www.science.az
21.01.2015 00:00

AMEA-da elmlə təhsilin inteqrasiyası gücləndirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son illər elm və təhsil sahəsinə göstərdiyi diqqət və qayğı, xalqımız üçün son dərəcə əhəmiyyətli olan hər iki sahə ilə bağlı qəbul etdiyi qərarlar ölkəmizdə elmin, təhsilin inkişafı və onların müasir səviyyədə inteqrasiyası üçün böyük imkanlar yaratmışdır. Bu imkanlardan səmərəli istifadə etməklə AMEA-da elmlə təhsilin vəhdətinin təmin edilməsi, kadr hazırlığı sisteminin müasir standartlara uyğun olaraq təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi, multidissiplinar biliklərin tədris olunması, eləcə də AMEA-da magistratura təhsilinin təşkili hazırda AMEA-nın qarşısında duran əsas vəzifələrdir.

AMEA-da elmlə təhsilin səmərəli inteqrasiyasını təmin etmək, ölkəmizin yüksəkixtisaslı mütəxəssislərə və elmi kadrlara artan tələbatını ödəmək, respublika üçün son dərəcə əhəmiyyətli olan tətbiqi ixtisaslar üzrə elmi biliklərə yiyələnmiş kadrlar hazırlamaq müasir Azərbaycan elminin tələblərindəndir.

Bu tələblərin yerinə yetirilməsi məqsədilə AMEA Rəyasət Heyətinin iclasında AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Elmi-təşkilat idarəsi AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsi adlandırılması qərara alınmışdır. AMEA Rəyasət Heyəti Aparatı Elm və təhsil idarəsinin Elmi tədqiqatların təşkili şöbəsinin rəis müavini, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov Rəyasət Heyəti aparatı Elm və təhsil idarəsinin Təhsil şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqova AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin əsasnaməsini hazırlayaraq Rəyasət Heyətinin müzakirəsinə təqdim etməsi tapşırılmışdır.

Qərarın icrasına nəzarət AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevə həvalə edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.