www.science.az
19.01.2015 00:00

AMEA Mərkəzi Elmi Kitabxanasında “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirici tədbir keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Nəzəri və praktiki olmaqla iki hissədən ibarət tədbirdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi, Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Sularda Xilasetmə Xidməti, FHN Tibb Xidməti, Mülki Müdafiə Qoşunları və Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər.

Məqsəd MEK-in əməkdaşlarına sülh və müharibə dövrlərində fövqəladə hallar zamanı hərəkət qaydalarını aşılamaq, baş verəcək hadisələrin nəticələrinin aradan qaldırılması ilə bağlı onları təlimatlandırmaqdır. 

MEK-in direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova tədbirin maarifləndirmə baxımından əhəmiyyətindən söz açıb. Veriləcək məlumatların kitabxana əməkdaşlarının fövqəladə hallar zamanı davranışlarına, eləcə də bu cür hadisələrin nəticələrinin aradan qaldırılması istiqamətində bilik və bacarıqlarının təkmilləşməsinə müsbət təsir göstərəcəyini deyib. 

FHN Bakı Regional Mərkəzinin operativ reaksiyavermə və əməliyyat planlaşdırma idarəsinin rəisi, polkovnik-leytenant Vaqif Teymurov bildirib ki, mərkəzin fəaliyyətində maarifləndirmə tədbirləri mühüm əhəmiyyət kəsb edir. Bu cür tədbirlərin əhalinin geniş dairələrini əhatə etməsi üçün mərkəz daim öz fəaliyyətini təkmilləşdirir. Vaqif Teymurov qeyd edib ki, tədbirlər Bakı şəhərinin bütün rayonlarının icra hakimiyyətləri, bələdiyyələri, orta və ali təhsil müəsisələri ilə birgə keçirilir. 

Sonra Bakı Regional Mərkəzinin əməkdaşları müxtəlif mövzularda çıxış edərək tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, fərdi mühafizə vasitələrindən istifadə qaydaları, məişətdə qaz cihazlarından istifadə edərkən təhlükəsizliyin təmin edilməsi, sel və daşqınlar, yol qəzaları və partlayışlarla bağlı ətraflı məlumat verib.

Tədbirin praktik hissəsində MEK-in həyətində Bakı Regional Mərkəzinin Xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıqları, FHN Dövlət Sularda Xilasetmə Xidmətinin xilasetmə və üzmə vasitələri, Mülki Müdafiə qoşunlarının fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, onların təyinatı və iş prinsipləri göstərilib. Həmçinin, Xüsusi Riskli Xilasetmənin xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıqlar, xüsusi kinologiya avtomobili, FHN Tibb Xidmətinin əməkdaşları tərəfindən yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.