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan onlayn tədbir keçirilib.

Tədbiri institutun direktoru, akademik Möhsün Nağısoylu açaraq dünyada qeyd olunan Beynəlxalq Ana Dili Gününün yaranma tarixindən danışıb. Qeyd olunub ki, 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə qarşı keçirilən aksiyada 4 nəfər şəhid olub və onların xatirəsinə ehtiram əlaməti kimi 1999-cu ilin noyabrında YUNESKO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib: “Azərbaycan dili hazırkı qloballaşma dövründə bütün elm sahələri üzrə hər hansı anlayışı incəliyinə qədər ifadə etməyə qadir olan zəngin dünya dillərindən biridir. 1970-ci ildə Bakıda Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi keçirildi və ulu öndər Heydər Əliyev həmin yubiley tədbirində mövcud ideoloji qaydaları və özündən əvvəlki çoxillik “ənənələri” sındıraraq rus dilində deyil, doğma ana dilində çıxış etdi. Həmin tədbirlər sırasında böyük rəhbərin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddənin daxil edilməsini xüsusi olaraq qeyd etmək lazımdır”.

Akademik bildirib ki, ümummilli lider Heydər Əliyevin böyük önəm verdiyi dil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu sahədəki ilk sərəncamlarından biri Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi ilə bağlıdır.

Sonra Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev bildirib ki, Azərbaycan dilinin saflığının qorunub saxlanılmasında dilçilik məsələləri ilə bilavasitə məşğul olan Nəsimi adına Dilçilik İnstitutunun üzərinə çox böyük məsuliyyət düşür. Bu milli məsuliyyəti dərindən dərk edən qurumun kollektivi ana dilimizin hər bir ifadəsinin düzgünlüyünün keşiyində durur. Onun təbliği, qorunması, inkişaf etdirilməsi, yad sözlərdən təmizlənməsi üçün ciddi səylər göstərir.

İclasda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova, Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Sənubər Abdullayeva, Azərbaycan Texniki Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyev ölkəmizdə dil quruculuğu sahəsində görülən işlərdən danışıblar. Onlar Azərbaycan dilinin dünyanın ən inkişaf etmiş və zəngin dillərindən biri olduğunu, dilimizi yad ünsürlərdən qorumağın, həmçinin dilin tədrisi məsələsinə ciddi yanaşmağın zəruriliyini qeyd ediblər.

YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının ikinci katibi Aysel İbrahimli isə çıxışında ölkəmizdə belə tədbirlərin keçirilməsinin təqdirəlayiq hal olduğunu vurğulayıb.

Sonra filologiya üzrə elmlər doktoru Mayıl Əsgərov “Azərbaycan dilini dünyada tanıdaq” mövzusunda məruzə edib.

Tədbirdə çıxış edən professorlar Sayalı Sadıqova, Qara Məşədiyev və Sevinc Əliyeva dilimizi yaşadan söz ustalarından, alimlərdən, yazıçılardan sitatlar gətirərək, dilin qoruyucusunun xalq olduğunu diqqətə çatdırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: