www.science.az
19.12.2014 00:00

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Fəlsəfə və Hüquq İnstitutunda da yad edildi

AMEA Fəlsəfə və Hüquq İnstitutunda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 1988-1990-cı illərin tarixi hadisələrini, xüsusilə Qanlı yanvar faciəsini özündə əks etdirən film nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə 20 Yanvar faciəsi və onun siyasi mahiyyətindən danışıb.

Dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses şöbəsinin müdiri, professor Habil Qurbanov “20 Yanvar faciəsinə hüquqi baxış” adlı məruzə ilə çıxış edib. Alim faciəyə tam beynəlxalq hüquqi və siyasi qiymət verilmədiyini, həmin dövrə aid, çox sayda istintaq materiallarının yoxa çıxdığını bildirib.

Siyasi nəzəriyyələr şöbəsinin aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Məmmədağa Sərdarov ağır texnikadan və odlu silahlardan istifadə edərək insanlığa qarşı törədilmiş terror aktının Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğunu söyləyib.

Tədbirin davamında Sosiologiya və sosial psixologiya şöbəsinin böyük elmi işçisi, sosiologiya üzrə fəlsəfə doktoru Səadət Məmmədova Sumqayıt hadisələrindən, şəhərdə törədilən təxribatların səbəb və nəticələrindən söz açıb. Qanlı yanvar faciəsinin qabaqcadan düşünülmüş və planlaşdırılmış şəkildə həyata keçirildiyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.