Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20 Yanvar faciəsinin 25-ci ildönümü Şəki Regional Elmi Mərkəzində də qeyd edilib
19.01.2015 00:00
  • A-
  • A
  • A+

20 Yanvar faciəsinin 25-ci ildönümü Şəki Regional Elmi Mərkəzində də qeyd edilib

AMEA Şəki Regional Elmi Mərkəzində tariximizə qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.

Mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü 1990-cı ilin yanvarında sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərdən söz açaraq bildirib ki, həmin gün soydaşlarımızın yaddaşına qəhrəmanlıq və şərəf tarixi kimi həkk olunmuşdur.

Y.Şükürlü qeyd edib ki, Qanlı 20 Yanvar gecəsində silahlı sovet ordusu xalqımızın azadlıq mübarizəsini qıra bilməmiş, həmin gecənin sayəsində xalqımız azadlığına qovuşmuşdur. Natiq həmin ərəfədə ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək hadisəyə qarşı kəskin etirazını bildirdiyini də xatırladaraq, əlavə edib ki, 20 Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət də məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə verilmişdir.

Tədbirdə pedaqogika elmləri doktoru Firədun İbrahimov 1990-cı il 20 Yanvar gününün xalqımızın azadlığı uğrunda çarpışanların tarixi olduğunu söyləyib. Bildirib ki, faciədən 25 il keçməsinə baxmayaraq, şəhid olanlar yaddaşlarda silinməz iz buraxıblar. Onların mübarizliyi bugünkü gəncliyimiz üçün örnəkdir. O illərin qaranlıq səhifələri zaman keçdikcə aydınlaşır. Yüz illərdir ki, erməni hiyləgərliyi, xəyanəti xalqımız üçün böyük bəlaya çevrilib. Elm adamları, ziyalılar daim xalqın önündə olmalı, erməni vandalizmini dünya ictimaiyyətinə çatdırmalıdırlar. 20 Yanvar faciəsi son dövrlərin ən qanlı hadisələrindən biridir. Lakin bu gün həm də xalqımızın qan yaddaşında şərəfli mübarizə günüdür.

Tədbirdə çıxış edən mərkəzin elmi işlər üzrə direktor müavini, geologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov, Geokimya laboratoriyasının rəhbəri Hüseyn Mustafabəyli, Sellərin öyrənilməsi laboratoriyasının rəhbəri Yusif Rəhimov, tarixçi Həbibulla Manaflı və başqaları Qanlı 20 Yanvar hadisələrindən söhbət açaraq, bu siyasətin keçmiş sovet imperiyası tərəfindən düşünülmüş şəkildə həyata keçirildiyini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: